Good Bye Lenin! - Гуд бай, Ленин!

Anam ömrünün sonuna qədər tərk etdiyi ölkəyə inandı. Biz də əlimizdən gələni etdik ki, onda olan bu inamı dəstəkləyək. O ölkəyə ki, əslində o heç vaxt mövcud olmayıb. O ölkə ki, yaddaşımda həmişəlik olaraq anamla əlaqədardır.

Təqdimat: Berlin divarının çöküşünə az qalmış, Aleksin anası komaya düşür. Özünə gələndə isə artıq ADR (Almaniya Demokratik Respublikası) yox idi. Anasının sağlamlığını düşünərək, Aleks, “yenilik”ləri anasına demir. Fanatik komunist üçün kapitalizmin “qələbəsi”ndən daha ölümcül nə ola bilər? Hər nə qədər Sovet İttifaqı süqut etsə də, Aleks üçün bunu demək düz olmazdı. Sizcə, Aleks həm komunizmdə həm də kapitalizmdə yaşaya biləcək? Komunizm və kapitalizm arasındaki sərhədlər, məgər həssasmış.

Filmin reallığı: Filmdə rejissorun ADR-na ya da ümumi anlamda SSRİ-yə olan münasibətini gözləməyin. Sözün düzü, mən filmə baxmağa hazırlaşmazdan qabaq, özümü siyasi motivlərə hazırlamışdım və qaşqabaqlı formada monitor qarşısında oturmuşdum. Siyasi motivli epizodlar epizodik olsa da, süjetin az hissəsini əhatə edir. Film bizə ilanın dəri dəyişdirdiyi kimi bəzi ölkələrin necə siyasi sistem dəyişdirdiyi zamanda sıradan insanların həyatının necə dəyişdiyini göstərir. Əslində, ümumi mənzərə bizə, filmin sevgidən bəhs etdiyini göstərir. Ana oğul və gənclər arasındakı sevgi. Sevgi hətta ADR-nın tənəzzülü zamanı da çox böyük manelərə sinə gəlir. Fərq etməz sizin sevdiyiniz yaxınlarınız hansı siyasi görüşlərə sahibdir. Onlar sizin sevdiklərinizdirlər. Ailə üzvləri arasındakı sevgi şərtsiz olur. Bu film bunu əyani olaraq sübut edir. Siyasi dəyərlər müvəqqəti olan bir şeydir. Filmin müəyyən mənada siyasi adı olsa da, motivi əbədi dəyərləri haqqındadır.
         Filmi izləyəndən sonra onun haqqında çox düşünmək olar. Belə bir qənaətə də gəlmək olar ki, ADR-in süqutu hər nə qədər digər Sovet respublikalarının süqutuna bənzəsə də, müəyyən mənada da özünəməxsus olub. Ən əsası isə, həmin vaxtlarda olan insanların hissləri, qayğıları və psixi gərginlikləridir. Rusiya isə, mənə elə gəlir ki, SSRİ-nin dağılmasını daha rahat keçirdib, nəinki ADR. Digər keçmiş ittifaq ölkələri SSRİ dağıldıqdan sonra çox əziyyət çəkiblər. Bunu elə öz ölkəmizdən çox yaxşı bilirik. Bunlar hamısı planlıydı. Planlı hökümətin hətta süqutsonrası durumu da planlıydı. Nəysə. Mətləbdən çox uzaqlaşmayaq.
         Film, 1978-ci ildə “Soyuz-31” kosmik gəmisi ilə kosmosa uçan, Ziqmund Yen adlı ilk ADR-li alman kosmonavtın uçuşunu təsvir edən kadrlarla başlayır və 90-cı illərin hadisələri ilə sonlanır. Film 9 kateqoriyada nominant olsa da, 7 kateqoriyada yerli alman kinematoqrafiyasının mükafatlarına layiq görülüb. Filmin əsas özünəməxsus xüsusiyyətlərindən birisi də ondan ibarətdir ki, gözlənilirdi ki, o əsasən lokal səviyyədə nümayiş olunsun, halbuki o dünyada özünü uğurlu bir film kimi sübut etmiş və gözləniləndən14 dəfə çox gəlir gətirmişdir. Onu da qeyd edim ki, filmdə Ziqmund Yen, Sovetlər dağıldıqdan sonra taksi sürücüsü kimi işləyir. Bu epizodun da çox dərin mənası var. 
         Belə bir çox maraqlı bir nəticəyə gəlmək olar. ADR-in timsalında ümumi Sovet İttifaqı ölkələrində hakimiyyətin göstərdikləri və təbliğləri başdan ayağa illüziyalardır. Bu mənə bir az da Truman Show-u xatırlatdı. Eyni zamanda Viktor Pelevinin hansısa kitabında oxuduğum maraqlı bir fikri də xatırladım: Sovet hökümətinin zamanında qatar hərəkət etmirdi, amma kənarda müxtəlif insanlar onu silkələyirdilər və qatarın içindəkilər də onun hərəkətdə olduğunu düşünürdülər. Nə olursa olsun SSRİ bizim həyatımızın bir hissəi olub və onun kölgələri hələ çox üzərimizdə qalacaq. Çünki yenə də Viktor Pelevin demiş, SSRİ-nin süqutu və yerinə kapitalizmin gəlməyi əslində Pepsinin Coca-Colanın üzərində olan qələbəsi kimidir. Əvvəl diktatura idi, indi də anonim diktaturadır. Bir şeyi də deyim ki, ən azından kağız üzərində, müəyyən qədər də reallıqda insana hörmət var idi. 
         Film eyni zamanda insanların ikiüzlülükləri və satqınlıqları haqqındadır. Belə ki, insan zahirən sosialist olub, daxilən konformist ola bilər. Ölkənin uğurlarına sevinib, özününkü statusu altında maskerovkalanıb, arxadan işlər görən birisi.
Yekun: Film əslində olduqca sentimental və dramatikdir. Filmi çox bəyənsəm də bir şeyi deyim: rejissor o dövr haqqında daha ağıllı və satirik film çəkə bilərdi. Bunun üçün çox gözəl imkanları var idi. Hər halda yekun nəticədə “V for Vendetta” filmi kimi siyasi film olmasa da, müəyyən şeyləri görmək olur və izləməyə dəyər. Musiqi, rejissor işi, operator işi və aktyor performanslarını yaxşı hesab edirəm.

