Fərhad Məmmədov - İsti buz ev

"İsti buz ev - süjet, mövzu və üslub"
Anasının banka olan borcunu ödəmək üçün səhərlər internatda kargüzar, gecələr isə ayıq sürücü işləməyə məcbur qalmış Saleh, ailəsi ilə bütün əlaqələri kəsmiş milyonçu əmisinin ölüm xəbərini alır. Bu vaxta qədər ona heç bir xeyri dəyməmiş əmisinin meyitini məsciddən gətirməyi ona həvalə edirlər. Ancaq meyiti gətirən zaman silahlı təhlükəsizlik əməkdaşlarının başçılığı altında “ağ xalatlılar” əmisinin meyitini oğurlayır. İndi Saleh təkbaşına rüsvayçılığa yol açmış bu “böyük oyunun” üstünü açmalı və hər vəchlə əmisinin meyitini ailəsinə qaytarmalıdır.

Fərhad Məmmədovu ölkəmizin digər müasir və gənc yazarlarından fərqləndirən bir neçə məqam var: o, elmi-fantastika kimi çətin ədəbi istiqamətdə yazıb-yaradır, milli dəyərləri və elementləri əsərlərində əks etdirir, cəmiyyətin problemlərini və individin ətraf-aləmlə olan qarşılıqlı münasibətlərini ölkə oxucusuna doğma olan dildən çatdırır. Əlbəttə mütləq vurğulanmalıdır ki, həm də doğma dilimizdən düzgün istifadə kimi mühüm məsələdə də Fərhad bəyin xeyrinə çoxlu söz deməyə əsas var.  Ondan oxuduğum digər əsərlərdə də sadalanan xüsusiyyətlər özünü kifayət qədər qabardıb. Bu səbəbdən də onu həqiqi mənada istedadlı yazıçı və cəmiyyətə çox faydalı bir şəxsiyyət hesab edirəm. "İsti buz ev" bizə tanış olan toponimlər, ictimai-mədəni reallıqlar, müasir problemlər və yenə də milli ailə-məişət reallıqlarının çox səlist və axıcı süjetləşdirilməsinin marka adıdır. 

"İsti buz ev" annotasiyasından da bəlli etdiyi kimi olduqca qəribə süjet oxuna və nəticələrə malikdir. Əsərin mərkəzində ölkənin tipik problemləri və reallıqları arasında özünü itirmiş Saleh və onun həyatına ani olaraq dəlici qüvvə ilə daxil olan qeyri-adi dinamik hadisələr hörüyüdür. Romanın ilk hissəsində yazar özündə düşünən, yazıb-yaradan bir individin məsuliyyətini hiss edərək bu dəfə ictimai-sosial problemlərin fonunda bu formasiyaya qarşı öz incəsənət formalı etirazını bildirir. Oxunan hər bir yeni cümlə bizə heç də yad və kənar olmayan iqtisadi və sosial bərabərsizliklər, ədalətsizliklər və həqiqətlər haqqında məlumat ötürür. Əsərə millilik xarakteri qazandıran və onu daha asan və rahat anlaşılan edən də məhz belə fundamentin mövcudluğudur. Əsərin xəyali ikinci hissəsində biz akkumuliyasiyaya yeni başlayan hadisələr zəncirini müşahidər edir, üçüncü hissədə isə kuliminasiya nöqtələrini birləşdirib qədimdə münəccimlərin kosmosun əyninə biçdiyi bürc kaftanına bənzər nə isə əlvan bədii libas əldə edirik. Bir oxucu kimi məni o məqam xoşbəxt etdi ki, mənim həmvətənim və müəyyən mənada da artıq tanıdığım bir insanın əsərini oxuyaraq, mən "mental ölkə sərhədləri"ni tərk etmədən, elə öz evimdəcə, dünya səviyyəli, Bernar Verber, Filip Dik və Robert Haynlayndan azca fərqlənən əsər oxudum. Kitab həvəskarları bəlkə də mənim nəyi nəzərdə tutduğumu başa düşəcəklər: bəzən oxucu hansısa xarici yazıçının tərcümə olunmuş və ya elə orijinal dildəki əsərini oxuyanda özünü həmin yazıçının təqdim etdiyi şərtlərə adaptasiya etməli olur. Bəzən fərqli adət-ənənlər, reallıqlar və paradiqmalar bizə əsərdən tam zövq almağa mane olur. "İsti buz ev"də belə bir hal mövcud deyil. 

Fərhad Məmmədov əsərləri
5-6 il bundan öncə mən Fərhad Məmmədovun bir neçə hekayəsini oxudum. "Neyratron layihəsi", "On il zirzəmidə", "Qafqazlı UNO", "Sürrealizm və ya zaman itkinləri", "Aqoniya - bədənin son müqaviməti" və "Tamamla" üzərimdə olduqca böyük təəssüratlar yaratdı. Bəzi dost-tanışlarıma da birmənalı olaraq Fərhad Məmmədovun elmi-fantastik əsərlərini məsləhət gördüm və müşahidə etdim ki, həmin şəxslər də ən azı mənim qədər onun işlərindən zövq ala bildilər. Deməli, Hegelin təbirincə desək (Həqiqət heç vaxt abstrakt ola bilməz!), ortada ciddi və dəyərli işlər var. İndinin özündə də əsərlərin əsas məğzi yaddaşımdadır. Çox sevinirəm ki, ölkəmizdə belə istedadlı və savadlı insanlar var. Digər tərəfdən də təəssüflənirəm ki, Fərhad bəyi kifayət qədər adam tanımır və onun kitabları əsasən elektron formadadır ("10 il zirzəmidə" Qanun nəşriyyatı tərəfindən fiziki kitab kimi nəşr olunub). Fərhad Məmmədovun qələmi müasir problemləri, elmi nailiyyətləri və milli elementləri ideal formada vərəqin yaddaşına həkk edir. Belə insanlar cəmiyyətimiz tərəfindən mümkün olan ən yüksək dərəcədə qiymətləndirilməli və gələcək işləri üçün stimullaşdırılmalıdır. Ölkəmizin belə insanlara ehtiyacı var. Qloballaşan dünyada, beynəlxalq müstəvidə söz demək artıq çətin deyil. Unutmayaq ki, cəmiyyəti hər daim dəstək olan insanlar bəşəriyyətə çox böyük tövhələr verə bilərlər! 

Krionika
"İsti buz ev" Krionika texnologiyası anlayışının üzərində qurulub. Araşdırmalarıma əsasən krionika və krionizasiya artıq getdikcə aktuallaşan bir anlayışa çevrilib ki, bu da öz növbəsində daha geniş auditoriyaya çıxış imkanları təqdim edir. Kobud ifadə ilə desək, Krionika nə vaxtsa gələcəyin dünyasında elmin  ölmüş insaları yenidən dirildəcəyi və xəstəliklərdən mülaicə edəcəyinə güvənən insanların könüllü olaraq maye azotda dondurulmasıdır. 

"İsti buz ev" bizə milli müstəvinin təqdim etdiyi ölçü vahidləri ilə həm bu sahəyə qarşı öz şəxsi, subyektiv mövqeyimizi formalaşdırmağa dəvət edir, həm də maraqlı və həyəcanlı süjet xətti ilə müəyyən macəraya ortaq olmağa çağırır. Məni düşündürəm əsas məsələ bu anlayışın eynilə klonlaşdırma ilə eyni hüquqi, etik və sosial problematikaya sahib olmasıdır. Heyvanların klonlaşdırılması ilə əlaqədar dünya cəmiyyətləri ortaya ciddi müqavimət nümunəsi qoymasalar da, insanların klonlaşdırılması kifayət qədər ajiotaj yaratmış məsələdir. Bütün bunlarda əlavə, formal və gözə görünən tibbi cəmiyyətlər insan üzərində hər hansı tibbi təcrübənin aparılmasını etika çərçivəsində dəyərləndirib yalnız sonradan onlara icazə verir. Müəyyən mənada Krionikanı da təcrübə hesab etmək olar. Bu sahəyə qarşı tibbi cəmiyyətlərin və elmin yanaşması tamamilə müasir hüququn və etikanın məhdudiyyətləri çərçivəsində tənzimlənməlidir. Üzərində idarəetmə bərqarar oldunmayanacan, hər hansısa analoji proseslər təhlükəlidir. Aşağıdakı video rus dilindədir və medianın krionikaya qarşı müsbət yanaşmasına və ya müəyyən mənada da propoqandasına olan maraqlı emosional işarədir. Krionizasiya ilə məşğul olan 3 şirkətdən birinin Rusiyada yerləşməsi və televiziyada da belə birtərəfli süjetin efirə verilməsi bizə kommersiya və media kanalları arasında bağlanmış gizli tərəfdaşlığın möhtəşəm nümunəsini də göstərir. Hər şeyi kommersiyalaşdırıb istehsal və istehlak etməyi düşünən insan cəmiyyəti artıq həyat və ölüm kimi məsələlərə öz əl-qolunu müdaxilə edib. Belə məsələlərdə mən konservativəm. İnsanlar doğulmalı və ölməlidir. İnsanın əbədiliyi hətta kainatın məhvinə gətirib çıxara bilər. 


Yekun
Bu mənada Kurt Vonnequtun Tralfamadorlarının fikrini öyrənmək maraqlı olardı. Əgər siz də "İsti buz ev" hekayəsini və eləcə də yazarın digər əsərlərini oxumaq, yeniliklərdən məlumatlı olmaq istəyirsinizsə, keçid vasitəsi ilə onun Facebook səhifəsində öz fəxri yerinizi tutmağa tələsməlisiniz. 

Qeyd edim ki, Fərhad bəy kitablarını pulsuz olaraq elektron formatda internet məkanda yayımlayır. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi