Akvarium/ Fish Tank/ Аквариум

Mia (Keti Carvis - Katie Jarvis), "Akvarium" adlı Britaniya dramasının 15 yaşlı əsas obrazıdır. Əsasən kinematoqrafik realizm çərçivəsində bizə tanış olan qəzəb və üsyan elementlərini görsək də, gözlərimizi Miadan kənarlaşdıra bilmirik. Hansısa qəribə qüvvə bizə asta-asta izah edir ki, irəlidəki kadrlarda biz çox daha maraqlı hadisələrə və dəyişmiş protaqonistə şahidlik edəcəyik...


Şübhəsiz ki, film Mia adlı "balıq" haqqındadır. O, 15 yaşlı qəzəbli, qayğıdan məhrum, əsəbi, heç kimlə yola getməyən, lakin arzuları olan, sevgidolu və ən əsası yeniyetmədir. Eynilə onun kimi aqressiv bacısı Tayleri (Rebekka Qriffits - Rebecca Griffiths) də görəndə anlayırıq ki, ailədə tərbiyəsizlik və diqqətsizliyin nəticəsində belə bir deqradasiya prosesi var. Belə tip ailələrə disfunksional ailə deyilir. Analarının yüngül əxlaqlı olması və atasızlıq, onları vaxtsız yaxalamış və xaotik yaşayış məkanlarının cənginə atmışdır. Hər üç xanım "ən yaxşı müdafiə hücumdur" fəlsəfəsini bölüşürlər və ona görə də praktiki olaraq hər dəqiqə, hər an bir-birilərinin üzünə öz qəzəblərini ucuz fişənglər kimi püskürürlər. Həyatda qalmaq üçün öz üsul və yöntəmləri olan bu insanları anlamaq bir tərəfdən çətin olmasa da, digər tərəfdən onları başa düşmək üçün küçə həyatını real həyatda ən azından kənardan görmək lazımdır.
Mia

Mianı izlədikcə onun izolyasiya şəraitində, eynilə akvarium şəraitində yaşadığını, eləcə də içindəki başqa bir akvarium vasitəsi ilə də öz mənəvi aləmində arzusunu böyütdüyünü - yemlədiyini görürük. O, hip-hop rəqqası olmaq istəyir, bununla özünü ifadə etmək və hörmət görməyi arzulayır. Gizlincə daxil olduğu bir mənzildə tez-tez məşq edən qızcığaz, öz hislərini ifadə etmək və bədəni ilə sülhə nail olmaq istəyir. Onun üçün çətindir. Heç kim onu dəstəkləmir və ona hərəkət üçün lazım olan "yanacaq" yoxdur. Lakin günlərin bir günündə anasının "oğlan dostu" Konnor (Maykl Fassbender - Michael Fassbender) onun diqqətini cəlb edir. Aralarında yaranan səmimi münasibətlər Miaya həm də arzularına gedən yolda işıq salır. Bundan əlavə, Mianın və Konnorun bir-birinə bəslədikləri cinsi cəzb gec-tez gözlənilən nəticəyə gətirib-çıxarır. Bunda  sonra biz dağın zirvəsindən başıaşağı yuvarlanır. Konnor haqqında illüziyalarının dağılması Mianı amansız qərarlara stimullaşdırsa da, gec olmadan özünü toparlaya bilir. Konnorun görünməz zərbələrindən sonra Mia yetkinləşir və aqressiv, ərköyün, tündməcaz və davakar qız bir xeyli sakitləşir.
Konnor

Hətta ən dözülməz şəraitdə - ilk baxışda iyrənc və tərbiyəsiz görünən mühitdə belə, sevgi öz sözünü deməyi bacarır. Bizi, insanları insan edən bir-birimizə bağlanmağımızdır. Filmin sonunda Mia və Taylerin anaları ilə birlikdə rəqs etməsi, olduqca emosional səhnəcik əmələ gətirib. Həmişə müxtəlif dillərdə danışan 3 şəxsin musiqi və problemin köməkliyi ilə eyniləşməyini izləmək kinematoqrafiyanın yaşada biləcəyi maraqlı təcrübələrdən oldu. Təbii ki, bu mənim üçün ilk deyil və daha çox Haruki Murakaminin eyni adlı əsərinə çəkilmiş "Bütün tanrı bəndələri rəqs etməyi bacarır" filmini xatırladım. Həmin filmdə də əsas obraz filmin apafeozunda ancaq onun özünə eşidilən qəribə ilahi musiqinin sədaları altında harmonik rəqslər edir, özü ilə hesablaşır. "Akvarium"da da müəyyən mənada analoji səhnənin olması çox maraqlı oldu. Məhz belə səhnələrin vasitəsi ilə biz obrazların haradan gəldiklərini və əslində bu qədər fərqlərə baxmayaraq hamı kimi insan olduqlarını, hamının ehtiyac duyduqlarına tələbat göstərdiklərini, sadəcə özlərindən asılı olmayaraq formalaşmış fərqli özünüifadə vasitəsi ilə ətraf-aləmlə kommunikasiya qurduqlarını müşahidə edirik. Tayler Mia ilə sağollaşarkən "Sənə nifrət edirəm" deyərək kövrəlməsi əslində "Səni sevirəmlə" eyni mənanı kəsb edir. Çox maraqlıdır ki, bəzən nə deməyimizin heç bir mənası yoxdur. Bədənimiz həqiqəti gizlədə bilmir, hislərimiz öz iradəsi ilə bütün maneələri aşır.
Həmin rəqs səhnəsi

Filmdə müəyyən epizodlar silsiləsi var ki, orada Mia zəncirlənmiş atı xilas etmək istəyir. At muraddır. Hər dəfə bunu etmək istəyəndə müxtəlif baryerlərlə qarşılaşır. O, bunu niyə etmək istəyir? Sualın cavabı çox sadədir: o, özünü eynilə həmin at kimi öz evinə ayaqları zəncirlənmiş kimi görür. Həmin at elə onun özüdür. Rejissor bu məsələdə bizə yardımçı olur: o, hərdən Mianın mənzilindəki televizorda "mənim möhtəşəm evimə bax" adlı musiqi parçalarını səsləndirir. Bununla da onun "zəncirlərini" bizlərə göstərməyə çalışır. Msraqlıdır ki, daha sonra Konnor ilə əlaqədar dəhşətli həqiqətlərin üzə çıxması müəyyən mənada Mia üçün zəncirləriqırıcı effektə sahib olur...

Filmin rejissoru Andrea Arnold (Andrea Arnold) aşağı sosial sinifin reallıqlarını ekranlara daşımaqda çox ideal nailiyyətlərə nail olub. Vaxtaşırı olaraq mən filmin realizminə heyran qalırdım. Həmin ölkəyə, həmin yaşayış zonasında real-fiziki olaraq iştirak etdiyim hissi məni filmi birnəfəsə izləməyə sövq etdi. Rejissorun 17 yaşlı qeyri-professional Keti Carvis ilə birgə işləmək qərarı filmə yüksək təbiilik qatıb (Keti Carvis elə yaratdığı obraz kimi aktrisalıq edib - addımları bilir, amma gedişlərini hələ öyrənməlidir). "Akvarium" filmi ilə rejissor həm bizə, həm də Miaya başa salır ki, həyatda yaşamağı bacarmaq üçün, akvariumdan canını qurtarmaq üçün, gərək həyatın zərbələr dənizində yuxarı və aşağı üzməyi öyrənək.

P.S. Film mənə mənə izlədiyim "Anacan""Bölünmə" filmlərini xatırlatdı. Hər iki filmdə aşağı sosial sinfin ailə-məişət problemləri işıqlandırılıb. 

Mənə kömək olan qaynaqlar:
1. http://ew.com/ - Fish Tank - LISA SCHWARZBAUM
2. http://nymag.com/ - No Happiness Please, We’re British - David Edelstein
3. http://www.empireonline.com/ - Fish Tank Review - Philip Wilding
4. http://www.avclub.com/ - Fish Tank - Noel Murray













Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi