Həyat açarı - Ключ жизни - Key of life
Sakuray adlı uğursuz gənc aktyor, intihardan öncə ictimai
hamamda yaxşıca çimmək qərarına gəlir. Kondo adlı çox zəngin birisinin hamamda
sürüşərək yıxılıb yaddaşını itirməsi Sakuray üçün bəzi yeni fikirlər
qazandırır. O, Kondonun şkafının açarını özünkü ilə dəyişdirərək, bir müddətlik
Kondo olur. Bir növ müəyyən müddətlik yeni nəfəs əldə edir, lakin yeni problemlər
qazanır desək, daha doğru olardı.
Film ilk dəqiqələrdən
izləyicidə qara yumorun yaratdığı qəribə hissləri yaradır. Mən ilk dəqiqələrdən
“İroniya” sözünün bu filmə necə də tam uyğum gəldiyini başa düşdüm. Ədəbiyyat və
kinematoqrafiya talelərin yerdəyişməsi və dəyişməsi haqqında nümunələrlə az
tanış olmasa da, rejissorun uğurudur ki, bu mövzuya müasir yeni nəfəs
qazandırmışdır. Səmimi, rahat və axıcı film.
Kəsişmə və ayrılma –
Filmdə obrazların həyatları həm kəsişir, həm də ayrılır. Uğursuz aktyor müəyyən
müddətlik killer olaraq aktyorluq bacarıqlarını yenidən kəşf etmək üçün şans əldə
etmiş olur. Sadəcə bu da deyil. O, eyni zamanda həyatın necə dəyərli olduğunu
da başa düşür. Kondo – killer isə müəyyən müddətlik pul qazanmaq ehtirasından kənar
qalaraq, sevginin qapısını döyür.
Görəsən insan hansı vəziyyətə
və ya vəziyyətlərə düşməlidir ki, daxilində gizlin qalmış xüsusiyyətləri kəşf
etsin və həyatda daha sevgi dolu və insancıl olsun. Müxtəlif şəxsiyyətli
insanlar müxtəlif cür hadisələr yaşayaraq dəyişirlər. Eyni hadisə kimlərəsə kömək
edə bilər ki, o, daha məqsədyönlü və inamlı olsun. Bir başqasına isə əksinə, mənəvi
cəhətdən sındıra bilər.
Yaxşı ki... – Yaxşı ki, Kondo
ictimai hamamda yıxıldı. Çünki beləliklə Sakuray, sözün həqiqi mənasında, həyata
qızıl açar qazanmış oldu. Yaxşı ki, Kondo aşiq oldu, çünki belə olmasaydı bütün
həyatını pulun yaratdığı heçlik içində yuvarlanıb yaşayacaqdı. Yaxşı ki, bəzən həyatda bəzi
hadisələr olur. Əks-təqdirdə insanlar filmdə də göstərildiyi kimi, sadəcə plan
və qrafikə uyğun olaraq həyat yaşayıb bir çox şeydən məhrum olardılar. Yaxşı ki,
xoşbəxt sonluqlar var.
Comments
Post a Comment