Ceyms Coys - Dublinlilər

ENG: James Joyce - Dubliners

İrlandiya həyatının qeyri-romantik həyat tərzini əks etdirən bu 15 bədii əsər müxtəlif Dublinlinin həyatına olan ötəri nəzərlərdir. Onlar birlikdə müəyyən bir yeniliyin və icmanın ana xətlərini cızırlar. Ceyms Coys öz innovativ və təcrübi yazı üslubu ilə seçilən böyük yazıçılardan olub. Odur ki, onun əsərlərin maraq doğurmaya bilməz, amma təəssüf ki, "Dublinlilər" mənim üçün heç də müstəsna əhəmiyyətə malik mütaliə təcrübəsi olmadı. Əksinə, bir xeyli narazı qaldım.

Hansısa kitabdan narazı qalanda, çalışıram ki, mümkün qədər lakonik olum və mütaliə təcrübəmi, mənfi təəssüratlarımı daha kəsə izah edim. "Dublinlilər"lə əlaqədar isə mənə hər şey aydındır. Əvvəllər də belə olub. Ortada bir-birindən müstəqil, maksimal dərəcədə fraqmentasiyaya məruz qalmış, başqa sözlə, kifayət qədər pərakəndə, xaotik bədii parçalardır. Sözün düzü, əminliklə deyə bilərəm ki, kitabı bəyənməməyimin kökündə hadisəsizlik tendensiyası dayanır. Başqa sözlə, heç nə baş vermir. Nəticədə mən nə özümü, nə də başqasını bədii obrazlarda identikləşdirə bilmədim, onları tam olaraq anlamadım. Üstəgəl, mədəni bariyerlər də burada az rol oynamadı. İrlandiya, Dublin şəhəri, fərqli cəmiyyət və düşüncə tərzinə malik insanlara əsaslanan yazıçı heç də unviersal, qlobal və digər xalqlarla həmahəng bir şey yazıb-yaratmayıb. Mənə elə gəlir ki, bu əsəri spesifik çevrə tam anlaya bilər. Məsələn, əsasən Avropalılar. 

Ümumiyyətlə, belə qısa hekayələr toplusu yazmaq dövründən asılı olmayaraq olduqca riskli bir şeydir. Hər dəfə yeni hekayəyə başlayanda, köhnənin nədən bəhs etdiyini hələ tam anlamamış oxucu yeni mücərrədliyin ortasına düşür. Çaşbaş qalandan sonra mütaliə öz effektlivliyini itirir. Romanlardan fərqli olaraq qısa hekayələr real və ya uydurma insanların həyatından sadəcə bir kəsimi göstərir. Belə olan halda "nəyinsə" başvermə ehtimalı bir xeyli aşağı düşür. Ona görə də "Dublinlilər" çox yaxşı və güclü bədii ağırlığı olan kitab olsa da, dinamika və oxucuyönümlülüyü ilə heç də öyünə bilməz. Hekayələrin bir-biri ilə müəyyən əlaqələri var, bu hiss olunur. Çox maraqlı metaforalar və epitetlər göz oxşayır. Yeri gələndə əsər əsl lakoniklik və epiklik nümunəsi hesab oluna bilər, amma əgər mən mütaliə əsnasında darıxıramsa, 2-3 gün sonra oxuduqlarımdan mənə çox az şey qalırsa, onda belə bir kitabı nə dərəcədə əhəmiyyətli və faydalı hesab etmək olar? Təbii ki, təkrarçılıq edib bir daha qeyd etmək istərdim ki, zənnimcə, kitab xüsusi çevrə üçün tam anlaşıqlı olan kitabdır. Ola da bilər hal-hazırki maraqlarım və bədii tələbatlarım tam fərqli səpkidə olduğundan, müəyyən mənada"Dublinlilər" yersiz qiraət oldu. 

Nəzərə çatdırmaq istədiyim başqa bir xüsusiyyət də ondan ibarətdir ki, fərqli prizmadan baxanda həm də "Dublinlilər" prinsipcə oxucu üçün heç nə etmir. Yuxarıda qeyd etdiyim "hadisəsizlik" yazıçı eqoizmini nümayiş etdirir. Hekayələr oxucunu konkret bir nöqtədən götürüb, konkret bir başqa nöqtəyə aparmır. Düşünmək olar ki, təbii olaraq hər bir yazıçının öz üslubu var, hərə öz daxili aləminə görə yazır, amma hər bir halda əgər yazıçı öz yazdıqlarını ictimaiyyətlə bölüşmək qərarını veribsə, gərək oxucuları düşünsün. Əks təqdirdə darıxdırıcılıq bədii parça üçün əsl fəlakətdir. Hadisəsizlik azmış kimi üstəlik problematikanın da olmaması bunu gücləndirib. Əhval-ruhiyyə yaxşı olanda oxunsa, bəlkə də daha yaxşı olar. Yoxsa tez-tez yayılan diqqət darıxdırıcılığın ən əsas əlamətidir. 

Goodreads sosial şəbəkəsində bu kitab haqqında fikirlər birmənalı deyil, amma bir məktəblinin "Niyə? Niyə görə müəllimlərimizi bizi bunu oxuyaraq bizə işkəncə verirlər?" yazmasına az-çox haqq qazandırıram. Uşaqların macəra, tarixi-mədəni, psixoloji və fəlsəfi əsərlər oxuyan vaxtlarında belə bir kitab oxumaq həqiqətən də işkəncə kimi gələ bilər. Kitab mənə daha çox yaşlı nəsil insanların oxuması üçün yararlı olan bədii əsər təəssüratını bağılşadı. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi