Külək güclənir - The Wind Rises - Ветер крепчает
Külək güclənir animesi səma xəstəliyinə düçar olub, həyatdan səmada
qanadlarla uçmadan getmək istəməyən uşağın həyat hekayəsidir. Bu həyat hekayəsində
biz yuxular və arzular dünyasının “real” həyatımızla necə əlaqədar olduğunu,
onun bizim bu günümüzə, dünənimizə və gələcəyimizə necə təsir etdiyini əla
görürük.
Əsəri uşaqlar üçün adlandırmaq çətindi və deyərdim ki Yapon animeləri
arasında belə nümunələr az deyil. Bu kifayət qədər yetkin insanlar üçün nəzərdə
tutulmuş, diqqətlə izlədikdə onlara arzular və insanın həyatda yeri haqqında
düşünməyə vadar edəcək bir ekran əsəridir.
Baş qəhrəman Dziro Hirokisi uşaq yaşlarından təyyarələr haqqında gecə
və gündüz düşünmüş, təyyarələr haqqında yuxular görmüş və pilot olmaq istəyirdi,
lakin zəif görmə ona pilot olmaq arzusunu reallaşdırmaqda mane olurdu. Yuxunun
sehrli dünyasında o, başa düşür ki, pilot olmasa da, aviomühəndis ola bilər. Ölkəsinin
(Yaponiyanın) ağır vəziyyətinə və şəxsi ailə dramına baxmayaraq o, öz arzusuna
doğru inamla addımlayır. Öyrənəndə də ki, Dziro Hirokisi real tarixi şəxsiyyət
olub, çox təəccübləndim. Real tarixi şəxsiyyətin animeyə belə gözəl tətbiqi
heyranedicidir.
Filmin digər qəhrəmanı Yaponiyanın özüdür (birinci və ikinci dünya
müharibəsi arasındakı zaman kəsiyindəki Yaponiya). Kasıb, lakin müdafiə gücünü
artırmaq üçün böyük miqdarda vəsaitlər xərcləyən Yaponiya. O Yaponiya ki, əhalisini
isti yeməklə təmin edə bilmir, Almaniyadan müdafiə üçün təyyarələr alır,
insanları gec saatlara qədər qəpik-quruş uğrunda işlədir. Dziro bütün bunları gözəl
başa düşür, amma dövlətə qarşı çıxmaqda da bir məna görmür. Odur ki, Yaponiyanı
sevən, onunla nəfəs alan, onun mədəniyyətini, ədəbiyyatını, fəlsəfəsini sevən
insanlar üçün nəzərdə tutulmuş anime ilə qarşı-qarşıyayıq.
Məgər bizi insan edən bizim arzularımızı, bizim başımıza gələn
sevincli və kədərli hadisələri içimizdə cəm edib daxilimizdə harmonizasiya etmək
xüsusiyyətimiz deyilmi? Arzulayan insan. Arzuları olan insan. Xüsusilə uşaqlıq
arzuları. Həyatımızın əsas sınağı, imtahanı məhz bizim uşaqlıq arzularımızın
arxasınca gedib getməməyimizidir.
Comments
Post a Comment