Kristi Braun - Sol ayağım

ENG: Christy Brown - My left foot

Kristi Braun dünyaya beyin iflici qurbanı olaraq gəlmişdir. Lakin hərəkət edə bilməyən bəxtsiz körpədə gələcəkdə irland ədəbiyyatının nəhəngləri arasında öz yerini tutacaq yazıçının parlaq təxəyyül və həssaslığa malik ağılı gizlənirdi. Bu, Kristi Braunun həyat hekayəsidir. O, uşaqlıq illərinin oxumağı, yazmağı, rəsm çəkməyi və nəhayət, sol ayağının barmağı ilə çap etməyi öyrənmə mübarizəsini xatırlayır. Bu üslubda o, bestseller olan “Hər gün nisgil" romanını yazmışdır.

Söhbət fiziki məhdudiyyətləri və qüsurları olan insalardan düşəndə mən həmişə belə insanlara qarşı digərlərinə necə münasibət bəsləyib-düşünürəmsə, elə yanaşmağa davam edirəm. Çünki o insanın və ya varlığın fiziki qüsurlu insanlara "özündən fərqli" birisi kimi yanaşmağa haqqı var ki, o, ya ölümsüz olsun, ya əbədi cavan, ya da ideal sağlamlığa malik olsun. Ən əsas məsələ isə ondan ibarətdir ki, hər şey bədənin sağlam olub-olmamasından asılı deyil. İnsanın şüuru, tərbiyəsi, ağlı heç də hər zaman bədənin bütün üzvlərindən asılı olmur. Mənim şəxsi mövqeyim də ondan ibarətdir ki, fiziki məhdud insanlar və ya əlillər nələrdənsə məhrum ola bilərlər, amma bu həm də cəmiyyət üçün böyük fürsətdir ki, onların bacara biləcəkləri işləri onlara ötürək, beləliklə onlar cəmiyyətin bir hissəsi olmaqda kasadlıq çəkməsinlər. İnsanları bərabər edən bədənləri deyil, ideyaları və düşüncələridir. Necə ki, bunu Kristi Braun öz "Sol ayağım" romanı ilə sübut etdi. 

"Sol ayağım" kitabı mənə hədiyyə olunanda mən kitaba qarşı bir qədər skeptik yanaşdım. Düşündüm ki, görən bu insan nə yazıb ki, biz onu yeni və fərqli bir şey kimi qəbul edək? Onsuz da yaxşı bilirik ki, fiziki qüsurları olan insan nələrisə edə bilmir, cəmiyyətdə hamıdan fərqlənir və əsasən öz fiziki və mənəvi ağrıları ilə yalnızlaşır. Qiraətə başlayan kimi əmin oldum ki, öz səmimiliyi, bədiiliyi və özünəməxsusluğu ilə, Kristi Braun bədii ədəbiyyatda əsl inqilab edib. O, sadəcə həyatında olub keçənlərə yenidən baxmır, həm də özünə kənardan baxır, özünü obrazlaşdırır. Sanki, şüuru ilə bədənini bir-birindən ayırıb ayrı-ayrı fəzalarda var olmaqlarını təmin edir. Bu oxucuya imkan verir ki, həm sağlam bir insan kimi söhbətin nədən getdiyini başa düşsün, həm də fiziki məhdud olmağın nə demək olduğunu Kristinin "bədəninə daxil olaraq" açıq-aydın təsəvvür etsin. Deyərdim ki, bu öhdəsindən gəlinəsi heç də asan vəzifə olmayıb, amma Kristi Braunun istifadə etdiyi ədəbi üslub və dil, hər bir insana öz sadəliyi ilə xitab edərək, onun ağrılı, amma bir o qədər də heyrətamiz dünyasına dəvət biletini təqdim edir. 

İndi nadir hallarda xoşbəxtlik hissi keçirirdim. Mən mətbəxdə pəncərənin önündə oturar və qardaşlarımla dostlarının evin yanındakı yolda futbol oynamaqlarına baxar, Piterin tez-tez qol vurduğunu görərdim. Bəzən onlardan biri mənə gülümsəyər və əl edərdi. Mən də əl etməyə çalışar, lakin qolumu qaldırdıqda o, yanıma düşər və pəncərə çərçivəsinə dəyərdi. Sonra mən özümü arxa tərəfdəki divanın üstünə atar və üzümü onun küncündə gizlədərdim. - Bu cümlələrdə fiziki cəhətdən qüsurlu olan insanla ətraf-aləmi arasında olan münasibətlər ideal olaraq bədii dil ilə təsvir olunub. Kristi Braun öz əlilliyini cəmiyyətlə onun arasında olan "şüşə divar" adlandırırdı. Buna baxmayaraq onun sol ayağı hərəkətli idi və o, məhz sol ayağı vasitəsi ilə dünyanı kəşf etməyə başlayır. Talenin ironiyası belə gətirib ki, Kristi sadəcə bircə bədən üzvü ilə dünyanı dərk etməyə çalışırdısa, onun yaşadığı dünyada milyonlarla insan digər bütün bədən üzvləri ilə bunu edirdilər. Sadəcə bircə orqanın tam funksional olması sayəsində Kristi kimi rəssam və yazıçı dünyada öz adını eşitdirməyi bacarıbsa, görün əslində sağlam insanlar bəşəriyyətə nə qədər şeyi təqdim etməkdə tənbəllik edirlər. Kitabdan seçilmiş növbəti cümlələr bu haqda maraqlı məqamlara işıq salır: Ayaq barmaqlarımın arasında tutduğum bir parça sarı qırıq təbaşirlə döşəmədə cızdığım həmin hərf məni yeni dünyaya aparan yolum, məni əqli azadlığıma qovuşduracaq açarım idi. Bu, əyilmiş ağız arxasında özünü ifadə etmək həsrəti ilə yaşayan gərgin, gərilmiş əşyaya - mənə rahatlıq mənbəyini bəxş edəcəkdi.

Kristi həm də özünün bir yazıçı kimi necə inkişaf etməsini təsvir edir. Bu haqda oxumaq mənim üçün xüsusi dərəcədə zövqverici oldu. Sadəcə Çarlz Dikkens oxuyan birisi kimi əsasən necə köhnə ingilis dili istifadə etdiyini və sonrada müasir insanlarla əlaqə yaratmaq üçün necə onların dilinə uyğunlaşdığını oxumaq maraqlı oldu. Buna baxmayaraq o, həmişə ustad axtarışında və mənəvi dayaq sorağında olub: Bax belə! Kaş yanımda mənə məsləhət verən, aydın və konstruktiv şəkildə, sözlərin arasında, mətnin ortasında "boşluqlar" qoymadan yazmağı öyrədən biri olaydı! Elə bir adam ki, nə danışdığını bilsin və məni doğru məcraya yönəltsin. Mənim bələdçilik edən ələ ehtiyacım vardı. Sadəcə beyin yox, həm də ürəyə sahib olan bir kəsə ehtiyacım vardı.
Kristi Braun

Bütün bunlara baxmayaraq, anadangəlmə iflic olan Krsiti Braun çox mübariz ruhlu birisi olub. "Sol ayağım" kitabını oxumaqla, biz həm də motivasiya xarakterli bir işlə tanış oluruq, çünki sahib olduğu tək hərəki orqan - sol ayağı ona mümkünsüz hesab ediləcək işləri görməyə kömək edib: On üç yaşımda mən hələ özünü tam olaraq kəşf etməmiş, yaxud öz bacarıqlarından onlardan yararlanacaq qədər xəbəri olmayan uşaq-rəssam idim. Rəssamlıq mənim üçün hər şeyə çevrilmişdi. Onun vasitəsilə mən özümü çoxlu incə yollarla ifadə etməyi öyrənmişdim. Mən görüb hiss etdiyim hər şeyi, faydasız bədənim daxilində hücrədəki bir dustaq kimi qalıb mənim üçün hələ də reallığa çevrilməmiş dünyaya baxan ağlımda baş verən hər şeyi onun köməyilə əlaqələndirirdim. Lakin bunlara rəğmən Kristi Braun öz şifahi danışıq qabiliyyətinin məhdudluğu, bəzən isə mümkünsüzlüyünə qarşı güclü nisgil bəsləyir və növbəti cümlələrdə bunu nəinki bədii, həm də fəlsəfi yöndən çox gözəl şərh edir: Nitq mənim insanlarla adi münasibət qurmaq cəhdlərimin qarşısını hər zaman alan ən böyük maneə olmuşdur. Çatışmazlıqlarım arasında mənə ən böyük acını nitq yaşatmışdır, çünki nitq olmadan insan faktiki olaraq itmiş sayılır, qalan adamlarla arasına sədd çəkilir, milyonlarla şeyi demək istədiyi halda, bircəciyini də dilə gətirə bilmir. Yazı çox yaxşı çıxış yoludur, lakin elə duyğular var ki, onları təkcə yazılmış sözlərlə ıifadə etmək, hiss etdirmək olmur. Yazı ölümsüz ola bilər, lakin o, iki insan arasındakı boşluqda səsin yarada biləcəyi körpünü qura bilmir. Məsələn, mən dünyadakı ən dahiyanə kitabı yazmaqdansa, hansısa dostumla bir saatlıq dəhşətli mübahisəyə, ya da  bir qızla söhbətləşmənin bir neçə anına üstünlük verərdim. Möhtəşəmdir, elə deyilmi?

Bir daha "Parlaq imzalar" nəşriyyatına təşəkkürümü bildirmək istərdim ki, belə bir kitabı yaxşı azərbaycan dilində bizim cəmiyyətə ötürmək missiyasını öz üzərlərinə götürüblər. Dünya ədəbiyyatının belə nümunələri düşüncə üfüqlərimizi genişləndirməyə, tərbiyə olunmağa və mənən zənginləşməyimizə xidmət edir. Şadam ki, bu kitab doğma dilimizdə var və daha çox insan bu kitabla tanış olsa, ikiqat şad olaram.

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi