Aleksandr Belyaev - Sifətini itirmiş insan - Александр Беляев - Человек, потерявший лицо

Tonio Presta möhtəşəm sənətkar (aktyor) olsa da, xarici görünüş baxımından kifirdir. Bu insan dahidir, lakin təlxək bədəni ilə yaşamağa və cəmiyyəti güldürərək həyatını qazanmağa məhkumdur. Ümumiyyələ insanın kifir sifətə və bədənə məhkum olaraq yaşamağı haqsızlıq deyilmi? Bu suala cavab həkim Sorokindədir. Hipofiz vəzi möcüzələr yarada bilər. İnsan bədəni axar çay kimidir. Müəyyən müddətdən sonra eyni görünsə də, bizim bədənimiz həmin bədən deyil. Bu elm və fəlsəfə ilə tanış olduqdan sonra Tonio Prestada ümid yaranır. Həyatını yaraşıqlı insan kimi yaşamaq arzusunu gerçəkləşdirmək üçün hərəkətə keçir. Lakin Tonio Presta unudur ki, yeni xarici görünüş eyni zamanda yeni şəxsiyyət və onun özüylə gətirdiyi yeni xüsusiyyətlərdir. Gəlin daha ətraflı təhlil edək.

Biz insanları onların sifətinə görə yadda saxlayır və tanıyırıq. İnsan sifəti insanın xarici görünüşünün ilk nümayəndəsidir. Beynimiz milyonlarla insanın üz cizgilərini analiz etmək qabiliyyətinə sahibdir. Məhz bunun sayəsində  müəyyən insan kütləsinin içərisində tanıdığımız insanı dartıb çıxara bilərik. Tanıdığımız insanın, əgər o, kişidirsə, bığ saxlaması və ya əgər o, qadındırsa, saç düzümünü azacıq da olsa dəyişməsi bizdə onu tanımaqda problem yaradır. Son dövrlərdə isə alimlər antropometrik xüsusiyyətləri analiz edərək dəyişməyən üz cizgilərini təhlil edərək insanı tanıyan texnologiyaların üzrəində işləyirlər. Lazım olduqda bəzi tryuklarla və plastik əməliyyatlarda bu sistemləri aldatmaq olar. Ümumiyyətlə xarici görünüşü dəyişməklə tamamilə yeni həyata start vermək olar. Bəs yaxşı siz sifətinizi və bədəninizi dəyişdirsəniz, amma əvvəlki həyatınızı davam etdirmək istəsəniz, o zaman necə olacaq? Ətrafdakı insanlara sizin siz olduğunuzu necə sübut edəcəksiniz? "Sifətini itirən insan" əsərinin baş qəhrəmanı Tonio Presta məhz belə bir problemlə rastlaşıb. O, sifətini dəyişərək taleyini əbədi olaraq dəyişmiş oldu. Gözləntiləri doğrulmasa da, bütöv bir nəhəng cəmiyyətə vacib dərs keçdi. Presta başa düşür ki, cəmiyyət kifirliyə qarşı qəddardır, amma o bununla yanaşı belə düşünür ki, cəmiyyət gözəlliyə qarşı da qəddar olmalıdır. Tonio Presta kifir təlxək kimi cəmiyyətin sevimlisi idi. İndi isə o yad birisidir. Çünki sifətini dəyişməyə müvəffəq oldu, amma istədiyi həyatı yaşaya bilmədi. 

Maraqlı nəticələr çıxır: insan orqanizminin dəyişməsi sadəcə plastik cərrahiyyə ilə deyil, eyni zamanda endokrin yöntəmlərlə də mümkündür. Belə ki, roman "hipofiz vəzinin fəaliyyətinə kimyəvi preparatlar ilə təsiri" mövzusuna əsaslanır. Belə ki, Rusiyadan ABŞ-a gələn rus həkim Sorokin deyir ki, insan bədəni heç vaxt olduğu kimi qalmır. O daima dəyişir. Biz bunu hiss etmirik, amma bu danılmaz elmi faktdır. Sorokin insanlara ikinci şans verməyə gəlib. Cırtdanlar, nəhəng insanlar, əllərindən, qollarından və ya sadəcə sifətlərindən narazı insanlarda ümid yaranır. 

Romanı oxuduqca kinematoqrafiya sənayesinin, insan  kütləsi və səhnə münasibətlərinin, şoular vasitəsilə cəmiyyətlərin necə idarə olunduğunun, dövlət orqanlarının ikiüzlülüklərinin, quldurlar aləmi ilə polislərin dostluğunun, reklamın necə də dəhşətli gücə sahib olduğunun necə də mükəmməl izah oldunğunu görürdüm və çox şeyi daha da dərindən dərk edirdim. Xüsusilə reklam. Roman bizə deyir ki, istedad ikincidərəcəli bir şeydir. Əsas olan reklamdır. Reklam insanı ucaldacaq yeganə üsuldur. İstedad isə o istedaddır ki, reklamsız olduqda neçə-neçə insanı aclıq və səfalət içində məhv edir. Mövzulara diqqət etdiniz deyilmi? Onu demək istəyirəm ki, kitab 1929-cu ildə yazılıb, amma bu günkü reallıqlarımızı necə də gözəl əks etdirir. Düşünmək olar ki, yazıçı ABŞ cəmiyyətini yaxşı başa düşürdü və bütün bunları dərin biliyi və intellektuallığı ilə ifadə edirdi, lakin həmin dövrdə olan faktorları nəzərə alaraq bütün bu nəticələri roman dili ilə insanlara çatdırmaq sadəcə dahilik tələb edirdi. Bu məsələdə sadə intellektuallıqla işin içindən çıxmaq olmaz. 

Belyaevin əsərlərinə resenziya yazmaq sevgi etirafı kimi çətin məsələdi. Dövrünün elmi səviyyəsindən qat-qat yüksək dərəcədə yazılan "Sifətini itirən insan" romanının bünövrəsində yatan dərin etik normalardan danışmaq filosofluq tələb edir. Roman hər mövzuya toxunur. Burda həm elm var, həm sevgi var, həm də insanla cəmiyyətin münasibətləri var. Odur ki, özünüz də başa düşürsünüz ki, asan məsələ deyil. 

Çox maraqlıdır ki, yazıçının əsərində təsvir etdiyi cəmiyyətin əksər üzvləri və eyni zamanda da obrazlar mənfidir. Buna təəccüblənməmək lazımdır. Yazıçı bədənin transformasiyasi ilə ruhun transformasiyası arasında əlaqə quraraq, kapitalist cəmiyyətin necə də ürəksiz, mənəviyyatsız, əxlaqsız və digər mənfi xüsusiyyətləri birləşdirdiyini göstərmək istəyir. Yeganə müsbət obraz rus həkim Sorokindir. Buna da təəccüblənməmək lazıdmır. Sorokin məşhur rus alimi Voronovun pototipidir. O, dövründə cavanlaşma ilə əlaqədar inqilabi təcrübələri ilə yadda qalmışdı. Beləliklə Sorokin ABŞ-dan qovulur. O, insanların xarici görünüşlərini dəyişdirməkdə və bununla da ABŞ cəmiyyətini dağıdan insan kimi qəbul olunur və istənməyən şəxs statusu qazanır. Halbuki həmin cəmiyyəti dağıdan onun ikiüzlü qayda-qanunlarıdır. İnsan şəxsiyyəti onun xarici görünüşündə deyil, onun daxilində, beynində və ruhunda mövcud olan anlayışdır. Roman göstərir ki, nəinki ABŞ cəmiyyəti, ümumiyyətlə qurulmuş bütün cəmiyyətlərdə insanı onun şəxsiyyətinə görə deyil başqa faktorlara görə dəyərləndirirlər. O faktorlar da daima dəyişir. Başqa sözlə cəmiyyətin insana olan münasibəti ilə də daima dəyişir. 

Yazıçının növbəti əsərini oxuduğuma çox şadam. İnsan psixologiyasının incəliklərini, insanın özünü axtarmğı, cəmiyyətlərin əxlaqi və etik mühakimələrini və qınaqlarını belə gözəl ancaq klassiklər çatdıra bilər. Sadəcə oxumaq və təsəvvürdə canlandırmaq kifayət edir ki, nəticələr avtomatik özü yaransın və dəyər qazansın. Belyaev okeanında yelkənlərimi daima küləyin istiqamətində saxlayıram. Üfüqdə isə quru görsənir... 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi