Aleksandr Belyaev - Hava taciri - Александр Беляев - Продавец воздуха

Nədir məni Aleksandr Belyaevə bu qədər bağlayan? Onun ortaya uzaqgörəncəsinə, dərinmənalı yüksək dəyər qoya bilməsidir. Bu insana baxanda mən sadəcə yazıçı və yaxud da tanınmış ədib görmürəm. Bu insan üstün insandır. Ona görə ki, o, bizə şans verir ki, düşüncə tərzimizi dərinləşdirək. Düşünək. Bundan böyük, bundan daha dəyərli ikinci bəxşiş ola bilərmi? Çətin.
İlk dəfədir ki, bəşəriyyətin Qırmızı Ordu tərəfindən, SSRİ tərəfindən xilas edilməsi ideyası mənə xoş gəldi. Yazıçı əsərində kapitalizmlə kommunizmin mübarizəsini təsvir edib, amma bunu o dərəcədə yüksək səviyyədə edib ki, bunu o dərəcədə təmiz sadiqlik prinsipləri çərçivəsinə sığışdırıb ki, məncə, indiki dövrdə ideallarına ən sadiq insan belə bu təmiz sadiqlik qarşısında sadəcə utanar. Bu təmizlik kənardan sadəcə qibtə hissi yarada bilər. Yazıçının məhz bu pak hissləridir ki, onun yaradıcı ruhunu alovlandırıb və onlarla tayı-bərabəri olmayan əsərini yaradıb.
Romanın ideyası bizə kapitalizmin daxili aləmini bütün çılpaqlığı ilə ortaya qoyur. Bu sistemin romanda yer alan erkən dövrlərdəki xüsusiyyətləri və gələcəyinin mahiyyəti maraq doğurur. Romandakı ideya əslində 21-ci əsrin ikinci onilliyi üçün belə olduqca fantastik səslənir, lakin kapitalizmin bəşəriyyətə təqdim etdiyi ideya azadlığından hər şey gözləmək olar. İnsanın hazırki və gələcəkdəki bacarıqları heyrətamizdir. İnsan allahlıq üçün nələr etmir. İnsanın qarşısındakı bu sadə iki seçim: xeyir və şər onun bütün varlıq mahiyyətidir.

Nikola. Bu obraz ayrıca abzasa layiqdir. O, Yakutiyada yaşayan yerli aborigendir. Romanın ilk cümlələrində belə bir fikir yer alırdı: Onun idealı heç nə etməməkdir, çoxlu yemək və piylənmək. Bu cümlələr oxucuda müsbət təəssürat yaratmasa da, bu cümlələr Sovet ideologiyasına tamamilə ziddiyyət təşkil etsə də, roman boyunca Nikolanın əsl qəhrəman olduğunu başa düşürük. Çox ideal obrazdır. Təmizlik, dostluqda sadiqlik, vicdan əsl insaniyyətin uzaq qütblərdə donmuş halda var olduğunu bizə sübut etdi.
Kapitalizmin simvolu olan, hava taciri Cənab Beyli isə bir məqama görə diqqətimi çox cəlb etdi. Yazıçı kapitalizmin gec və ya tez xaosa, böhrana çevriləcəyini söyləmək üçün Cənab Beylini əsərin sonralarında ağlını itirən birisi kimi təsvir edib. Beylinin ağlını itirməsi kapitalizmin özünü idarə edə bilməməsi ilə eynimənalıdır. Diqqətəlayiqdir.
Kapitalizm, sən çox təhlükəlisən. Sənə qarşı heç bir şəxsi qəsdi-qərəzdiyim yoxdu, amma əqrəbin xasiyyəti sancmaqdır, odur ki, sənin də xasiyyətin hərislikdir. Sən o həddə çata bilərsən ki, hətta havanı da bizə pulla satasan. Bu haqda heç vaxt düşünməmişdim. Bu artıq insanlığın süqutudur. İnsan olmağın nə demək olduğunu başa düşməkdə əngəlsən. Sən imkan vermirsən ki, ayaqlarımın üstündə dayanım və nəzərlərimi ilk öncə ətrafıma, daha sonra ucsuz-bucaqsız kainata yönəldim. Amma! Amma sirkə nə qədər tünd olsa öz qabını sındırar. Amma sənin qabın bizim evimiz - dünyamızdır. Odur ki, ilk çatları görürəm. Hər nə qədər deyirlərsə də ki, bu yeraltı təkanların nəticəsidir, intuisiyam deyir ki, bu belə deyil. Bu sadəcə evimizin bezgi əlamətləridir.
Comments
Post a Comment