Viktor Pelevin - Gözəl xanım üçün ananas suyu

RUS: Виктор Пелевин - Ананасная вода для прекрасной дамы

"Gözəl xanım üçün ananas suyu" Viktor Pelevinin ekstravaqant hekayələr toplusudur. Yenə də ədəbi həzz və zövq Pelevinin sayəsində beynimdə tüğyan etdi. Hər dəfə Pelevindən oxuduğum kitab onun növbəti kitabını vərəqləmək üçün boynuma qoyulmuş əlavə məsuliyyət yükü olur. Hekayələrdən anladığım və faydalandığım məqamlara qısaca toxunası olsam aşağıdakıları qeyd edərdim: 

"Börninq Buş" əməliyyatı - Hekayədə təsvir olunanlar çoxqatlı konspirasiya və absurd iddialara əsaslanır. Əhvalatlar dünyanın siyasi-iqtisadi proseslərini idarə etmək məqsədi ilə Amerika prezidentinin "beyni"nə yol tapmağa çalışan Rusiya Xüsusi Kəşfiyyat Orqanının adi bir vətəndaşla əməkdaşlığından gedir. Dini əqidələrin istismar edilməsi və manipulyasiyası qabardılıb və ciddi satira elementləri əlavə edilib. Müəyyən anaxronizm elementləri də var. Sonda müasir dünyamızda hər şeyin başladığı və bitdiyi məkana - bazara olan vurğular əsas obrazın fonunda kapitalizmlə insan təbiəti arasında yaranan uçurumu ideal təsvir edir. 

"Al-Efesbinin zenit kodları" - Hekayədə rus xarakterinin və antirus partizan qüvvələrinin ruhu çox gözəl bədii dil ilə modern üslubda təsvir olunub. Bu hekayənin məğzi postsovet ölkələri üçün doğmadır və onları anlamaq çox asandır. Ortada Pelevin sehrinin oması məsələyə əsl dad-duz qatır. Hekayənin sonunda SSRİ-nin dağılmasından sonra sovet insanlarının necə transformasiyaya məruz qalmasının üzərində apardığı manipulyasiyalar möhtəşəmdir. "Al-Efesbinin zenit kodları" ""Börninq Buş" əməliyyatı" hekayəsi ilə ortaq cəhətlərə malikdir. Belə ki, hər iki hekayədə mövhumatların, xurafatların və dini görüşlərin müasir dünyamızdakı istismarına dair maraqlı gedişatlar təsvir olunub. 

"Kölgə seyirçisi" - Frilanser bələdçi Oleq Hindistanda çalışarkən qəribə məşğuliyyət növü tapır. O, kölgə ilə söhbət etməyi öyrənir. Nəticədə heç vaxt işığı söndürmür və bütün günü meditasiya edir. Sonradan işlər heç də yaxşı yöndə cərəyan etmir. Düzdü, Oleq çox şeyi başa düşür, dəyişir və başqası olur, amma kənardan heç də belə görsənmir. Yoxsa, Pelevin bu dəfə də obrazlarını şizofreniyaya yoluxdurub ki, oxucuları maraqlı vaxt keçirsin?

"Txaqlar" - Arzular yerinə yetir dostlar, amma xeyir naminəmi, yoxsa şər naminəmi? Qəribə dini fikirləri olan gənc öz ilahəsinə xidmət etmək üçün bütün dünyanı ona qurban verməyə hazırdır, lakin talenin ironiyasına bax ki, özü ona qurban olur. 

"Yaxşı təcəssümlər oteli" - Bu hekayə isə Pelevinin ortalama dəst-xəttindən qat-qat aşağı olan, hədəf kütləsi əsasən uşaq və yeniyetmələrdən ibarət, zəif bədii parçadır. Hekayələr toplusuna yaxşı başlanğıc vermək və yaxşı sonlandırmaq mühüm məsələdir. Eynilə romanlardakı kimi, lakin Viktor Pelevin "Yaxşı təcəssümlər oteli" hekayəsi ilə sonluğu tərtib etməkdə uğursuz oldu. Süjet və mövzu əhəmiyyətsiz, sadəcə xəfif fantaziyaya və radikal səmimiliyə əsaslanır. Təbii ki, özündən öncəki hekayələrin mövzusu - teologiya ilə müasir populyar cəmiyyətimizin inteqrasiyası müəyyən mənada qorunub-saxlanılıb. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi