Aleksandr Belyaev - Heçliyə sıçrayış

Əsərin orijinal adı:  Александр Беляев - Прыжок в ничто

Konstantin Eduardoviç Siolkovskinin əziz xatirəsinə həsr olunur.

Annotasiya


Aleksandr Belyaevin "Heçliyə sıçrayış" əsəri bir qrup qərbli kapitalistin kommunizm inqilabından qaçmaq macəralarından bəhs edən elmi-fantastik əsərdir. Kapitalistlər qəti qərar çıxarırlar ki, Yer planetində onlara xilas yoxdu. Odur ki, kapitallarının köməkliyi ilə kosmik gəmi - "Nuhun gəmisi"-ni tikdirərək kosmosa qaçırlar. Siolkovskinin ideyalarına əsaslanan və Venera planetində baş verən macəralar olduqca maraqlı və düşündürücüdür. Klassika bir daha öz sözünü deyir. 

Tarixçə


Yazıçı bu əsəri nəşriyyata ona ad vermədən təqdim edib. Üzərində çox düşünsə də romanı adlandırmaqda çətinlik çəkib. Nəşriyyatda romanı adlandırmaq üçün hətta mükafat da təyin edilib. Buna baxmayaraq elə yazıçının özü əsəri adlandırmağa müvəffəq olub. 

Əsər ilk dəfə 1933-cü ildə "Gənc qvardiya" nəşriyyatında reaktiv texnika, planetlərarası məlumatlar və stratosferin fəthi üzrə böyük sovet alimi professor N.A.Rıninin ön sözü ilə nəş olunur. İkinci nəşr isə K.E.Siolkovskinin ön sözü ilə nəşr olunur. 

Süjet


İnqilab ərəfəsi. Reaktiv mühərriklər sahəsində tanınmış alim-pasifist Leo Çanderə kapitalistlər təklif edirlər ki, Bolşeviklərlə mübarizə aparmaq üçün kütləvi qırğın silahı hazırlasın. Əks təqdirdə isə onun həyatına böyük təhlükə yaranacaq. Paralel olaraq qərbin bəzi böyük kapitalistləri və aristokratları yaxınlaşan sosial narahatlıqlar və inqilablarla mübarizədə Çanderə təklif edirlər ki, o, kosmik gəmi tikintisini icra etsin və onlar bu planetdən uzaqlaşsınlar. Alim təkliflə razılaşır və ""Nuhun gəmisi" Səhmdar Cəmiyyəti"-nin əsasını qoyur. Bu səhmdar cəmiyyət ulduzlararası səyahəti təmim edəcək bir neçə kosmik gəmi tikintisini üzərinə götürdü. 

Kosmosa yüksəldikdən sonra bir çox problemlər yaşayan heyət, Venera planetinə enməli olur. Bəlli olur ki, Venera planeti insanın yaşaması üçün kifayət qədər yaxşı şəraitə malikdir. Onlar müəyyənləşdirirlər ki, burada həyat qaynayır. Müxtəlif canlılar və faydalı qazıntılar kapitalistlərin sərvət ehtirasını yenidən alovlandırır. 

Heyət Venerada belə sinfi cəmiyyət yaradır. Qida ehtiyatı tükənən heyətin bəzi üzvləri zəhmət çəkmək istəmir. Bəziləri isə əməkləri sayəsində müəyyən düşərgə yaradır, orada əmək fəaliyyətləri nəticəsində kənd təsərrüfatı ilə məşğul olurlar. Qruplaşmalar yaranır. Bu müddət ərzində isə məlum olur ki, dünyada zaman çox irəli gedbi və Dünya İnqilabı çoxdan qələbə çalıb. Geri qayıtmaq cəhdləri də macərasız ötmür. 

Təhlil


Yazıçı olaraq Aleksandr Belyaevə olan məhəbbətim "Professor Douelin başı" əsərindən başladı. Əsər məndə o qədər böyük təəssüratlar dənizi yaratdı ki, yazıçının digər əsərlərini oxumaq qərarının üzərində qəti dayandım. Qısa müddət ərzində "Ariel", "Hoyti-toyri", "Üzünü itirmiş insan", "Sualtı əkinçilər", "Əbədi çörək", "Hava taciri" əsərlərini oxudum və yazıçının zəngin yaradıcıllığının digər nümayəndələrini də oxumalı olduğumu başa düşdüm. "Heçliyə sıçrayış" da özünəməxsus yeri ilə yaddaşıma həkk olundu. 

Yazıçının digər əsərləri kimi "Heçliyə tullanış" da dövrünün bir çox sosial problemlərinə öz elmi və etik yönlərdən tənqidi ilə düşündürücü xüsusiyyətə malikdir. Çox maraqlıdır ki, əsər ötən əsrin 30-cu illərində yazılsa da, günümüzdə rastlaşdığımız elmi texniki yeniliklər öz yerini tapıb. Bu baxımdan Aleksandr Belyaevi kosmosu beyni ilə fəth edən yazıçı da adlandırmaq olar. Eyni zamanda sosial, ictimai, siyasi və sair kimi məsələlərə yeni fəlsəfi yanaşmalar valehedicidir. 

Əsərin adını belə izah etmək olar ki, kommunistlərdən qaçan kapitalistlər kosmosda özlərinə yer tapa bilmirlər, başqa sözlə, heçlik içində itib batırlar. İnsan yaxşı başa düşməlidir ki, Yer planetindən başqa onun heç bir yerdə evi yoxdur. Venera planetinin Yersayağı istismar edilməsi belə insana oranı ev adlandırmağa mənəvi hüquq vermir. 

"Heçliyə sıçrayış" əsərində kapitalizm, din, aristokratiya, siyasət kimi insan cəmiyyətinin yaratdığı anlayışlar bütün çılpaqlığı ilə öz-özünü ifşa edirlər. Maraqlı epizodlar çox olsa da, xüsusilə dinin prinsiplərindən imtina etməsi və sui-istifadələr çox maraqlıdır. Əlbəttə əsərin propaqanda xarakterli ideologiyaya xidmət kimi xüsusiyyəti var, amma düşündürücülük fonu onu oxucunun gözündə ucaldır. 

İnsan əşyalara, var-dövlətə və saxta anlayışlara verdiyi dəyərləri də kosmosa daşımaq istəyir. Bu əsər bizə sübut edir ki, böyük kütlələrin daima kapitalizmi və ya hansısa ictimai-siyasi quruluşu günahlandırması boşa vaxt itkisindən başqa bir şey deyil. Çünki baş verən bütün ədalətsizliklər və onların nəticəsi olan çətinliklər insan təbiətinin təzahür formasından başqa şey deyil. Başqa sözlə, daha ədalətli, daha yaxşı, daha rahat həyata o zaman nail olacağıq ki, biz şüurumuzun varlığını əsas qəbul edib vəhşi instinktləri idarə edə bilək. Əks təqdirdə baş vermiş və hal-hazırda baş verən "narazılıq yaradan" məsələlərin Yer planetində də, Venera planetində də eyni olacağını böyük ustalıqla göstərdi.

Nuh peyğəmbər gəmisi ilə Yerdəki həyatı təbii fəlakətin cəngindən xilas etdi. İnsan şərindən xilas üçün də bizə şüurumuzu izah edəcək peyğəmbərə ehtiyacımız var. 

Əlavə nə demək olar. Sadəcə möhtəşəm. Bu sıçrayışda mən də iştirak etdiyimə görə şadam. 

Oxşar yazılar:
Aleksandr Belyaev - Professor Douelin başı
Aleksandr Belyaev - Ariel
Aleksandr Belyaev - Hoyti-toyti
Aleksandr Belyaev - Sifətini itirmiş adam
Aleksandr Belyaev - Hava taciri
Aleksandr Belyaev - Əbədi çörək
Aleksandr Belyaev - Sualtı əkinçilər

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi