Erix Fromm - Özü üçün insan

ENG: Erich From - Man for Himself: An Inquiry into the Psychology of Ethics

"Özü üçün insan: etika psixologiyasına dair araşdırma" əsəri ilə Erix Fromm yenə də insanı araşdırır. Bu dəfə o, etika ilə insan psixologiyası arasında körpülər qurur, insanı psixososial varlıq kimi ələ alır və maksimal dərəcədə qruplara bölür. Bəniadəmi öz davranışlarını analiz etməyə, özünü başa düşməyə dəvət edir. Müasir cəmiyyətlərin insanlarda yarış fəlsəfəsini stimullaşdırması, onları bir-birinə yadlaşdırması və dəyişdirməsi "Özü üçün insan" kitabının əsas ideyalarını formalaşdırır. 


İnsan kimdir? Onun məhsuldarlıq anlayışı nə deməkdir? Hansı miqdarda enerjini azadlığa buraxmaq olar? tipli suallar bütün kitab boyu oxucu ilə müəllif arasında gedib-gələn teleqram kimidir. Kitabı müəyyən kəslər üçün həyatdəyişdirici xüsusiyyətə sahib mütaliə də hesab etmək olar. Erix Fromm öz ampulasında yenə də insanı insana tanıtdırıb, qəflət yuxusundan böyük oyanışa dəvət edir!

"Özü üçün insan" kitabında mən cavablar görmədim, daha çox ənənəvi Fromm sualları və çağırışları ilə rastlaşdım. Odur ki, əgər əziz oxucu bu kitabı cavablar axtarıb-tapmaq niyyəti ilə oxumaq istəsə, bilsin ki, məyus olmaq ehtimalı çox yüksəkdir. Müəllif bizi necə yaşadığımız haqqında düşünməyə dəvət edir və yeri gələndə elə suallar verir ki, biz həyatımızın etik və mənəvi həyatını dərindən analiz etməli oluruq. Kitabın əsas ismarıcları belə formalaşdırıla bilər: həyatını potensialının fərqində olaraq yaşa. Ondan da öncə onu kəşf et. Kim olduğunu yaxşı başa düş. Sistemlərin içində kimliyini itirmə. İtirmiş özünəməxsusluğunu geri qaytar. Yalnız olmaqdan qorxma. İllüziyalara qapılma! Bütün bunlardan da əlavə sırf kitabı mövzusu müqabilində ortaya çıxan başqa bir ismarıc da var: qurduğumuz cəmiyyətlərdə olan əxlaqi fərqlər insanların bir-birinə olan fərqidir. 

İllüziyadağıdıcı effektinə görə Erix Fromm kitabları mənim üçün həmişə dəyərli olacaq, lakin bu kitabdan sonra mən çox yaxşı başa düşdüm ki, artıq Erix Fromm üslubuna, onun mənə öyrədə biləcəklərinə, başa salacaqlarına artıq doymuşam. Onsuz da onun hər kitabı bir-biri ilə əlaqədardır. "Özü üçün insan" kitabında da o, tez-tez "Azadlıqdan qaçış" kitabını xatırlayır, ona istinadlar verir. Eləcə də ondan oxuduğum "Sevmək sənəti", "Marksın insan konsepsiyası" və "Ümid inqilabı" kimi kitablarında aşağı-yuxarı eyni mövzular çərçivəsində, fərqli qruplaşdırmaların tətbiqi ilə müəyyən "Fromm mövzuları" çərçivəsində təhlillər aparıb. Freyd psixoanalizinə istinadlar verməsi və istehlak cəmiyyətini qatı elmi-fəlsəfi tənqidlər etməsi Erix Frommun dəst-xəttidir. İndividin sistemlərdəki cari yeri və həqiqətdə nail olmalı olduqlarına işıq salması, bu düşünürü mənə doğmalaşdıran ən əsas məqamlardan hesab edilməlidir. Lakin bu gün mən onun adı çəkilən kitablarından sonra artıq başa düşürəm ki, ondan öyrənə biləcəklərimin çox böyük hissəsini artıq müəyyən mənada özümdə toplaya bilmişəm. Ən əsası isə, Erix Fromm oxuyandan sonra insanda çox şey dəyişir. Bir daha yaşadığın cəmiyyəti, insanları və özünü ənənəvi olaraq öyrəşdiyin kimi dərk edə bilmirsən...

Erix Frommun kitablarına yazdığım digər bloq paylaşımlar: keçid

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi