Filip Dik - Ubik

Philip K. Dick - Ubik
Филип Киндред Дик - Убик
 O, reallıq pəncərəsinin şüşəsi ilə toqquşan aciz pərvanə kimi hər şeyi eyni anda hiss etməyə başladı və bulanıq şəkildə onu kənardan gördü. 

Romanda baş verən hadisələr 1992-ci ilin "Şimali Amerika Konfederasiyası"nda cərəyan edir. Bu elə bir vaxtdır ki, insanlar tez-tez Aya səyahət edir və psi-fenomenlər geniş yayılıb. Romanın baş qəhrəmanı Co Çipdir. Co Çip Qlen Ransayterin işçisidir. Qlen Ransayter isə şəxsi təhlükəsizliyi təmin edən şirkətin rəhbəridir. Bu şirkət xüsusi psixi bacarıqlara sahib olan insanlar tərəfindən yayılan təhlükə ilə mübarizə aparır, anti-telepatiya və fikirlərin oxunmasının qarşısını almaqla məşğul olur. Buna baxmayaraq, Ranseyter şirkəti təkcənə idarə etmir. O, yarıhəyat vəziyyətində olan arvadı Ella ilə məsləhətləşir. Qəribə hadisələr və möhtəşəm psixi tələlər Co Çipi tapmacalar labirintinə salır. Bu dolanbacdan xilas olmağın çıxış yolu isə görsənmir ki görsənmir...
Qapı açılmaqdan imtina etdi. ""5 sent" zəhmət olmasa" - dedi. 
Filip Dik
Filip Dik Azərbaycan oxucusu üçün bir o qədər də tanış ad deyil. 1928-ci ilin dekabr ayında dünyaya gələn yazıçı, ABŞ-ın, eləcə də bütün dünyanın ən məşhur elmi-fantastika yazıçılarından birisidir. Dik öz əsərlərində avtoritar hökümətlərin və inhisarçı korporasiyaların iştirakı ilə müərkkəb fəlsəfi, sosial və siyasi mövzular çərçivəsində əsərlər yazıb yaradıb. Onu da deyim ki, bu əsələrdə baş verən hadisələr normal təfəkkür dərəcəsində baş verən hadisələr deyil. Əgər siz "Blade runner" və "Minority report" kimi məşhur filmlərlə tanışsınızsa, o zaman nə dediyim haqda müəyyən qədər təsəvvürə sahib olmuş olacaqsınız. Yazıçının əsərləri əsasən elə özünün metafizika və teologiyaya olan maraqlarını və yanaşmalarını əhatə edir. "Scanner darkly" və "VALİS" kimi əsərlərdə narkotik maddə qəbulu, şizofreniya, paranoya və transendental təcrübələr ətrafında cərəyan edən hadisələrdən bəhs olunub. "The man in the highest castle" əsəri isə alternativ tarix janrının ən parlaq və ideal nümayəndəsi hesab olunur. Bu əsər ona 1963-cü ildə Hüqo mükafatını qazandırır, hansı ki, bu mükafat elmi-fantastika janrının ən yaxşı nümayəndələrinə verilir və obyektivlik əmsalı olduqca yüksəkdir. Dik "Mən həmişə əsərlərimdə bu kainatı sorğulamışam. Mənə həmişə maraqlı gəlib ki, o realdırmı, ya da biz realıqmı?" kimi fikirləri xüsusilə vurğulayıb. Dik sidq-ürəkdən inanırdı ki, reallıq bir deyil, paraleldir və paralel dünyalar, alternativlik bu kainatın hələ kəşf olunmamış başqa bir xüsusiyyətidir.

Yazıçının nəşr olunmuş 44 romanına əlavə olaraq zaman-zaman elmi-fantastika jurnallarında nəşr olunan qısa hekayələr də daxildir. Yazıçı demək olar ki, ömrünün sonunadək yoxsul vəziyyətdə yaşayıb. Baxmayaraq ki, əsərlərinə məşhur filmlər çəkilib. 2005-ci ildə isə "Taym" jurnalı Ubik-i 1923-cü ildən bu yana yazılmış ən yaxşı 100 ingilisdilli elmi-fantastika arasına daxil edib. Yazıçının həyatı müəmmalarla zəngindir. Yazmaqla bitməz. Elmi-fantastika dahisi 1982-ci ilin mart ayında hospitalda dünyasını dəyişir. Atası onu Kolorado ştatında yerləşən Fort Morqanda yerləşən Riversayd kremeteryasına apararaq, əkiz bacısı Ceynin də 53 yaşında yandırıldığı yerdə kremasiya etdirir.

Ubik elə əsərdir ki, onu günlərlə oxumaq olmaz. Onu gərək ən qısa müddətdə oxuyasan. Əsərin dinamikası, məzəsi və intellektual səviyyəsi oxucunu kitabı fasiləsiz olaraq oxumağa sövq edir. Bu maraqlı xüsusiyyət öz növbəsində heç də bütün kitablarda olmur. Ubik ezoterik və nəzəri analiz baxımından zəngin əsərdir. Əsərin baş qəhrəmanı Co Çip çoxsayılı və paralel reallıqları bir-birindən ayırmalı, kim olduğunu, harada olduğunu və həqiqətin harada olduğunu axtarıb tapmalıdır. Bu yolda onu əhatə edən bir neçə obraz olsa da, biz ən əsas üç obrzla işləyirik - Qlen Ranseyter, Co Çip və Coye. Birinci iki obraz haqda məlumat verdim. Coye isə başqa bir maraqlı obrazdır. Belə ki, hadisələrin cərəyan etdiyi dövrdə və məkanda, insanlar soyuduculara salınaraq, ölümdən qaça bilirlər. Bu zaman xüsusi texnologiya sayəsində onların təfəkkür siqnallarına köklənmək mümkündür. Belə olduqda həmin şəxs yaxınları ilə əlaqədar saxlaya bilir. İnanın ki, bu məqamı başa düşməyim bir qədər vaxt apardı, amma məsələni tam təsəvvür edər-etməz yazıçının zəngin təxəyyülünə heyranlığı bir daha oyatdı. Coye isə "Sevimli qardaşlar" maratoriyumunda soyuducuda saxlanılan və qonşuluqda olan insanların psixologiyasına daxil olub onları "yeyən" bir növ manyakdır. Co bilmir ki, nə baş verib və necə olub ki, bütün hamı ilə üz-üzə gəlib. Əsas məsələdə məhz budur ki, hadisələri göründüyü kimi deyil, olduğu kimi dərk etsin.
- Mən yuxu gördüm, - dedi Ella, hər yeri qırmızı, qorxulu işıq bürüyürdü. Buna baxmayaraq mən onun üstünə gedirdim. Dayana bilmirdim.  - Əlbəttə, - dedi Ranseyter, Bardo Tedol "Tibetin ölülər kitabı", orada bunun haqqında yazılıb. Sən oxuduqlarını xatırlamağa başlayırsan, həkimlər sənə bunu vermişdilər..., - o, duruxdu, sən öləndə onu sənə vermişdilər ki, oxuyasan.
Gördüyümüz kimi Filip Dikin dünyası olduqca maraqlıdır və fərqlidir. 1992-ci ilin dünyası (əsər 1969-cu ildə yazılıb) olduqca kommersiyalaşdırılıb. Hər şey, praktiki olaraq hər şey, hətta evin qapıları da qəpik pullar vasitəsi ilə açılır. Ayda tibbi preparatlar pulsuzdur. İnsanların psixi bacarıqları inkişaf edib və bəziləri bunu peşə kimi istifadə edir və işləyirlər. İnsanlar ölümdən qaçmağı bacarırlar. Soyuducu moratoriumlarda onların şüuru yaşamaqda davam edir. Şüur yaşamağa davam edirsə, deməli, insan yaşayır. Çünki mən düşünürəmsə varam. Antik yunan fəlsəfi məktəbi gəlcəyin dünyasında hələ işimizə çox yaraya bilər. Yazıçı belə məqamları çox yaxşı istifadə etməyi bacarıb. "Ubik"də qədim sivilizasiyaların qoyub getdiyi fəlsəfənin xəfif mehi var. 
Mən ulduzları yaratdım. Dünyaları yaratdım. Mən həyatları və yaşadıqları yerləri yaratdım. Onları hərəkət etdirdim və orada yerləşdirdim. Onlar mən deyən yerə gedirlər, mən deyən kimi edirlər. Mən elə bir aləməm ki, adım heç vaxt deyilməyib, adımı heç kim də bilmir. Mən Ubik adlandırılıram, amma bu mənim adım deyil. Mən. Mən həmişə mövcud olacağam.
Yazıçı mövcud olan zaman məkan kəsişməsini bir nəfərin içinə sığışa biləcək dərəcədə kiçildib. Yaranmış yeni dünyalarda olduqca cəsarətli suallar verməyi bacarıb. Bu səbəbdən əslində romanın girişində müəyyən xəbərdarlıq edilməlidir: Bu roman sizin yaddaşınızı, məntiqinizi və emosiyalarınızı dəyişdirə bilər. Oxuyub bitirdikdən sonra əvvəlki sən aradan çıxa bilər. Ehtiyatlı olun və lazım olduğu təqdirdə həkimə müraciət edin. Eynilə belə xəbərdarlıqlar "Ubik" haqqında da edilirdi. Bəs yaxşı "Ubik" özü nə deməkdir? 

Hər fəslə girişdə Ubik haqqında məlumatlara rast gəlmək olar. Bu məlumatlar sonradan vəhdət halında əsəri başa düşməyə yardımçı olmq funksiyasını daşıyır. Unik hər şeydir. Hər yerdədir. "Ubik" əslində yazıçının allaha olan metaforasıdır. Əsərin müəyyən yerində Ubik sprey formasını alır. Bu onun üçün edilir ki, o insanlara əlçatan olsun. Bu spreyin gücü onun daxilindəki substansiyanın gücündə yox, onun insanlara verdiyi sözdədir. Allahın materiallaşıb əşya olduğu dünya nə dərəcədə real ola bilər? Maraqlı orasıdır ki, hər şeyin saxta və psevdo olduğu dünyalarda belə yeganə dəyişməyən həqiqət, hər yerdə olan və hər şeyə gücü çatan ilahi qüvvə konsepsiyasının heçdən var olmaq xüsusiyyətinə malik olmasıdır.

Bəzən Filip Dikin tənqidləri ilə də rastlaşmışam. Kasıb yazı üslubu və pis xarakterizasiyada günahlandırılan yazıçı, çox güman ki, Filip Dikin əsərlərini beyni ilə oxumayan oxucu və tənqidçilər tərəfindən belə bir mənasız tənqidə məruz qoyulub. Ümumiyyətlə tənqidlərə çox fikir verməmək lazımdır. Yaxşı tənqidçilərin fikirləri ilə tanış olmaq lazımdır və bəzən bu əsəri başa düşməkdə çox yaxından köməkçi olur, amma bəzən tənqid əsərin bütün romantikasını öldürür və ortaya quru-daqqanaq nə isə atıb, qorxaqcasına çıxıb gedir. Ona görə də xüsusilə elmi-fantastikada tənqid məsələlərinə çox fikir vermək lazım deyil. Əsas olan təxəyyülün sonsuzluğu və ideya yüküdür. Mütləq nəzərə almaq lazımdır ki, bəzən çox şey göründüyü kimi olmur və bəzən bəzi şeylər vaxtında qarşımıza çıxmır. 

Romanın ən maraqlı xüsusiyyəti obrazların zamanda və məkanda olan səyahətidir. Bu səyahət hansısa dahinin ixtiraları sayəsində yox, mental aləmdə baş verir və kənardan dünyanın necə müvafiq zamana görə adaptasiya olunduğunu görmək çox maraqlıdır. Romanın pərdəarxası, lakin ən kritik obrazı olan Coe, bu dünyanı elə dizayn edir ki, onun obyektivliyinə şübhə etmək mümkün olmur. 

Biz sonda nə əldə edirik? Ən əsas sual kimi bu sualın əslində cavabı yoxdur. Biz əsərin sonunda başladığımız yerə geri dönürük. Belə üslub müasir elmi-fantastikaya art-haus effekti verir. Emosional qıdıq oxucunu bir müddət girov götürür. Parlaq obrazlar, tutqulu süjet və hadisələr zəncirinin cingiltisi romanı beyin şırımlarına möhkəmcə həkk edir. Ona görə də mən həmişə əmin olmuşam ki, Filip Dik oxunmağa layiq yazıçılar komandasına liderlik edir. Ondan oxuduğum ilk kitab olmağına baxmayaraq, onun ideyalarına və əsərlərinə yad deyildim. Onun dünyasını yaşamaq üçün şans əldə etdiyim üçünsə ayrıca xoşbəxtəm. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi