Sıfır teoremi - The Zero Theorem - Теорема Зеро
Özünəməxsus kompüter
dahisi olan Koen Let sübut edilə bilinməyən “Sıfır teoremi” üzərində çalışır.
Bob adlı uşaq tərəfindən kəşf edilən kostyum sayəsində Koen ruhunun dərinliklərinə
enərək bəzi şeyləri öyrənir. O, öz dünyasını yaradır. Koenin cavab axtardığı
suallara hər tərəfdə kamera quraşdıraraq hamıya nəzarət edən sirli Menecment də
cavab axtarır. Onların yolları həm kəsişir, həm ayrılır.
1984 və simvollar – Hər
şeydən əvvəl onu deyim ki, film Corc Oruellin məşhur “1984” əsərini və
Zamyatinin “Biz” əsərini xatırladır. Ona görə də filmin adı çəkilən əsərlərdən
təsirlənərək çəkildiyini, bünövrəsinin bu dahiyanə və nəhəng sənət əsərlərinin
üzərində qurulduğunu rahatca demək olar. “1984” neçə-neçə futurist-ssenaristə
filmlərində gələcəyin düzgün təsvirini yaratmaqda böyük kömək olmuşdur. “1984”-də
istifadə olunan elementlər bu filmdə də olsa da, əlbəttə yeniliklər vardır. Bu
yeniliklər özlərini xüsusilə simvollar formasında ifadə edir. Adicə nümunə versək,
Koenin zəng gözləməyi, o zəngə dərindən inanmağı bizə inanan insanı göstərir.
İnam ruhi məsələlərlə əlaqədar olduğundan, filmdə də bu özünü ruhi müstəvidə təzahür
etdirib. Digər simvollardan, hər yerdə kameraların olması və hər loqoda gözün
istifadəsi bizə bildiyimiz bir çox şey haqqında məlumat verir.
Bundan əlavə film
boyunca olduqca maraqlı səhnələrlə və istifadə olunan bəzi elementlərlə nümayiş
olunan piktoqrafik simvollara da rast gəlmək olur. Bütün bunlara əsaslanıb demək
olar ki, film yüksək intellektlə çəkilib və intellektual insanlar üçün yüksək dəyər
kəsb edir.
X formasında olan qadağalar |
Mahiyyət, məna və xaos –
Bu anlayışlar filmin açar anlayışlarıdır və filmi tam dərk etmək üçün onlar
haqqında əvvəlcədən fəlsəfi biliklərin olması zəruridir.
Belə ki, Koenin “Mancom”
adlı şirkətdə vəzifəsi mahiyyəti saymaqdır. Qəribə səslənir. Mahiyyəti və ya mənanı
saymaq. Mühasib kimi. Koen özü işdəki vəzifəsindən əlavə olaraq, öz şəxsi
ehtiyaclarından qaynaqlanan məna axtarışı da var. Əsas məsələ onun üçün budur. Koen
şüuraltı olaraq suallarına cavab tapmış birisidir. Ona görə də rəhbərlik onu
diqqətlə izləyir. Axı rəhbərlik özü də bu yoldadır.
rəhbərlik |
Kitab oxumaq – Filmdə
Koen “rəhbərlik”-lə görüşəndə rəhbərlik kitab oxuyurdu. Sadə bir şey kimi görsənə
bilər, amma burada da biz çox vacib simvolika ilə qarşı-qarşıyayıq. Çox
sulların cavabı kitablardadı. Əgər rəhbərlik hansısa işi və ya əməli edirsə,
deməli bu lazımdır, o, özünü düzgün yolda olduğunu hesab edir. Başqa sözlə, digər
insancıqlar öz ehtiyaclarını Masloun ehtiyaclar piramidasına uyğun olaraq ödəyə-ödəyə
yaşayıb gedirlərsə, rəhbər insanlar əsla belə etmirlər. Elə ona görə də rəhbər
mövqelərdədirlər. Onların əsas məqsədi xaosu başa düşməkdir. Çünki xaosda eyni
zamanda heç bir yerdə olmayan nizam var. Menecmentə görə isə xaos çox gəlirlidir.
Onu dərk etmək insanı maddi cəhətdən nağıllardakı kimi var-dövlətli edə bilər. Yüksək səviyyədə təşkil olnumuş xaos. Bütün
sualların cavabı bəlkə də məhz elə bundadı. Müasir dünyamızın mənzərəsini
gözümüzün qarşısına gətirəndə - Əfqanıstan, İraq, Ukrayna və onlara paralel
olan bir çox maliyyə və birja böhranları. Bütün bunlar planlıdır?
Web 2.0 – Bu yeni eradır.
Bu erada hələ insan tam olaraq virtual reallığa inteqrasiya etməyib, amma bu
istiqamətdə çox ciddi addımlar atılıb. Filmdə bu çox gözəl təsvir və izah
olunub.
Kvin? – Koenin şəxsiyyəti
və şəxsiyyətinin xarici aləmə verdiyi siqnallar olduqca maraqlıdır. Hər şeydən əvvəl
onun özünü həmişə birinci şəxsin cəmində səsləndirməsi məni düşündürürdü. Məsələn
o, “mən yorulmuşam” demək əvəzinə həmişə “biz yorulmuşuq” deyirdi. Çoxları da həmişə
siz yəni kim deyə sual verirdi. Bunu belə izah etmək olar ki, eqoizmin öz pik
nöqtəsini yaşadığı gələcək dünyada, inanan insan Koen yeganə insandır ki, özündən
başqa insanların fərqindədir və yaxud da, Koen sadəcə şəxsiyyət ikiləşməsinə məruz
qalmış “şizofren”-dir. Üçüncü variant isə “biz”-i belə izah edə bilər: biz – yəni
insanın maddi və mənəvi cəhəti. Onun bədəni və ruhu. Sözün düzü çox maraqlıdır.
Əvvəl heç vaxt ruhum və bədənim haqqında belə ikili düşünməmişdim.
Digər insanlar həmişə
Koenin adını səhv deyirdirlər. Koen yox Kvin kimi. Koen yazıq da həmişə buna əsəbiləşirdi
və onlara düzəliş edərək adının hərfbəhərf deyirdi. Bu epizoda görə onu demək
olar ki, gələcəyin dünyasında insanlar bir-birilərindən o qədər ayrı düşüblər
ki, hətta adlarını soruşanda belə onları doğru-düzgün dinləmirlər.
Sevgi – 1984-də olduğu
kimi bu təsvirdə də semək qadağandır. Rəhbərlik bunu qadağan edib. Amma özlərinin
də xəbəri olmada sevgini yaşadan insanlar var. Mənəvi dəyərləri olan Koen də
bax elə bunlardan birisidir. Bensli isə (qadın) sevməkdən qorxan birisi olsa
da, qaranlıqda işartını görür. İnsanlar bir-birilərini ancaq daxili dünyalarını
göstərdikdən sonra tam anlaya və sevə bilərlər. Geniş mövzudur. Filmdə gələcəyin
sevgi-məhəbbət dünyası “1984”-də olduğu kimi yaxşı təsvir olunmasa da, o dövrə
uyğun təsvir olunub və gerçəkliyə daha yaxındır.
Nəticə - Nəticə odur ki,
film kütlə tərəfindən tam həzm olunan deyil. Film hamı üçün nəzərdə tutulmayıb.
Əgər izləyici “1984”-ü, Zamyatinin “Biz”-ini və ya Oldos Hakslinin “Yeni cəsur
dünya” əsərlərini oxumayıbsa onun üçün filmin leksik mənasını başa düşmək heç də
asan olmayacaq.
Filmi dərk edənlər isə
şəxsiyyətlərinin və intellektlərinin inkişafı üçün növbəti imkanı qazanmış
olacaqlar. Bəzi filmlər kimi bu film də bir çox məsələni eyni anda özündə əks
etdirir – burada həm gələcək dünyanın problemləri, həm insanın yüz illərdir
cavab axtardığı suallar, həm də hətta bu gün qarşımıza çıxan problemlərin gələcəyi
var.
Filmdə “Sıfır teoremi” kimi yeni elementlər də yer
alıb və biznes dünyası, biznesmenlər subyekt kimi iştrak edirlər.
Şüurumuz bizi hara
aparır? Bəlkə də nə ruhumuz var, nə də bizə illərdir müxtəlif mənbələrin dediyi
məsələlər. Sadəcə hər şeyi udan qara dəlik və öləndə sadəcə öz beynimizin içindəki
dünyada əbədi olaraq ilişib qalacağıq. Əbədiyyət insanın ölümdən sonra haqqında
düşündüyü ən əsas anlayışdır.
Comments
Post a Comment