Qolqofa - Голгофа - Calvary
Pis rahibi öldürməyin bir mənası yoxdur müqəddəs ata.
Əsas məsələ yaxşı rahibi öldürməkdədi, ona görə də mən sizi öldürəcəm müqəddəs
ata...
Verilən vaxt və qisas – filmin süjeti özünəməxsus dərəcədə xeyir və şər
balansının iyrənc formada təmin olunmnasına əsaslanır. “Qolqofa”-nın açar
konsepti də məhz bu mövzudur. Əslində filmdə sadəcə baş qəhrəmana yox, filmin əmələ
gətirən bütün digər obrazlara vaxt verilir. Onlar bu vaxt ərzində bir-birilərinə
qarşı olan münasibətlərinə aydınlıq gətirirlər. Məgər təcrübə göstərmirmi ki,
insanların bir-birilərinə qarşı olan niyyətləri nədirsə, zaman keçdikcə hər şey
açığa çıxır, çünki meyillilik bu yöndədir. Çünki vaxt-zaman niyyətin aşkara
çıxmağı ilə düz mütənasibdir. Ona görə də filmdə kiçik sahibkar da, milyarder də,
qara dərili “alfons” da qəssab və özünəqəsdə meyilli yaşlı yazıçı da müqəddəs
ata Ceymsin timsalında kilsəyə (sözün düzü dini deməzdim) qarşı olan fikirlərini
gizli metaforik bəzəklə yavaş-yavaş çatdırırlar. Obrazların ətraflı təhlilinə
çox vaxt ayırmaq istəməzdim, lakin hər biri ayrı-ayrılıqda cəmiyyətimizin kifayət
qədər nümayəndəsi olan qrup və təbəqələrini əmələ gətirir.
Müqəddəs ata Ceyms – şəxsən mən belə düşünürəm ki, o, hamı üçün nümunədir.
Bütün dini kontekstləri kənara qoysaq, onun problemlərə və mövzulara olan
obyektiv, tolerant, anlayışlı və tam fərqli yanaşmaları, onun insan kimi necə də
humanist, mənəvi saf və bərk olduğunu göstərir. O, keçmişindən dərs alıb gələcəyini
düşünərək bu gününü özü yaradan insandır. Hər gün onun qarşısında yüzlərlə
insan xarakteri kaleydoskopu gəlib keçir. Müqəddəs ata Ceyms bir çox səbəblərdən
ayrı düşən “dünya və kilsə” əlaqələrini bərpa etməyə çalışır, çünki onlar
çoxdan əlaqələrini, toxunuş nöqtələrini itiriblər.
Ənənədən kənar - Müqəddəs ata Ceyms fimin əsas obrazı olduğuna görə,
filmdə gördüyümüz bütün fərqli və adəti yoldan kənar nə varsa onun timsalında
görürük. Spirtli içki içib barı dağıdan, qızı olan və buna bənzər bir çox digər
xüsusiyyətlərə sahib müqəddəs ata çoxlarınızda təəccüb hissi yarada bilər. Onu da
deyim ki, 21-ci əsr insanına Müqəddəs ata Ceyms kimi insanlar lazımdır, amma o,
addım-addım özündən əvvəlki “müqəddəslərin” günahlarına görə cəzalandırılacağı
yerə gedir. Ona 21-ci əsrin İsası da demək olar. Bəlkə də o, çox günahsız
olduğuna görə göylərin qəzəbinə tuş gəlib??
Rejissor – düzgün suallar və bilinən sonluq izləyicini məcbur
edir ki, filmin hər detalına, xırdalığına xüsusi diqqət ayırsın, onu dərindən
anlasın. Kilsənin tam-bütöv olmadığını, 21-ci əsrin istehlak cəmiyyətinin
insanların həyatına necə də pis təsir etdiyini, yadlaşmanın hətta kiçicik yerdə
necə də aktuallaşdığını, insanların mənəvi cəhətdən necə də zəifləyib, çirkləndiyini,
dəyərlərin necə də fərqli olduğunu, heç nəyin qarşılıqsız qalmadığının, sevginin
hər suala cavab olduğunu və mütləq və mütləq insanın müəyyən ruhi-mənəvi yolla
getməli olduğunu göstərən gözəl film-pritça (?). Sadaladıqlarım kifayət edirmi?
P.S. Yazının ilk iki cümləsi əslində filmin əsas
ssenarisidir. Gördüyümz digər bütün səhnələr, mövzular, hadisələr isə sadəcə
iki nöqtə - başlanğıc və son arasında qalan hissədir.
Comments
Post a Comment