Aleksandr Belyaev - Ariel - Александр Беляев - Ариэль




Qoy bu səmimi əsər, onun mənə təqdim etdiyi rəngarəng dünya və ən əsası mənim özümə bənzəyən Ariel, yaddaşımda əbədi qalsın. Xatırladıqca ən xoş hisslərim oyansın. Ən əsası isə hər zaman ürəyimin səsini dinləməkdə mənə yardımçı olsun...

Əsərin baş qəhrəmanı tanınmış, lakin dünyasını dəyişmiş ingilis lordunun oğlu Avrieli Qaltondur. Valideynlərini itirdikdən sonra onu qəyyumluğa qəbul edənlər var-dövlətinə tamah salır və əllərindən gələni edirlər ki, Avrieli yetkinlik yaşına çatmamış əqli qüsurluluq statusunu alsın. Ona görə də Avrielini körpə yaşından Hindistanda Mədrəs şəhərində yerləşən Dandarat adlı okkultizm məktəbinə göndərirlər. Orada o, əsl adını da itirir və Avrieli əvəzinə Arielə çevrilir. Dandarat insanların uşaq yaşlarından kütləvi hipnoz vasitəsi ilə iradələrinin əllərindən alınaraq Britaniyanın siyasi məqsədləri üçün okkultist niyyətlər üçün tərbiyə edildiyi məktəbdir. Ona görə də oranın şagirdləri ya iradəsiz canlı varlığa çevririlər, ya da sadəcə ağıllarını itirirlər. Ariel isə bütün çətinliklərə sinə gəlməyi bacarır. Ən əsası isə hisslərini və fikirlərini tərbiyəçilərdən gizləməyi və xəyallar qurmağı yadırğamır. Qarşıda onu təsəvvürünə belə gətirə bilməyəcəyi sınaqlar gözləyir. Çünki o, uçmağı öyrənir. Bu qeyri-adi, möcüzəvi bacarıq izləyəni heyran edir. O, ana-təbiətin ən əsas qanunu - cazibə qüvvəsinə qalib gəlir. Bu bacarığı ilə indi o, sadəcə azadlıq və sevgi arzusundadı. Çünki bu bacarıq onun özünə qarşı çevrilir. Digərləri üçün möcüzə sayılan, Ariel üçün lənətə çevrilir...

İnsanın uçmaq arzusu min illərlə formalaşan kollektiv xülyadır. Təbiətin qanunlarına qalib gəlmək, bərk yerdən aralanmaq və həddsiz azadlıqda harmoniyaya dalmaq uçmaq istəyinin kökündə dayanan ən əsas amildir. Bahaqavat-hita qədim müdriklik mənbələrindən hesab olunur. Orada insanın uçmaq  arzusunu bildirən, kökləri yerdən səmaya doğru bitən ağaca bənzədilir. Qədim Misirdə isə belə hesab olunurdu ki, insan özündə iki təzadı ehtiva edir. Material fəzanı əks etdirən tərəf və səmanı əks etdirən tərəf. Materiallığı balıq simvolizə edirdi. O suda üzürdü və fiziki bədəni vurğulayırdı - Hat. Səma isə əbədi ruhu bildirirdi - Ba. Qədim piramidalarda maraqlı mətnlər çoxdur. Onlardan birisi də məhz bu mövzuya aiddir:


 Sənə güc verirəm ki,
Sən uça biləsən,
Səmaya ucalasan,
Şərqdə parlayan ulduz olasan.

"Ba" quşu əcdadlarının harayına qulaq verərək insanı səmada uçmağa həvəsləndirir. "Ariel" də öz növbəsində belə bir ideyanı ehtiva edir. Əsər bizə uçmaq qabiliyyətinin materialist dünyamızda nələrlə nəticələnəcəyi haqqında düşünməyə imkan yaradır. Ariel bir obraz kimi bizə tənha döyüşçü təəssüratını bağışlayır. O, sadəcə onu istifadə etmək istəyənlərlə deyil, eyni zamanda insan zəifliklərilə mübarizə aparır. 














Arieli öz məqəsdləri üçün istifadə etmək istəyənlər bir-birini əvəzlədi. Birincisi ona bu qabiliyyəti verənlər onu siaysi təsiretmə vasitəsi kimi düşündülər, ancaq Ariel onların əlindən qaçdı. Var-dövlətinin, daş-qaşının, qızılının və qulluqçularının sayı-hesabı bilinməyən Radja onu əyləncə vasitəsi kimi gördü. Müəyyən müddət oyuncaq oldu. Oyuncaqları qırmaq isə uşaqların əsas xüsusiyyətidir. Ariel bir müddət vəşhi təbiətin qoynuna sığınsa da, anladı ki, insan cəmiyyətində öz sözünü deməlidir. Dini vasitə kimi istifadə etdi, sadəcə möcüzə yolu ilə allaha inananları tənqid elədi, onlara başa düşməsələr belə həqiqi yolu göstərdi. Din xadimlərinin saxtakarlığı, adi insanların səthi təfəkkürünü ifşa etdi. Daha sonra biznes öz sözünü dedi. Müəyyən müddət bəzi işbazlar üçün qızıl yumurta yumurtlayan qaz rolunu oynadı. Nyu-Yorkda az qala mafiyanın oyunlarına qurban olacaqdı. Bütün olanların üzərinə bacısı ilə münasibətlərində olan məyusluq da əlavə olunduqdan sonra Ariel başa düşdü ki, o, onu səmimi-qəlbdən təmiz sevgi ilə sevən insanların yanına qayıtmalıdı və onlarla birlikdə olmalıdır. Asiya səmimiliyi? Qərb soyuqluğu? Kübar cəmiyyətin saxtalığı? 

Əsəri primitiv xeyir və şər mübarizəsi kimi dəyərləndirmək həm yazıçıya, həm də əsərin özünə qarşı haqsızlıq olardı. Bəli əsər müsbət və mənfi obrazara bölünsə də, yazıçının toxunduğu mövzular, işıqlandırdığı motivlər, məsələlər xeyir və şər kontekstini zənginləşdirir. Müsbət və mənfi obrazların olmağı, bəzilərinin başqasını  hesabına yaşamağı, bəzilərinin isə zəhmətkeşliyi, əsərə sovet ağ və qara effektini verir. Sovet cəmiyyətinin, onun ideologiyasını hiss etmək olur, amma onu da deyim ki, bütün bunlar sadəcə açıq rəngli fondur. Əsərin macera və fəlsəfi süjeti oxucunu öz dünyasına qərq edə bilir. 


Yazıçıda insanın heç bir texniki vasitəsiz uçmaq qabiliyyətinin niyə görə belə böyük təsiri olduğu haqqında düşünəndə, onun uzun müddət yataq xəstəsi olaraq hərəkət qabiliyyətini itirməsi ağlıma gəlir. Uzun müddət yataq xəstəsi olsa da, təsəvvürünü sonsuz səmanın iradəsinə təslim edir. 6 uzun və iflic xəstəlikli il və insan zəifliklərinə qarşı "Ariel" kimi cavab. Belyaev kimi insan bədəninin necə də ağır yük olduğunu başa düşən ikinci bir yazıçı tanımıram. Bəzən tanınmış yazıçı omaq üçün belə qurbanlar vermək olur. Onun dünya ədəbiyyatına bəxş etdyi qiymətsiz əsərlər mütləq oxunmalıdır. Üslubunu nəzərə alaraq onu da deyə bilərəm ki, hətta yaxşı olar ki, uşaq yaşlarından etibarən Belyaevlə tanışlığı intellektual valideynlər övladlarına təbliğ etməlidirlər. 


Yazıçı sevgini özünəməxsus tərzdə təsvir edir. Nə az, nə də çox, qədərində istifadə edir, ona görə də ucuz və banal bir şey kimi görmürük. Əksinə sevgiyə aid məqamlarla qarşılaşanda oxucunun qəlbini isti hisslər bürüyür. Dostluq, yoldaşlıq, insan sevgisi kimi adı qırmızı kitaba düşmüş anlayışlarla rastlaşmaq mümkündür. 

Quşlar kimi, böcəklər kimi uçmaq. Bu bacarığı insan qazansa necə olar? Bu sualın həm cavabını, həm də nəticələrini ilk andan sona qədər görürük. Bunu hər xırdalığına qədər təsvir etmək olduqca çətin işdir. Ona görə də bunun öhdəsindən yalnızca Belyaev gələ bilərdi. 

Az da yazsam, çox da yazsam əsər haqqında tam fikir söyləmiş sayılmaram. Öhdəmə düşən bu dahi yazıçının əsərlərini beynimdə yaşatmaqdır. 

P.S. Yazının hazırlanmasında livelib.ru saytında ola oxucu fikirlərindən faydalanılmışdır. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi