Tərcümədə itmiş/ Lost in Translation
Orta yaşlı məşhur amerikalı aktyor Bob Harris, tamamilə yapon bazarı üçün nəzərdə tutulan "Santori" viskisinin reklam çəkilişləri üçün Yaponiyanın paytaxtına, Tokyoya səyahət edir. Baxmayaraq ki, Bob bir aktyor kimi öz parlaq karyerasını artıq çoxdan geridə qoyub, özünə qazandığı ad və imic ona hələ də belə 2 milyon dollarlıq "iş"ləri təmin edir. Şəxsi həyatı isə kifayət qədər məyusedicidir. Arvadı Lidia onu hər işində müşayiət etsə də, Boba görə mənasız şeylərə təhrik etsə də, Yaponiya səfəri ərəfəsində evdə qalaraq uşaqların qayğısına qalır. Eyni oteldə qaldığı digər amerikalı, fəlsəfə məzunu, təxmini iyirmi yaşında olan Şarlottanın da Bobla oxşar cəhətləri yaman çoxdur. Con, Şarlottanın ixtisasca fotoqraf əri öz işləri ilə məşğul olmağa başlayan kimi, Tokyo Şarlotta üçün mədəni həbsxanaya çevrilir. Tokyonun mədəni beriyerlərinin öhdəsindən gələ bəlməyən Bob və Şarlotta, səmimi dostluqdan ən ülvi hislərə qədər yaxınlaşa bilirlər...
"Tərcümədə itmiş" melanxoliya haqqında komediya, kuliminasiya nöqtəsi və ya sonluğu olmayan romantika, səyahət etməyən səyyah haqqındadır. Tokyo otellərinin birinin dəhlizində Bobun baxışlarındakı boşluq, onun puç olmuş ümidlərini əla ifadə edir. Onun çiyinlərinin üzərində olan gözəgörünməz yükü görmək üçün gərək izləyici də müəyyən mənada təcrübəli olsun. Təcrübəsiz göz və ya mövzuya çox yad birisi, incəliklə və ustalıqla gizlədilmiş "meyvə"ləri görə bilməz. Şarlottanın isə cavanlığı onu Bob kimi təcrübəli birisinin qarşısında ələ verir. Aralarında baş verən kiçik dialoqlar indiyə qədər səmimi və rahat ünsiyyətlərinin ən uzun forması idi. Bir-birilərində gördükləri yeni ümid qığılcımları onları yaxşı dosta çevirsə də, təmiz səmimilik və hörmətin sevgiyə çevrilməsi üçün sadəcə vaxt lazım gəlir. Sanki bədənlərinə həbs edilmiş ruhlarını məhbəsdən azad etmək üçün lazım olan açarları arxa ciblərində gizlədiblər, amma bir-birilərinə vermək üçün utanırlar.
Hər dəfə rejissor bu iki obrazı görüşdürəndən sonra Tokyonu fərqli prespektivdən görməyə başlayırıq. Yuxusuzluq, ümidsizlik və yalqızlıq hissinin necə də küncə sıxışdırıldığını və yad ölkədə doğmalıq və ülvilik hislərinin baş qaldırışını müşahidə etmək maraqlı oldu. Başqa sözlə, bu iki obrazın dramasına fon kimi tətbiq edilən Yaponiya, filmə özünəməxsusluq qatan elementdir. İki ameriaklı üçün fərqli cəmiyyətdə və mədəni kontrastda baş verən dəyişikliklər unudulmaz oldu. Onlar, sanki fərqli bir ölkəyə səfər edərək nələrisə evlərində unudublar və itirdiklərini axtarmaq üçün qürbət ölkənin küçələrində, restoranlarında və insanlarında onu axtarırlar, amma təbii ki, onu orada tapa bilməyəndən sonra bir-birilərində axtarıb tapırlar. Bir növ Yaponiyanın fərqli bir məkan kimi funksiyası onlara kim olduqlarını və niyə görə görə belə olduqlarını başa salır.
"Tərcümədə itmiş" maraqlı filmdir, lakin onu səbrlə və empatiya izləmək əsas şərtdir. Düşünürəm ki, əgər sakit və səmimi filmlərə maraq göstərirsinizsə, onda izləyin, yox əgər mövzu sizə çox uzaqdırsa, əmin olun ki, filmi anlamayacaq və nəticədə də bəyənməyəcəksiniz.
"Tərcümədə itmiş" maraqlı filmdir, lakin onu səbrlə və empatiya izləmək əsas şərtdir. Düşünürəm ki, əgər sakit və səmimi filmlərə maraq göstərirsinizsə, onda izləyin, yox əgər mövzu sizə çox uzaqdırsa, əmin olun ki, filmi anlamayacaq və nəticədə də bəyənməyəcəksiniz.
Yararlandığım resurslar:
1. content.time.com - A Victory for Lonely Hearts
Comments
Post a Comment