Aleksandr Belyayev - Ecazkar göz

RUS: Александр Беляев - Чудесное око

Okean paraxodu "Leviafan" Atlantik okeanında qəzaya düşərək batıb. Qəza ilə birlikdə həm də sivilizasiya üçün olduqca dəyərli olan mühəndis-energetik, alim Blasko Xurqesin ixtiraları da suyun dibinə qərq olub. Təsadüfən isə, Xuqesin məktubu jurnalist Azoresə gəlib çıxır və qəhrəmanımız Argentinaya səfərə çıxmalı olur. Xurqesin çox dəyərli kəşflərini axtarıb-tapmaq üçün SSRİ-nın araşdırmaçılar qərargahı və dənizçiləri cəlb edilirlər. Axtarışlar rəqabətsiz ötüşmür. Qızılaxtaran avantürist Skott, Sovet heyəti ilə münaqişəyə daxil olur. Problem isə mütləq SSRİ-nin qələbəsi ilə nəticələnməlidir...


Əsərin bəlkə də ən mühüm və maraqlı xüsusiyyəti ondan ibarətdir ki, 1935-ci ildə yazılmağına baxmayaraq, bu günkü dünyamızın reallıqlarını əsl peyğəmbərcəsinə proqnozlaşdıra bilir. Məhz bu səbəbdən mən Aleksandr Belyayevi çox sevirəm. Onun əsərlərini oxuyanda, insan zehninin, şüurunun və təxəyyülünün necə də gələcək dünyanı formalaşdırdığının əyani şahidi olursan. Məsələn, günəş batareyaları, müasir internet əlaqəsi, atom energetikası, kosmik peyklər və media vasitələrinin təkamülü çox möhtəşəm dərəcədə dəqiqliklə təsvir olunub. "Ecazkar göz" haqqında gələcəkdə də düşünəndə məhz bu məqamlar mənim ağlıma ilkin olaraq gələnlər sırasında olacaq. Daha sonra təbii ki, tipik Belyayev süjeti və üslubu ilə qarşı-qarşıyayıq: kommunistlərin həqiqət axtarışı, bəşəriyyətə  fayda vermək cəhdləri və SSRİ-nin digər cəmiyyətlərlə müqayisədə təmizliyi və paklığı. Bütün bunlar propoqanda xarakteri daşısa da, nə mənə, nə də qeyrilərinə kənarlaşdırıcı təsir bağışlamır. Əksinə, Sovet dövrünün romantikası və ideoloji reallıqlarını öyrənmək üçün ideal mənbə mahiyyəti qazanır. 

"Ecazkar gözə" alim Xurqesin kəşflərini SSRİ-yə ötürmək üçün dənizaltı kamera vasitəsi ilə (yazıçı bunu sualtı televizor adlandırır) gəminin axtarışlarından bəhs edir. Skafandr, okean canlıları və digər maraqlı tapıntılar əsərin macəravi xarakterini müəyyənləşdirir. Ən əsas məsələlərdən birisi də o oldu ki, Belyayev, Albert Eynşteynin işlərini proqnozlaşdıra bildi. Atomun bölünməsinə nail olmaq və ondan bəşəriyyət üçün istifadə etmək həmin dövrdə ən az bilinən məlumatlardan idi. Mən düşünmürəm ki, Aleksandr Belyeyev hansısa mistik qüvvəsi və ya fövqəlşüuru ilə bu məlumatı öyrənə bilib. Görünür, həmin ərəfədə bununla əlaqədar işlər gedirmiş və Almaniyanı yaxından izləyən bir insan kimi, yazıçı Eynşteynin də ambisiyalarından xəbərdar olub. Odur ki, bu maraqlı məqamı öz "Ecazkar göz" əsərinə də əlavə edib və alim Xurqesin timsalında bu kəşfi əbədiləşdirib. 

"Ecazkar göz" ötən əsrin 30-cu illəri, SSRİ və həmin dövrün elmi nailiyyətlərindən bəhs edən maraqlı və səmimi əsərdir. "Amfibiya adam""Professor Douelin başı" əsərlərindən fərqli olaraq, Belyayevin digər əsərlərində SSRİ-nin təbliğinə dair propoqandik məlumatlar və bilgilər çoxluq təşkil edir. Bu əsər də bu məsələdə istisna olmadı. Həmin illərdə sürətlə və inamla inkişaf edən kommunizmin təbliği normal sayılmalıdır. Hər şeydən əlavə, Belyayevin romanları çox səmimi macəralardır və elmi-fantastika elementləri böyük ustadın dəstxəttini unikallaşdırır. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi