Zər Adam Gündəliyim
Xəbərdarlıq: Yazıda spoyler ola bilər!
22 yanvar 2013-cü il: Olduqca məşhur olan və əziz dostum, qardaşımın hədiyyəsi olan «Zar
Adam» romanını oxumağa başlayıram. Gözləntilərim böyükdür. Yazıçı ilk səhifələrdən
bizə tipik Amerikan ailəsinin - tipik 21-ci əsr ailəsinin və şəhər ailəsinin həyatını
qısaca göstərir. Bu gün qərb cəmiyyəti bir çox problemlərin – xüsusiylə maliyyə
məsələlərinin – həllini tapıb (ən azından 2009-cu ilə qədər bu belə idi). Odur
ki, boş vaxt və onun xərclənməsi ilə əlaqədar məsələlərlə tez-tez rastlaşır. Şərq
cəmiyyətlərinin çoxusunda belə vəziyyət hələ sözkonusu deyildir.
Luke və arvadı Lillian bir-birilərini tamamlamayan iki cütlükdür. Lukun
da, Lillianın da problemləri var. Luke problemləri haqqında daxilində, Lillian
isə tamamilə xaricində fikirlərşir (ümumilikdə isə bu qadınlara xas xüsusiyyətdir).
Romanın ilk səhifələrindən bunları görə bildim.
-Şu senin Zen'in söylediği gibi,
kendini akıntıya bırak, akıntı anlamsız olsa bile yap bunu.
-Akıntıya kapıldım zaten. Ama
kitap bu akıntıda olduğu yerde kaldı. Onu yeniden itip suyun akışına bırakmaya
cesaret edemiyorum.
-Yaaa.
24 yanvar 2013-cü il: 4,5,6 və 7-ci bölümlərdən etibarən artıq romanın fərqliliyinin fərqinə
vardım. Luke profesional psixiatrdır və müxtəlif yerlərdə müxtəlif tip «ağıldan
fərqlilər»lə görüşləri məndə olduqca maraqlı emosiyalar yaratdı. Hələ bu
harasıdır? Evə gəldikdən sonra arvadı və yaxın dostu və kolleqasının arvadı
ona, sözün həqiqi mənasında, toy tuturlar. Lukun dediyi bu cümlə isə heç
yadımdan çıxmır: «Bütün bir gün akıl
hastalarıyla uğraştıktan sonra insanın sakin evine gelerek şömine başında huzur
içinde oturması ne kadar güzel oluyor, değil mi?»
25 yanvar 2013-cü il: Bu gün əvvəlki günlərə əlavə edəcək çox sözüm yoxdur. Lukun Dr.Mannla
olan söhbəti maraqlıdır. Həmişə verdiyim sualı verməyi düşünürəm: Kimdir
normal? Kimdir anormal? Belə bir qruplaşdırma kriteriyaları nə dərəcədə düzdür?
27 yanvar 2013-cü il: Lukun Arlene ilə olan münasibətləri sözün düzü, klassik xəyanət hekayələrindən
başqa bir şey olmazdı, əgər zər anlayışı bu kitabda olmazdı. Luk zərə tabedir.
31 yanvar2013-cü il: Maraqlı orasıdır ki, Luke öz həyatıyla konkret olaraq qumar oynayır.
Bunu başa düşmək olar, amma bunu uşaqlarına da tətbiq edir. Onları da bu
oyunlara qurban edir. Öz-özümə fikirləşirəm ki, yəni, Luke zərlərə bu dərəcədə
inanır? Bunun haqq yolu olduğuna bu dərəcədə inanır? Belə bir cümlə var ki,
azad iradəyə sahib olacağımı xatırlayıb iflic olmuş kimi hiss etdim. Bəli azad
iradə ağır məsuliyyət və yükdür. Razılaşıram ki, insanlar bundan azad olmaq
üçün çox çalışırlar. Bu gün insanın rol dəyişiklikləri ilə olan hissələri
oxuduqda çox düşündüm. İnsanın uşaqlıqdan necə də gil qab kimi
formalaşdırıldığını gördüm. Bu əhəmiyyətli mövzulardır. Gələcəkdə uşaq tərbiyəsi
mövzusunda sizə yardımçı ola bilər.
1 fevral 2013-cü il: Cənab Cannon adlı pasiyent, 20-ci bölümdə daha da yaxşı
tanıtdırılır. Adam özünə Hz.İsa deyir. Bu dünyanın xilaskarı olduğunu iddia
edir. Mən ona haqq verirəm. Çünki adam bu dünyanın necə işlədiyini dərk edib.
Altı gün dayanmadan qusub və 3 ay qapalı otaqda qalıb. Yenə yaxşıdı ki, özünü
toplayıb və dünyanı xilas etməyə başlayacağını deyib. Bu cümlələri oxuyanda mənim
də belə düşündüyüm məqamlar olduğunu xatırladım.
Kitabda yazıldığı kimi 6 ehtimal yazıb sonra zər atıb, zərin dediyi
eləmək haqqında düşünürəm. Qarşıdakı günlərdə bir cüt zər alıb bunun haqqında
düşünəcəm.
2 fevral 2013-cü il: Bu gün bir az zər adamın hərəkətlərinə qarşı tənqidi fikirlərdəyəm.
İndiyə qədər nə düşünürdümsə, bu gün fərqli düşünürəm. Yəni adam kağıza
ehtimallar yazıb, zər atır. Bir tərəfdən yaxşıdı, amma gəlin razılaşaq ki, bu
müvəqqəti oyundur. Səthi düşünülmüş ssenaridir. Müsbət irəliləyiş kimi, Lukun zərlər
vasitəsi ilə psixi xəstələrlə olan münasibətlərini dəyişib, soyuq psixoloq
rolunu tərk edib, daha insancıl olmasını göstərə bilərəm. Zərlərin sayəsində o,
bəzi oyunar oynadı ki, bu pasiyentlərlə komunikasiyanı təmin etdi. Davam edək
görək başqa nələr görəcəyik.
3 fevral 2013-cü il: Bölüm 23. Dəhşətverici odur ki, Luke oyun oynayır və ailəsi bundan
bixəbərdir. Əgər Luke həqiqətən də dəli olsaydı bu heç dəhşətli bir şey
olmazdı. O qədər adam var ki, müəyyən müddətdən sonra ağlını itirir. Ancaq ki,
Luke oyun oynayır, bilə-bilə ailəsinin xətrinə dəyir. Mənim üçün ailə üzvlərinin
hər hansınınsa xətrinə bilə-bilə dəymək
vicdansızlıqdan başqa bir şey deyil. Üstəlik də bunu edərək özünü inkişaf etmiş
fərqli insan kimi anlamaq sadəlövhlükdən başqa bir şey deyil. Sən yaxşı hərəkət
eləmirsən Luke!
4 fevral 2013-cü il: Bölüm 27: Lukun dünya psixologiya elmində ən çətin suala cavab
axtardığını öyrəndim: Bir insan nə qədər dəyişə bilər? İş burasındadır ki, onun
təcrübə obyekti çox məhdudur – özü və pasiyentləri. Belə demək olar ki, tibb
işçiləri, botanik və zooloqların bəxtləri gətirib. Onlar insanları, bitkiləri və
heyvanları parçalayaraq onları öyrənirlər, hər gün yeni nə isə kəşf edirlər.
Etik qaydalar isə birbaşa insanlar üzərində təcrübələr aparmağı qadağan edir.
Antihippokratlar isə bu qaydaları heçə sayırlar. Bu başqa mövzudur. Luke isə,
bu təcrübəni öz üzərində ica edərkən və «bir insan nə qədər dəyişə bilər?»
sualına cavab axtararkən, ətrafına da təsir edir. Həm müsbət həm də mənfi yöndə.
Bu gün bu əsərə qarşı olan tənqidi fikirlərdən uzağam. Homoseksuallar və hetroseksualların
bir-biri ilə olan qarşılıqlı əlaqəsinə əsaslanan düşüncələr olduqca maraqlı
idi. Bu böyük kəşf ola bilər. Davam edək...
4 fevral 2013-cü il: Bu gün kitabı oxumamışam, amma pəncərədən şəhərə baxa-baxa kitab
haqqında düşünürəm. Düşünürəm ki, insanlar müxtəlifdir. Kimsə kitabı mənim kimi
oxumaq xatirinə oxuyur, öyrənir, kimsə də kitabı oxuyub bundan təsirlənə bilər
və yazılanları beş də artığı ilə tətbiq edə bilər və heç yaxşı olmayan nəticələrlə
üzləşə bilər. Çünki bizim cəmiyyətimizdə ailə fərdlərinin azadlığı yoxdur. Odur
ki, kitabda böyük güc var. Mən özüm də yazılanların öz həyatıma tətbiqi ilə əlaqədar
az düşünmürəm.
8 fevral 2013-cü il: Sözün düzü bəzi şeylərə fərqli yanaşmağa başlayıram. Bu məni bir az
qorxudur. Eyni zamanda bir az özümü daha aydınlanmış hiss edirəm. Cinsi münasibətlər
üzərində aparılan təcrübələr mənə bir çox şeyi öyrətdi. Bir digər maraqlı məqam
isə, doktor Lukun, zər terapiyasını tətbiq etmək üçün, onun mahiyyətini belə
izah etməsidir: Biz mənliyimizin böyük
hissəsinin nə istədiyini edirik. Buna baxmayaraq, mənliyimizdə olduqca kiçik
hissələr də var ki, onlar böyük hissəyə əks olaraq tamamilə fərqli şeylər istəyirlər.
Zər o kiçik hissələrə, böyük hissə ilə bərabər şans verir. Nəticələr isə daha fərqli
və azad həyat ola bilər. Eyni zamanda olduqca məntiqli mühakimələr nəticəsində
«Zər tanrıdır» nəticəsinə gəlindi. Əlbəttə mən ümumilikdə zər terapiyasının
müsbət cəhətlərinin olduğunu başa düşürəm və müəyyən sərhədlər çərçivəsində tətbiqinin
tərəfdarıyam. Qaldı ki, tanrılıq məsələsinə, sadəcə yazıçı təxəyyülü öz zənginliyi
göstərir bu epizodda.
9 fevral 2013-cü il: 32-ci bölümü oxuyuram və düşünürəm ki, işdir də birdən mexanizmdə
problem yaransa və mən dəli olsam, başqa sözlə, başqa cür düşünsəm, necə olar?
Əlbəttə mən bundan xoşhal olardım əgər bu müvəqqəti olsaydı. Demək istədiyim,
bilsəm ki, bu 4-5 günlük olacaq, bundan narahat olmazdım. Bu öz-özlüyündə yaxşı
təcrübədir.
Kitabı vərəqləyirəm və düşünürəm ki, bu sıx qrafikimdə bu kitabı
oxumaq qərarını necə vermişəm. Əminəm ki, yaxın müddətdə bitirəcəm, onsuz da
yarılamışam. Yenə də sıx qrafik öz sözünü deyir. Çünki istərdim ki, az-az
oxumayıb bu kitabı, amma bilmək olmaz, şans və təsadüf haqqında olan bu kitabı
bəlkə də təsadüfən oxumuram. Viktor Pelevin demiş: Hər bir təsadüf
qanunauyğundur, hər bir qanunauyğunluq təsadüfidir.
10 fevral 2013-cü il: Psixolojik təcrübələrdən o qədər çox söhbət açılır ki, insan öz ətrafında
da bu təcrübələrdən aparıb bəzi qeydlər etməyi istəyir. Roman bizə bunu etmək
üçün bizim açıq-aşkar qurbanlar verməyimizin lazım olduğunu göstərir.
Bölüm 38-i oxumazdan qabaq öz-özümə intihar haqqında düşünürdüm. Bölümü
açdım və qarşıma elə intihar haqqında bəzi məlumatlar çıxdı....
13 fevral 2013-cü il: Romanı oxuduqca insanın rutinliyə, monotonluğa necə meydan oxuduğunu
görürəm. Bir məqam məni lap çox düşündürür: Luke zərlərə tanrı deyir. Buna
baxmayaraq bir epizodda onlara heç də hər seçimi vermədiyini deyir. Bu vacib məqamdır.
Zərlərin tanrı olmadığını 100% ifşa edir. Zərlər həqiqətən də tanrı deyillər.
Bu fikir məni maraqlandırmır. Məni
maraqlandırır ki, Luke niyə zərlərə tanrı deyir. Luke niyə zərləri tanrı edib.
Əslində sualın cavabı sadədir.
14 fevral 2013-cü il: Psixologiya və psixiatriya haqqında bu kitabdan çox şey öyrənirəm.
Bu məni çox sevindirir. Romanda yazılanların çoxusu elə məlumatlardır ki, insan
onları yadda saxlayıb sonra dəfələrlə və dəfələrlə istifadə də edə bilər.
Doğrudur bu məqamlar çox deyil, amma az da deyil.
15 fevral 2013-cü il: Bir qohumumun maşını ilə gedirəm və içəridəki güzgüdən asılı olan
iri bir cüt zər brelokuna baxıram. Düşünürəm ki, bunu öz tanrısına çevirmiş bir
obraz haqqında olduqca maraqlı bir roman oxuyuram. Artıq 340-cı səhifəyə
çatmışam. Bu qədər səhifənin necə geridə qaldığını hiss eləmirəm. Bu roman, əminliklə
deyə bilərəm ki darıxmağın dərmanıdır. Sadəcə hamı üçün deyil. Dindar insanlar
və tabuları olan insanlar bu kitabı heç oxumasınlar. Bu kitab psixologiyanı sevən,
insan davranışlarını izləyən və analiz edən kütlə üçün nəzərdə tutulmuşdur. Çoxdandı
belə kitab oxumurdum.
16 fevral 2013-cü il: Düşünürəm ki, mən də romanda yazılan davranışları eləsəm, dəli divanə
formada küçələrə düşsəm necə olar. Birdən anam gözümün qabağına gəlir və bütün
qəlbiylə mənim belə olmadığımı bilərək məni normal olmağa çağırır.
17 fevral 2013-cü il: Bu gün yemək yeyəndə atam mənə baxım dedi ki, bu necə yemək yeməkdi?
(bir tikə yeməkdən ağzıma alıb, bir qurtumda stəkandakı meyvə şirəsindən
içirdim). Mən də dedim ki, necə bəyəm. Mən belə yeyirəm. O, da dedi ki, sonra
başqa yerdə sənə gülərlər ki, bəs bu adam yemək yeməyi bacarmır. Mən də dedim
ki, hal-hazırda burada səndən və məndən başqa adam yoxdu. Bir az əyri-əyri
baxdı. Sonra dedim ki, bəs insan mütəmmadi olaraq rol dəyişdirir. Atam isə təsdiqlədi.
Mən də rol dəyişdirirəm dedim. Evdə belə yeyirəm, lazım olacaq başqa yerdə də
başqa cür yeyəcəm və söhbət bağlandı. Nöqtəni mən qoydum və bu çox yaxşı
haldır.
18 fevral 2013-cü il: Bölüm 72-də Linda Lukdan soruşur ki, sən həqiqətdə nə istəyirsən?
Çox yaxşı sualdır. Əgər romanı oxumaq qərarına gəlsəz, bu sualın necə də əhəmiyyətli
olduğunu görəcəksiz. Cavab isə belədir: “Hər kəs olmaq, hər şeyi etmək”. Bunu
müəyyən yerə qədər başa düşmək olar. Təbii ki, monoton şəxsiyyətdən sıxılıb rol
və davranış dəyişikliyinə getmək olar, amma bunu bütün həyat boyu əlcək kimi
çıxarıb geyinmək, heç bir yerə aparan yoldur və yaxş heç nə söz vermir. Hər
yerdə olmaq istəmək, heç bir yerdə olmaq deməkdir. Hamı olmaq demək heç kim
olmaq deməkdir.
Qiraətə davam edirəm və bu maraqlı cümlələrlə qarşılaşıram ki, bunu
sizinlə də bölüşmək istədim: 1) Əgər sağlam, nevrozlu aşiq olsaydım da, eşqim
yenə də qeyri-müəyyən bir zamanda uçub gedə bilərdi. 2) Yəni zərlərdən məsləhət
alıb-almamaq ilə əlaqədar belə zərlərdən məsləhət alıram. Zər istənilən halda həyatımda
var.
19 fevral 2013-cü il: Kitabın üstündə yazılıb ki, çox az kitab həyatınızı dəyişdirə bilər.
Bu kitab dəyişdirəcək. Bu fikrin obyektivliyi ilə əlaqədar düşünəndə,
razılaşıram. Çünki həyatımız düşüncələrimiz və hisslərimizdən ibarətdir. Roman
düşüncələrimizdə yeniliklərə və dəyişikliklərə səbəb ola bilər, amma bilmirəm
bundan əvvəlki qeydlərimdə bunu vurğulamışam yox, roman hamıya görə deyil. Əgər
tabularınız varsa, sadəcə uzaq durun.
Bölüm 75-də oxuduqlarım empatiya anlayışını əməlli başlı izah edir.
Çoxlarımız bu sözün son zamanlarda eşidirik. Sadəcə sözü də yox, eyni zamanda
çox yerdə onun izahına da rast gələ bilərsiz. Tam mənasıyla isə anlamını bu
kitabdan anlaya bilərsiz. Keşkə xüsusiylə emoatiyanı bizim cəmiyyətimizdə çox
adam bacara bilsə. Simpatiya cəmiyyətimizdə yetərli qədərdir, amma empatiya
yoxa yaxındır. Hələ xüsusiylə gənc və yaşlı nəsl arasındakı münasibətlərdə.
Kitabın sonlarına doğru irəliləyirəm. Belə ki, Luke bütün insanlığın ən
böyük tabusuna yaxınlaşır və macera daha da sürət qazanır. Bü sitatları da gətirmək
istərdim: 1) Fiziki qadın olmaq, sosial ya da psixolojik qadın olmaqdan daha
ağırdır. 2) Başqalarını satın almaq və özünü satmaq kapitalist ruhun elə
özüdür.
20 fevral 2013-cü il: Elə bunda öncə qeyd elədiyim bir məsələyə yenidən qayıdmaq istərdim.
Özümü valideyn (tələsdiyimin fərqindəyəm) yerinə qoyanda düşünürəm ki, övladım
zamanı gələndə dünyada olan hər şeyi bilsə və onlarə bir-birindən ayırsa, cəmiyətdə
manevr edəbilmə qabiliyyəti yüksək olsa, öz-özlüyündə bu böyük xoşbəxtçilikdir.
Əvvəllcə isə bunu gərək mən özüm bacarım.
Romanı bitirdim.
Comments
Post a Comment