Ryu Murakami - Mavinin bütün çalarları - Рю Мураками - Все оттенки голубого
Mavinin bütün çalarları – Həyat tərzləri narkotik və qrup seksindən ibarət olan
marjinal gənclik. Nə keçmiş var, nə gələcək. Məqsəd, ideallar və insana aid
olan müsbət hisslər onların bu qorxulu dünyalarında sadəcə mövcud deyil. Onlar
tez-tez reallıq və illüziya arasında olan sərhəddi itirirlər.
Yazıçı bizə nə deyir?: Yazıçı bizə deyir ki, məni maraqlandırmır ki,
oxucu əsərimdən nə başa düşəcək. Bəli bu həqiqətən də belədir. Yazıçı oxucuya
tamamilə laqeyddir. O, yazmaq istədi. Öz həyatını yazmaq istədi və yazdı. Kitabın
və özünün taleyi onu maraqlandırmadı.
Bilmirəm niyə belə düşünürəm, amma romanı oxuduqca
sanki insanın, xüsusilə də gənc insanın qlobal problemlər müstəvisində istənilən
süni problemlərə, maneələrə qarşı olan etirazını görürdüm. Sanki, hər bir qəbul
edilən narkotik dozada, sərxoşluğu artırıb beyni al-duman edən hər bir qədəhdə,
humanist insanı yoran və bezdirən problemlərə (problem sözünün altında həddindən
artıq çox şeyi nəzərdə tuturam) qarşı etirazını, daha doğrusu laqeydliyi seçməklə
bildirdiyi etirazını görürdüm. Xüsusilə insan gəncdirsə, onun üçün sərxoşluq
yeni bir şeydir və əgər cəsarətli və güclüdürsə narkomaniya əyləncənin son mərhələsinə
olan biletdir. Oxuduqca başa düşürdüm ki, bu yoldan xilas yoxdur. İnsan əylənməyə
(yoxsa etiraza?) başladısa davamını mütləq istəyəcək. Əyləncənin sonunucu, ən həyəcanverici
və qeyri-müəyyənliyi ilə alışıb-parlatdığı özünəqəsd ilə yekunlaşacaq. Bu gün də
olmasa, sabah bu belə olacaq...
Yazıçının debütü – yəni ilk əsəri bu əsərdir. Üslubuna bələd oldum. Digər
əsərlərini mütləq və mütləq oxuyacam! Romanda olan təsvirlər kifayət qədər
yaxşı və detallıdır (xüsusilə də narkotik qəbulu zamanı keçirilərn hisslərin təsviri
və bəzi intim-orgiya səhnələri). Janr etibari ilə mənim üçün bir ilk sayıla bilər.
Bəzi məqamları qəddar hesab etmək olar. Roman hamı üçün deyil. Həssaslığınız
varsa, birmənalı şəkildə uzaq durun və yeni bir şey dadmaq həvəsinə də çox
fikir verməyin.
Özüm və roman – Romanda təsvir olunanlar haqqında romandan əlavə
vaxtlarda da düşünmüşəm. Hərdən bəzi şeyləri təsəvvürümə gətirib, bəzi şeyləri
düşünüb, bir çox məqamların incəlikləri haqqında reallıqlara qapılanda hər şeydən
bezirəm (vaxt gələr bu sözü sizə geniş izah edərəm). Elə bezirəm ki, bir neçə saniyə özümə vaxt verirəm və deyirəm ki, hə
bax bu zaman dilimində də bunu eləməsən heç vaxt heç nə edə bilməyəcəksən. Romanda
təsvir olunan marjinal gənclik həyat tərzi – narkomaniya, iyrənc seks, apatiya,
xaos və sairə kimi şeylər hərdən mənə elə cəlbedici gəlir ki. Bəzən düşünürəm
ki, bəlkə də belə həyat tərzi – öz xaosunu yaradıb onda itmək, öz daxili qarabasmalarınla
mübarizə apara-apara dəli olmaq, bu dünyanın ümumbəşəri problemlərini görüb
fikir çəkməkdən min qat yaxşıdı, lakin çətindi. O ümümbəşəri problemlər ki,
tülkü kimi hiyləgərcəsinə bizim gündəlik həyat tərzimizin hər addımında özünü
biruzə verir. Sadəcə bir çox halda insanlar onlara öyrəşirlər, ya da öz kiçik “müdafiə
qalxanları” ilə fərd olaraq qorunurlar. Bax bəzən bütün problemlərimi (bir
çoxları üçünsə mənim problemlərim problem stasundan çox çox kənardı) düşünüb
sadəcə romandakı xao-apatik dekadent (reqressiv) həyat tərzini arzulayıram. Bir
müddət burada əylənib sağollaşasan. Bəlkə də bu dünya buna layiqdi! Qısa müddət
onunla əylənib onu tərk edilməyə! Bəli bəli. Onun uğrunda əziyyət çəkməyə dəyməz.
Gəncəm, yol uzun və yorucu görsənir. Dəstək verənim və müəllimim isə çox azdı. Bəzənsə
özüm o dəstəkdən imtina edirəm. Şəxsiyyətim çox şeylə barışmır. Ona görə də
başımı götürüb qaçmaq istəyirəm tez-tez...
Romanı özümə yad bir əsər kimi görmədim. Bəlkə də qəribə
səslənə bilər. Bir çox resenziyalarda romanın heç bir işə yaramayan, iyrənc
olduğunu yazırdılar. Mən isə belə deməzdim. Romandan məndə nə isə qaldı. Daha çox
toplama kimi. Əvvəldən olan bəzi fikirlərimin üzərinə fikir gəldi.
Hərdən sadəcə laqeyd olun...
Comments
Post a Comment