Yalçın İslamzadə - Göydən yerə

Gənc intellektuallardan sayılan Yalçın İslamzadənin “Göydən yerə” adlı kitabı işıq üzü görüb.  İki hissədən ibarət olan kitabın birinci bölümündə müəllifin esseləri, ikinci bölümündə isə tərcümələr yer alır.  Kitabda Azərbaycan cəmiyyətinin problemləri elimi-fəlsəfi məqalələrlə analiz edilir (azadliq.org).

İlk öncə "Göydən yerə" haqqında bir neçə iradım olacaq, sonra bəyəndiyim məqamları haqqında da bir-iki söz deyəcəm ki, birtərəfli fikir deyən birisi kimi görünməyim. Birincisi, müəllifin məqalə yazmaq vərdişləri silsiləyə əsaslanan, davamlılıq göstərən tərzdədir. Məsələn, müəllif əgər "A" başlıqlı məqaləsində dönə-dönə Ramiz Rövşən poeziyasını tənqid edibsə, "B" və "C" başlıqlarında da həmin prosesi davam etdirib (Ramiz Rövşən məsələsinə qayıdacam). Şəxsi fikrimcə, əsl məqalə və ya esse toplsunuda yer alan əsərlər bir-birindən müstəqil, fraqmentasiya olunmuş və fərqli səpkidə olmalıdır. Ən əsası isə müəyyən yenilik bəxş etmək xarakterinə malik olmalıdır. Belə olmadıqda, məqalə toplusu deyil, əsasən yarı roman, yarı monoqrafiya oxumuş olursan. Belə kitablar yorucu olur və yenilikçi olmur, sərf olunan resurslara dəymir. İkincisi, müəllif ifrat dərəcədə dinin və bədii ədəbiyyatın tənqidinə enerji sərf edir və bizi də eyni işi görməyə məcbur edir. Bu cümlələrə diqqət edək - Olduqca sadə və dəfələrlə təsdiqlənmiş bir həqiqəti qəbul etmək lazımdır: Dinlə inkişaf etmiş bir cəmiyyət belə yoxdur, eləcə də elmsiz inkişaf etmiş cəmiyyət mövcud deyil. Şərqin dindarlığından, təslimçiliyindən, nəsihət nəzmindən, elmə, prozaya, bəşəri elmlərə (sosiologiya, psixologiya, antropologiya, sosial-psixologiya, menecment nəzəriyyəsi), Webervari bürokratiyaya (bilgi təməlli idarə) keçmək lazımdır. Dini-mifolojik-poteik təfəkkürdən elmi-rasiyonal düşüncə müstəvisinə yüksəlmək lazımdır. Bir ulusun tarixin hansı mərhələsində olması onun düşüncə sisteminə baxaraq anlaşılar, mütərəqqi dünyanın ölkələri elmin, sekulyar düşüncənin, sosial elmlərin və menecmentin sferasındadırlar. Bu cümlələrdə mən əsasən müəllifin dindən aldığı psixoloji travmaları sezirəm. Ümumiyyətlə, düstur, hipotez və "teoriya" dili ilə danışan elm adamları nominalizmin əsiri olduqlarından bixəbərdirlər. Müəllif iddia edir ki, biz canlı varlıq kimi gərək bütün mənəvi ehtiyaclarımızın üstündən xətt çəkək. Nəyəsə inanmayaq, xəyallar aləmimiz olmasın, nədənsə təsirlənməyək. Karl Marks əminin din haqqında fikirlərini xatırlayanda, həddini aşmış dinin və ya analoji şeylərin cəmiyyətlərə zərərli olduğunu açıq və aydın şəkildə təsəvvürümdə canlandıra bilirəm. Hətta əyaniliyinin də şahidi olmuşam, amma yenə də radikal mövqe sərgiləməkdən çəkinməyin tərəfdarıyam. Bacarırsansa, ortaya elə bir şey gətir qoy ki, insanlar da dörd bir tərəfdən axışıb sənin yanında məqam tutsunlar ki, səsinə də qulaq versinlər. Ümumiyyətlə, bəşər tarixində mütləq həqiqəti tapan olubmu? Bəs niyə görə bu missiyanı Yalçın bəy öz antidin mövqeyi ilə üstələnib? Özü ideologiyaların separatizmindən bəhs edib, amma əslində özü də həmin separatizmə meyillənir.  Üçüncüsü, Yalçın bəyin yazı üslubu, yazı tendensiyası ilə əlaqədar məqamdır ki, mənim məntiqim bununla razılaşa bilmir. Müəllif elmin önəmini dəfələrlə vurğulayaraq, bütün dünyanı homogenləşdirmək uğrunda öz tezislərini və fikirlərini müdafiə edir. Mən belə yanaşma ilə razılaşa bilmərəm, çünki homogenləşmə insan təbiətinə yad bir şeydir. Dünyada hamı elm adamı ola bilməz. Biz çoxuq. Dolayısı ilə də mənəvi tələbatlarımız, ehtiyaclarımız və istəklərimiz də müxtəlifdir. Məhz buna görə də dünyada bədii ədəbiyyat, musiqi, rəssamlıq, heykəltəraşlıq var. Müəllifin təzaddolu fikirlərinin hansı nöqtədən başlayıb, hansı nöqtəyə getdiyini izləmək bəzən çətin olurdu. Dördüncüsü, şəxsi tənqidlərlə əlaqədardır. Ramiz Rövşən və Rafiq Əliyev kimi şəxslərin tənqid edilməsi bir fizik nöqteyi-nəzərdən nə dərəcədə aktual və haqlıdırsa, kitabın mahiyyəti də o dərəcədə dəyərlidir. Müəllif, sanki çox qəti iddiaları ilə Ramiz Rövşəni mənəvi dünyada qətlə yetirməyə çalışır. İndi belə bir sual doğur, niyə? Nə mənası var belə şeyin? Hansı yeniliyi, faydanı təmin etdi? Təbii ki, müəllifin özünə görə ortada nə isə var, amma şəxsən mən belə şeyləri faydasız hesab edirəm. Qoçaq insan özü ortaya gətirib nə isə qoyar və gözləyər ki, cəmiyyət öz formasiyasını sənin ortaya qoyduğuna görə tənzimləsin. Ramiz Rövşən şairdir, belə düşünür, belə yaradır. İstəyən də onu oxuyur. Bədii ədəbiyyat və din kimi həssas mövzularda insanları nəyəsə çağırmaq, qeyri-effektiv bir şeydir. Odur ki, bu dörd iradım "Göydən yerə" və Yalçın İslamzadə ilə əlaqədar məyusluğumun mərkəzi oxunu formalaşdırdı.

Kitabın ümumilikdə razı qaldığım yerləri az oldu, amma oldu. Hətta bəzən yarıda qoymaq, daha maraqlı və öyrədici kitablara vaxt sərf etmək istəyimi güclə ört-basdır elədim, çünki oxuduqlarımı yarıda qoymaq prinsipial olaraq mənə ziddir. Axı sonda mən kitab haqqında fikir söyləməliyəm. Lakin kitab ilə əlaqədar razı qaldığım xüsusiyyətlər də var. Məsələn, Yalçın bəyin ümumilikdə elmə və təhsilə, maariflənməyə çağırışlar etməsi, düzgün və obyektiv olaraq inkişaf yolunu bilməsi, real faktlara və kitabı maraqlı məlumatlarla təchiz etməsini nümunə göstərmək mümkündür. Bəzi maraqlı anlayışlar, məsələn, buddist iqtisadiyyatı və Stendford həbsxana təcrübəsi kimi maraqlı şeyləri sonra araşdırmaq üçün özümdə qeyd etdim. "Tanrısız din buddizm", "Gerontokratiya və Maslov piramidası","Halal siyasətin sonu","Mason müəllim" bəyəndiyim başlıqlı məqalələr oldu. Bu məqalələrdə müəllif oxuculara nisbi olaraq daha əhatəli və maraqlı mətn ötürməyi bacarıb. Kitabın sonunda yer almış "İ. Kant. “Aydınlanma nədir?” sualına cavab", "E. Fromm. İnsan əşya deyil" və "S. Grof 2012: Dünyanın sonu yoxsa şüurlarda inqilab?" tərcümələri də faydalı oldu. Hər bir halda bunlar üçün müəllifə təşəkkür edirəm.

Xülaseyi-kəlam, müəllifin bu məqalələr toplusu həyatımızı əmələ gətirən hər bir sahədə din elementlərinin axtarıb-tapılması və onların tənqidinə əsaslanan, insanları əsasən eyniləşməyə çağıran, heç bir yenilikçi xüsusiyyətə malik olmayan (əsasən adi ensiklopediya məlumatlarının təkrarı kimi də qiymətləndirmək mümkündür) və maksimal dərəcədə subyektiv yanaşmaları özündə əks etdirən bir kitabdır. Təəssüf ki, son dövrlər kifayət qədər aktiv olaraq ictimaiyyət arasında gəzişən Yalçın bəyin bu kitabı məni məyus etdi. 

Yalçın İslamzadə - Göydən yerə.

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi