Kenzaburo Oe - Qəlbimə qədər suvar məni

ENG: Kenzaburo Oe - The Flood Invades My Spirit
RUS: Кэндзабуро Оэ - Объяли меня воды до души моей...

"Qəlbimə qədər suvar məni" müasir yapon yazıçısı Kenzaburo Oenin ən məşhur əsərlərindən hesab olunur. Bu pritça-antiutopiyanın əsas mövzusu insan ilə cəmiyyət, uşaqlarla böyüklər və maddi dünya ilə mənəvi dünya arasında olan dialoqlar, qarşılıqlı münasibətlərdir. Romanın belə adlandırılmasına səbəb İncildən götürülən bir sitat olmuşdur. 

Mən yapon ədəbiyyatının, xüsusilə də müasir yazıçılarının əsl azarkeşiyəm. Haruki Murakamidən 13 kitab oxumuş birisi kimi vaxtaşırı özümü bir yapon kimi də hiss etmişəm. Yaponiya mədəniyyətinə, cəmiyyətinə və adət-ənənələrinə böyük hörmətim var. Bu səbəbdən onların bədii ədəbiyyat nümunələri ilə daha çox tanış olmaq niyyətindəyəm. Bu mənə onlara yaxın olmağa və onları yaxından tanımağa böyük şərait yaradır. Lakin Kenzaburo Oedən oxuduğum "Qəlbimə qədər suvar məni" çox anlaşıqsız, qeyri-müəyyən və xaotik bədii təcrübə yaşatdı. Əslində bunun səbəblərini yazıçıda və ya əsərin özündə axtarmağı tam olaraq obyektiv hesab etmirəm. Ola bilsin mənim həmin ərəfədə olan əhval-ruhiyyəm, emosiyalarım və düşüncələrim romanın mövzu ilə bir-birinə çox uzaq olmuş və aramıza böyük sədd çəkmişdir. Bəlkə rus dilinə olan tərcümə pis idi? Hər şey ola bilər, amma hal-hazırda görünən odur ki, aldığım təəssüratlar və başa düşdüklərim bir ədəbi parçadan ala biləcəklərimin minimumunu əmələ gətirib ki, bunu da itki hesab etməmək üçün əlimdə heç bir səbəb yoxdur. 


Obrazlar kifayət qədər dumanlı, süjet naməlum, hadisələr absurd, mövzular qeyri-müəyyəndir. İfrat bədiilik müşahidə olunur. Bu o deməkdir ki, yazıçı hər addımbaşı hər şeyə bədii dil ilə yanaşaraq, oxucunu uzun müddət tədirgin saxlayır, oxucuya imkan vermir ki, yaradılmış dünyaya tam uyğunlaşsın və orada öz mövcudluğunu təmin etsin. Oxucu özünü sərbəst hiss etmir, ən azından mən lazım olan mühitə və ruh halına daxil ola bilmədim. Hər şey çox bulanıqdır. Məntiqi ardıcıllıq və süjetin aktuallığı oxucu üçün konkret məna kəsb etmək xüsusiyyətinə malik deyil. 

Hər bir halda gələcəkdə yazıçıdan başqa bir əsəri oxumaqda qərarlıyam. Belə olan hallarda çalışıram ki, yazıçının digər əsərlərindən də ən azı bir-ikisi ilə tanış olum, çünki sadəcə bir əsərlə yazıçını tam dərk etmək, onu tanımaq olmur. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi