Qırmızı yol/ Red Road

Cekki CCTV (izləmə kameraları) operatoru vəzifəsində çalışır. O, hər gün dünyanın bir hissəsi olan kiçik ərazini öz nəzərləri ilə yoxlayır və vətəndaşların təhlükəsizliklərinə zəmanət olmağa çalışır. Günlərin bir günü isə ekranda elə bir insanı görür ki, bir daha heç vaxt görmək istəməzdi, ümid edirdi ki, bir daha görməyəcək. Onu görəndən sonra isə heç bir seçimi qalmır, onunla üzləşməyə, keçmişi ilə isə hesablaşmağa məcbur olur...

Əgər Andrea Arnold bir kommersiya markası, hər hansısa brend və ya əmtəə nişanı olsa idi, onda onun sahib olacağı şüar (sloqan) belə olardı: Sadəcə izləmə, həm də hiss et. Film izləmək hər nə qədər bizim gözlərimiz vasitəsi ilə gerçəkləşən proses olsa da, heç də bütün rejissorlar təkcə gözlərə deyil, həm də qəlbə xitab edə bilir. Andrea Arnoldun "Akvarium""Amerikalı şirin qız" filmlərini izləyəndən sonra, bir növ, başa düşdüm ki, Andrea Arnold rejissorluq adlanan prosesdə əməlli-başlı deviant hadisədir. Bunun nə demək olduğunu bircə uzun cümlə ilə izah edəsi olsa idim, belə yazardım: Andrea izləyiciləri üçün fərqli iş təklif etmək məqsədi ilə, dialektika məqsədi ilə birinci özünü fərqli təfəkkür dalğalarına kökləyir və beləliklə də standardlardan kənara çıxaraq, tamamilə diametral fərqli vizual iş ortaya qoyur. 

Ondan izlədiyim üçüncü film "Qırmızı yol" məndə heç də birmənalı təəssüratlar oyatmasa da, zamanla onu daha yaxşı anlamağa başlayıb, daha dərindən dərk etdim. Film, sanki tədricən açılan gözəl bir çiçək kimi izləyicinin qəlbində özünə yer edir. "Niyə görə bu filmi bəyənməliyəm?" sualının cavabı ilk baxışda heç də suyun üzərində olmur. Əksinə bulanıq və çirkli hovuz təəssüratı bağışlayan gölməçənin dibindən işaran işıq kimi gözlərimizi qamaşdırır. Bu işi başa düşmək üçün bir neçə addım geri çəkilməsi, sakitləşməli və tamam başqa birisi olmalısan. Bu çox çətin işdir. Özü olmağı bacarmayan insanlar, başqa birisi necə ola bilərlər? Ona görə də ağır əqli tapşırıqların öhdəsindən gəlməli oluruq. 

Böyük Britaniya dünyada ən çox CCTV-lərə, ictimai izləmə kameralarına malik ölkə kimi tanırır. Deyilənə görə orta statistik bir britaniyalı gündə 300 dəfə müxtəlif kameraların yaddaşına həkk olunur. Bu da öz növbəsində şəxsilik, məxfilik və insan haqları kimi məsələləri aktuallaşdırır. Başa düşdüyüm qədəri ilə də, rejissor ölkənin ən mühüm məsələsinə, izlənməyə diqqəti cəlb etmək istəyir. Bunu edərkən məsələyə iki tərəfdən, həm kamera arxasında oturub insanları izləyən, onların nə isə qanundan kənar iş icra etdiklərində lazımi məlumatı zəruri instansiyalara ötürən bir qadının prespektivindən yanaşır, digər tərəfdən də keçmişindən və problemlərindən uzaqlaşmış şəxsin gözündən baxır. Təbii ki, problematika öz-özlüyündə sadəcə bu konseptə əsaslansa idi, daxrıxdırıcı olardı. Ona görə də Andrea Arnold hər iki tərəfi bir-biri ilə üzləşdirir, ortaya dram qatır və emosiyalar vasitəsi ilə müəyyən kuliminasiya nöqtəsinə nail olmağa cəhd edir. Filmin protaqonistinin - Cekkinin, ustalıqla dizayn edilməsi, ona cəmiyyətin bütün mənəvi yükünün yüklənməsi izləyicilərə empatiya qurmaq üçün bütün imkanları təqdim edir. 
Cekki

Cekkinin günlərin bir günü ekranda nə gördüyü, nələri xatırladığını, nələr hiss etdiyini və insan kimi onun qəlbində qabıq bağlayan yaralar haqqında məlumat versəm, spoylərdən qaça bilməyəcəm. Ona görə də ətraflı heç nə yazmayacam. Ümumiyyətlə, Andrea Arnoldun filmləri haqqında ətraflı nə isə yazmaq çox çətindir. Film konseptinin kollektiv təbiətinə baxmayaraq, hekayət fərdin müəyyən zamanda, müəyyən məkanda məruz qaldığı şok effektinin onun qərarlarına olan təsirini və gələcək aqibətini gözəl əks etdirir. Çəkinmədən deyə bilərik ki, film keçmişi ilə hesablaşmaq və həyatda güclü olmaq haqqındadır. Hər nə qədər klişe mövzu kimi səslənsə də, bunun əksini sübut edən əsas məsələ rejissorun dəst-xəttidir. 

Andrea Arnoldun filmlərinə özünəməxsusluq qatan ən əsas cəhət ondan ibarətdir ki, rejissor daima iki şeyi birləşdirir: lakonik süjet və gündəlik həyatda fikir vermədiyimiz sehrli anlar. Təbii ki, lakonik və ya iti süjet deyəndə bunun nə məna kəsb etdiyini anlamaq olur, bu o qədər də çətin bir şey deyil, lakin gündəlik həyatımızın sehrli anlarının abstraktizmdən can qurtarması mümkün olmur. Bunun da səbəbi elə abstraktlılığın özündədir. Amma bir qədər də izah edəsi olsam onu əlavə edərdim ki, olduqca meşşan, adi, qaranlıq obrazların həyatı işıqlandırılır, elə tünd məkan parçaları təsvir olunur ki, izləyiciyə zülmətdəki işartını göstərmək üçün rejissor mütəmmadi olaraq məişətin eqzotik intim səhnələrini kameranın yaddaşına həkk edir. Andrea Arnoldun möhtəşəm istiqamət vermək bacarığı, onun qəribə duyumu bizə "Qırmızı yol" kimi kaleydoskop effekti yaradacaq işlərin şahidi olmağa şərait yaradır. Nə demək olar, gərək onun filmləri haqıqnda oxumayasan, birbaşa onları izləyəsən, hiss etməyə isə rejissorun öz incəsənəti kömək edəcək. 

P.S. "Qırmızı yol" BAFTA mükafatı və digər 20-yə yaxın mükafatın sahibidir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi