Aysberqin görünən tərəfi

ENG: The Tip of the Iceberg
İSP: La punta Del Iceberg
RUS: Верхушка айсберга

İspaniyada böyük transmilli şirkət üç intihar hadisəsinin nəticəsində əməlli-başlı silkələnib. Şirkət daxili araşdırma aparmaq üçün çox istedadlı və bacarıqlı əməkdaşını, Sofiyanı (biznes analitik) məsələyə cəlb edir. Qısa müddət ərzində Sofiya görür ki, şirkətdə qeyri-real dərəcədə ağır iş yükü və patogenik menecment forması tətbiq edilir. Əməkdaşlar iş yerlərinə alternativsizlikdən dolayı hər şeyə dözür və təzyiqə tab gətirmək üçün özlərini məcbur edirlər. Bütün bu hadisələrin fonunda üç intihar hadisəsi təsadüf  ola bilməz. Nə isə qeyri-adi hadisələr baş verir. Bəs buna səbəb nədir? Kifayət qədər qəliz sual olsa da, lakin insan təbiətinin primitiv çalarları bu suala cavabdır. 

Ümumiyyətlə müasir bazar iqtisadiyyatlarının hakim olduğu cəmiyyətlərdə baş verən korporativ hadisə və proseslər sadəcə iqtisadi dəyər yaratmaq miqyasını çoxdan tərk edib. Şəxsən özüm də bir neçə yerli şirkətdə çalışmışam və hər dəfə yeni nə isə öyrənmiş, hər dəfə insan cəmiyyətinin işləyiş mexanizmlərinin necə də qeyri-etik, qeyri-humanist və deqradasiya edən, antimənəvi dəyərlər çərçivəsində öz mövcudluğunu sürətləndirdiyini müşahidə etmişəm. 8 saatlıq, gərgin və qeyri-müəyyən iş rejimi az deyilmiş kimi, şəxsiyyətə qarşı təhqir və mənəvi zorakılıqlar müasir kapitalistik mühitdə geniş vüsət alır. "İşləyirsən işlə, işləmirsənsə də sənin yerini tutmağı arzulayan yüzlərlə adam var!" günümüzün əsas ideologiyasına evrilib. Halbuki, bir baxın görün necə də qəddar sözlərdir. "Aysberqin görünən tərəfi" də bu sadalananlar çərçivəsində cərəyan edən hadisələrdən bəhs edir. Film əsnasında şirkətin bazarın mühüm biznes fiqurlarından olduğunu sezmək olur. Bu da onun daxilində necə böyük "nizam-intizam"ın və korporativ gücün olduğuna işarə verir. İşin qızğın vaxtında, "Aysberq" layihəsinin vurhavurunda rəhbərlərdən üçünün intihar etməsi, periferiyasında nəyinsə düzgün olmadığını sezən mərkəzi ofis üçün siqnal olur. Ambisiyalı, korporativ pillələri uğurla addımlayan, tələbkar və heç kimə güzəştə getməyən Sofiyanın bu hadisələr arasında müəyyən qanunauyğunluğun tapılması üçün təyin olunanda, nə mərkəzi ofis, nə də onun özü hadisələrin kəskin dönüş edəcəyindən xəbərdar deyildilər. 

"Aysberqin görünən tərəfi" filmi müasir biznes reallıqlarına yaxşı yanaşıb. Doğrudur, süjeti maraqlı etmək və izləyiciyə daha intriqadolu hadisələr tətbiq etmək üçün müəyyən elementlər manipulyasiya edilib, lakin reallıqda bundan da dəhşətli və ilk baxışda anormal sayılacaq şeylər baş verir. Bu baxımdan filmi film etmək üçün lazım olan qurbanların verilməsini normal qəbul edirəm. Bütün belə əcaib hadisələrin kökündə isə müasir dünyamızın sadəcə məhsul və xidmət bazarından deyil, həm də şəxsiyyətlər bazarından ibarət olmasıdır. Əvvəlki formasiyalardan fərqli olaraq dünyamız cansız əşyaların alınıb-satıldığı böyük bazar deyil, həm də özünü, əməyini, biliyini və digər şəxsi xüsusiyyətlərini satan insanlardan ibarət bir yerə çevrilib. Bu xüsusiyyət yaşadığımız cəmiyyətləri daha da mürəkkəbləşdirir, insanları əvvəllər etmək istəmədikləri şeyləri etməyə məcbur edir. Filmdə də təsvir olunan məqamlar insanların ən əsas qayğısını - iş yerlərini itirmək qayğılarını gözəl təsvir edib. Yaranmış kapital hökmranlığı insanları daimi qorxu altında saxlayaraq onlara işlərini itirəcəkləri təqdirdə cəmiyyət içindəki faydasızlıqlarını və yalnızlıqlarını mütəmmadi olaraq xatırladır. Bu da insanların həm öz əməklərinə, həm də digər insanlara qarşı yadlaşmasını labüd edir. Diqqətlə fikir versəniz, insanlar artıq söhbəti tutublar. Onlar bazarda həm satıcı, həm də məhsuldurlar və daim başqaların faydalı olmaq barəsində düşünürlər. Onların rolu əhəmiyyətsiz, mövqeləri isə lazımsızdır. Əsas olan iş bölgüsündəki öhdəliklərini vaxtı-vaxtında yerinə yetirmək və milyonların qazanılması üçün iri-iri tər tökməkdir. Unutmamaq lazımdır ki, hər şeydə olduğu kimi bu gün şirkətlərdə və ya insanın minimum 8 saat gedib oturduğu digər təşkilatlarda da xeyirlə şər mübarizə aparır. 
Maribel Verdu

Aktrisa Maribel Verdu çox gözəl obraz yaradıb və əsl korporativ imici əks etdirib: ambisiyalı, eqoist, heç nəyə güzəştə getməyən, manipulyator və s. Sadəcə Sofiyada mənəvi dəyərlər hələ tam deqradasiya etmədiyindən o, öz şəxsiyyətini hər şeydən üstün tutur və vicdanının səsinə qulaq verir. Zaman-zaman müxtəlif yerlərdə gözünə görünən intihar etmiş həmin 3 nəfərin intihar səhnələri ona belə bir ölümün necə də mahiyyətsiz olduğunu başa salır. Sonda, o, böyük risklərə imza atır, rəhbərliyə düzgün olmadıqlarını deyir. O, nəyin doğru, nəyinsə yanlış olduğunu yaxşı başa düşür. Bu səbəbdən də "Aysberqin görünən tərəfi"ni bəyənmək üçün mən ikinci səbəbi də qeyd etmiş oldum. 

"Aysberqin görünən tərəfi" maraqlı problematikası, korporativ oyunları yaxşı təsvir etməsi və kapitalizmin acı həqiqətlərini yaxşı əks etdirməsi səbəbindən müasir iş həyatının iştirakçıları üçün maraqlı gələ biləcək əla ispan filmidir. Aysberq eyni anda həm gözəl, həm də təhlükəlidir. Eynilə iş həyatı kimi. O həm insanların cəmiyyət üçün faydalı olmasını təmin edə bilər, həm də çox ağır deqradasiyalara səbəb olub, insanı öz növünə qarşı qəddar və amansız formaya sala bilər. 






Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi