Monday, 4 August 2014

Aleksandr Belyaev - Professor Douelin başı - Александр Беляев - Голова профессора Доуэля

Aleksandr Belyaevin ən çox tanınmış əsərlərindən olan "Professor Douelin başı" illərdir ki gələcəyin elm dünyasına elmi əxlaq dərsi keçir. İllər keçsə də aktuallığını itirmir. Baş ayrılıqda bədənsiz öz mövcudluğunu təmin edə bilərmi? Professor Douel üçün bu sadəcə elmi məqsəd daşıyır, amma professor Kern üçün isə şöhrətpərəstlik xəstəliyi öz sözünü deyir. Yazıçı mümkünsüzü mümkün edib onun nəticələrini dəyərləndirməyə çağırır.  

Yazıçının kədərli tərcümeyi-halı və şəxsiyyəti - Aleksandr Romanoviç Belyaev sovet dövrünün elmi-fantastikasının əsasını qoymuş yazıçı-fantastdır. Onun əsərləri gələcək zamanın ən aktual elmi-texniki problemlərini işıqlandırır. 

O, Smolenskdə pravoslav keşişin ailəsində anadan olub. Bacısı və qardaşı xəstəlikdən dünyalarını dəyişdiklərindən, atası Aleksandrda öz işinin davamını görmək istəyirdi. Elə bu səbəbdən atası oğlunu dini seminariyaya göndərir. Buna baxmayaraq atasının arzusu yerinə yetmir və Aleksandr seminariyanı ateist olaraq tərk edir. Atasına qarşı prinsipə Yeraslavlda yerləşən Demidov hüquq liseyinə qəbul olur. Atasının ölümündən sonra özü pul qazanmağa məcbur olan Alkeksandr, müəyyən müddət teatr üçün dekorasiyalar çəkmək, orkestrda musiqiçilik və repititorluq kimi işlərlərlə məşğul olsa da, qısa müddət ərzində tanınmış hüquqşünas olur və bu onun maddi vəziyyətini bir xeyli yaxşılaşdırır. Lakin 1914-cü ildə ədəbiyyat və teatr üçün hüquq sahəsini tərk edir. 35 yaşında isə ağır dərəcədə tuberkulyoz-plevrit xəstəliyinə düçar olur. 6 il yataq xəstəsi olur. Həyat yoldaşı onu "Mən xəstə insana baxmaq üçün ərə getməmişəm deyərək" onu tərk edir. Yazıçı bir müddət yaşlı anası və dayəsi ilə Yaltada yaşayır. Tibb, xarici dillər, tarix, texnika kimi elmləri öyrənir və Jül Vern, Herbert Uells və Konstantin Siolkovskinin əsərlərini oxuyur. 1923-cü ildən etibarən isə ciddi ədəbiyyat ilə məşğul olmağa başlayır. Yazıçı "Sovetin Jül Verni" adını qazanmağa müəyəssər olur. Xəstəlikdən iki qızını itirir və 1942-ci ildə, İkinci Dünya müharibəsi vaxtı acından ölür. 

O, maraqlı şəxsiyyətdir. Uşaq yaşlarından musiqi, ədəbiyyat və uçmağa hədsiz maraq göstərir. Yazıçı insan psixikası və beyninin funksiyaları, onların həyat, şüur, ruhla əlaqələrini öyrənkək istəyirdi, araşdırırdı. Beyin transplantasiyası mümkündürmü? Anabioz və onun geniş tətbiqləri hansı nəticələrə səbəb ola bilər. Bəs gen mühəndisliyi? Bütün bu problemlərin həllinə istiqamətlənmiş "Professor Douelin başı", "Sifətini itirmiş insan", "Yatmayan insan" və "Hoyti-Toyti" kimi əsərlər həsr olunmuşdur. O, öz əsərlərində gələcəkdə baş verəcək elmi nəaliyyətlər haqqında geniş məlumatlar vermişdir. "KES Ulduzu" əsərində müasir kosmik gəmilər haqqında ideyalar var. "Amfibiya insan" romanında isə transplantasiya haqqında təsəvvürlər yer alır. "Əbədi insan" əsərində biokimya və genetika elmlərinin uğurları haqqında danışılıb. "Ariel" romanı daha diqqətəlayiqdir. Çünki orada yerin cazibə qüvvəsinə qalib gələn insan haqqında söhbət gedir. O, heç nəsiz uça bilirdi. 

Bütün bunlar ötən əsrin 20-30-cu illərində yazılmaları maraqlıdır. Bu yazıçının necə də möhtəşəm elmi təfəkkür və təxəyyülə sahib olduğunu göstərir. Belə yazıçılar zaman fərqi olmadan oxunmalıdırlar. Çünki onların işıqlandırdığı mövzular sadəcə elmi nəaliyyətlər deyil, bu elmi nəaliyyətlərin fəlsəfi, psixoloji, bioloji və nə əsası isə əxlaqi nəticələri haqqında düşüncələrdir. 

Professor Douellin başı - Həyəcanverici süjet, elmi nəaliyyətlər və onların elmi və əxlaqi nəticələri, satqınlıq, səmimilik, vicdan kimi elementlər romanı izah etməyə kifayət edə bilər, amma bu məsələnin sadəcə bir tərəfidir. Digər tərəfdən mən elmi fantastikanın necə də vacib janr olduğunu görürəm. Məhz bu janrda kəskin əxlaq və etik mövzular, real problemlər nəzərdə tutularaq işıqlandırılır və yeni yanaşmalar kəşf olunur. 

Birnəfəsə oxunan "Professor Douelin başı" bəzi məqamlarda qorxulu, bəzi məqamlarda mehriban və səmimi, bəzi məqamlarda isə gülməli xüsusiyyətləri ilə dünya ədəbiyyatında öz yerini tutmuş əsər hesab olunur. Ən əsası isə bu o əsərlərdən biridir ki, oxumağa başladıqdan sonra yalnız son səhifələrdə real həyata qayıda bilirsən və əsərin yaratdığı xoş təəssüratlar uzun müddət öz təsiri göstərir və sən hansı kitabsevərlərlə söhbət edirsənsə, son zamanlarda oxuduğun bu kitab haqqında gen-bol məlumat verirsən. 

Düşünürəmsə varam... - Rene Dekartın məşhur sitatı bir çox düşünürə yön göstərici olub. Axı bu mövzu həmişə insanın marağında olub: ruh insan bədəninin hansı hissəsindədi. Bu suala cavab qədim dövrlərdən insanları düşündürüb. Maraqlısı isə odur ki, xüsusiylə Okeaniya qəbilələri ruhun hardasa böyrək nahiyəsinin yaxınlığında olduğunu qeyd edirdilər. Bundan da daha maraqlısı odur ki, bu qəbilələr bunu bir-birilərindən xəbərsiz olaraq deyirdilər. Bu ayrı mövzu olsa da, elm insan beynini hər şeydən önəmli hesab edir. Elə Belyaev də insan beynini əbədiyaşar etdi. Beyin isə "Düşünürəmsə varam" fikrini öz-özünə təkrar etdikdə varlığının fərqinə varır. Belyaev Douel, Brike və Toma obrazları ilə bizə düşünməyi bacaran insanlarla, düşünməyi bacarmayan insanları (bir az kobud səslənə bilər) ölümlərindən sonra, daha doğrusu bədənsiz formalarını müqayisə etməyə çağırır. 

Onu deyim ki, romandakı bütün maceraları kənara qoysaq, məni düşündürən əsas məsələ sadəcə baş formasında mövcud olmağın zavallılığı idi. Çünki belə olduqca tamamilə kənar amillərdən asılı qalıb heç bir şeyə qabil olmursan. Hətta insanın ən son edə biləcəyi şey olan intihar belə. Ona görə də düşünürəmsə varam fikri doğru ola bilər, amma başdan aşağı bədənsiz olmaq sadəcə məhrumluğun çox yüksək dərəcəsidir. Buna baxmayaraq, professor Doueli elmə olan həvəs və pak niyyət "ayaqda" saxlayırdı. O, özü də başa düşdü ki, əslində ən yaxşısı universal mexanizmə tabe olub bütün canlılar, bütün insanlar kimi normal ölməkdir. Normal, öz əcəli ilə ölmək gələcəyin dünyasında böyük xoşbəxtlik ola bilər. 

Nəticələr - Müxtəlif insanların baş və bədənlərinin yer dəyişməsi, oxucuya yeni və inanılmaz düşüncə üfüqləri bəxş edir. Yazıçı bunu yaxşı təsvir edir və oxucunu düşündürməyə çalışır. Elm adamlarının hansı məqsədlər üçün çalışdıqlarının, hansı sosial təbəqələrin "baş" formasındakı həyatlarının necə olacağı (bir növ düşüncə tərzlərinin), xəstəlik və çətinliklərlə mübarizə yolları, ölümə qalib gəlmək kimi nüanslar sizi də maraqlandırırsa, dərhal kitabı oxuyun. Digər bəzi resenziyalarda əsərin daha çox uşaq və yeniyetmələrə istiqamətləndiyini, şablonların çox olduğunun, bəzi məqamların yersiz və nağılvari olduğu qeyd olunur. Mən bu fikirlərlə razı deyiləm və əsər haqqında tam fikrimi bu yazı ilə kifayət qədər geniş formada bildirdiyimi hesab edirəm. 

No comments:

Post a Comment