Anam üçün yaratdığım ADR, özümün şəxsən yaşamaq istədiyim ADR-i xatırladırdı.

Maraqlı faktlar:
  • ·  Filmin bir çox səhnələri, Karl Marks bulvarındakı və Aleksandrplaç yaxınlığındakı panel evlərin əhatəsində çəkilib.
  • ·     Aleksin uşaqlığını oynamış balaca oğlan da kosmik raketlərlə maraqlanırmış və raketlərlə əlaqədar səhnələrin çəkilişi çətinlik törətməyib.
  • ·     ADR-də mövcud olmuş məhsullar tarixi dəqiqlik baxımından düzgün təsvir olunsalar da, qərbi Almaniyadan göndərilən Coca-Cola Light, Heinz ketçupları, Pepsi Light kimi məhsullar düzgün göstərilməyib.
  • ·   Xəstəxanada çəkilişlər aparılan zaman, tanometr qırılır və ətrada civə yayılır. Aktyor heyətindən götürülən qan analizləri zamannı onların qanında yüksək miqdarda civənin olduğu anlaşılır, lakin sonra aydın olur ki, onların həyatlarına təhlükə yoxdur. Çünki qanda olan yüksək miqdarlı civənin səbəbi, bir gün öncədən heyətin yediyi Suşi olmuşdur.
  • ·   Filmin ilkin adı belə olmuşdur: “79 km2 ADR”. Bunun simvolik mənası filmin ssenarisinə əsaslanırdı. Yəni komunizm təkcə bir otaqda qorunub saxlanılıb. 


Filmi izlə (rusca) 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi