Güntay Gəncalp - Yüksəl Birol
Fikirlərim: Hər
şeydən öncə elə kitabın adı çox şeyi ifadə edir: yüksəlmək və birləşmək.
Aydınlanmaq və həmrəyliyə çağıran əsər. Roman Azərbaycan türklərinin İrandakı həyatını
hər cəhətdən əhatə edir. Həm hərbi, həm dini, həm kültürəl-ədəbi həm də ailə-məişət.
Şəxsən mən romanı oxuduqca Cənubi Azərbaycanın mənim üçün necə də doğma
olduğunu dəfələrlə və dəfələrlə şahidi olurdum. Çox eşitmişdim ki, Cənubi Azərcabaycan
türkləri, bizə nisbətən milli kimlik anlayışı cəhətdən çox irəlidədirlər. Roman
bunun bir daha əyani sübutu oldu. Sadə Cənubi Azərbaycan türkü kəndiçisinin
milli kimlik anlayışı və azadlıq eşqi, Şimali Azərbaycanın şəhərlərində oturan
«inteligent şəhər insan»larından qat-qat çoxdur. Oxuduqca uzaq düşdüyümüzə,
düşürüldüyümüzə təəssüflənirdim. Buna baxmayaraq romandakı obrazlar mənə ümid
verdi. Ümid verdi ki, Azərbaycan Türklərinin tarixini, dilini və mədəniyyətini
qoruyan, yaşadan və gələcəyə miras saxlaya biləcək insanlar var. Mən özüm bu
gün orta məktəbdə bilmədiyim çox şeyi bilirəm və ətrafımdakı insanları və gələcəktəki
ailəmi məhz tarixi-milli-mənəvi dəyərlərimiz istiqamətində formalaşdırmağa
çalışacam. İnanıram ki, yalnız olmayacam. Yalnız olmaq belə məni qorxutmur.
Çalışmaq lazımdır ki, aydınlanaq. Aydınlandıqdan sonra qorxu məhv olur. Qorxu məhv
olduqda isə haqsızlıq-ədalətsizlik də məhv olur. Mən cəmiyyətimizi
aydınlanma-qorxudan azad olma sivilləşmə yoluna dəvət edirəm. Mən hamını
tariximizi və mədəniyyətimizi yaxından öyrənməyə çağırıram. Çünki qətiyyətlə əminəm
ki, biz milli kimlik anlayışımızı nə qədər çox dərindən anlasaq, bir o qədər də
heç bir siyasi sistemə məğlub olmarıq.
Yadda qalan epizodlar: Təbrizdə toy - bu səhnədə mən heç vaxt görmədiyimi gördüm.
Hamımız müxtəlif toylarda olmuşuq, amma xüsusiylə Bakı toylarının əksəriyyətində
dəyərsiz insanların gəlib mahnı oxumağından başqa bir şey yoxdur. Halbuki, toy
kimi ictimai-sosial hadisələri, böyük mənəviyyat mərkəzinə çevirə bilərik. Bu həm
ailə quranlara həm də orda iştirak edənlər çox böyük faydalar verər. Yuxuların
yazılması – Əsərdə belə bir epizod var ki, baş obrazlar səngərdə
yuxularını dəftərlərə qeyd edib, onun üzərində düşünürlər. İnsan həyatında
yuxular çox önəmli yer tutur. Xüsusiylədə də kitabda oxuduğum formada yuxuların
yazılışı, mənim üçün çox maraqlı gəldi. İsrailin İrana dəstəyi - Kitabda
oxudum ki, İran İsraillə düşmənçilik aparsa da onun silahlarından istifadə
edirdi. İran-İraq müharibəsi zamanı İsrail Ərəb düşməni olan İranı dəstəkləyirdi,
odur ki, lazım olan bütün dəstəyini ona göstərirdi. Müharibədən sonra isə
aralarındaki münasibət yenidən pisləşməyə başladı və pisləşməyə davam etməkdədir.
Nəsr
və nəzm – Kitabda belə bir epizod da var ki, Türk dilinin nəsr və nəzmi
müqayisə olunur və nəsr cəhətdən zəifliyi vurğulanır. Bəli bu belədir. Türk
dili əsrlərdir şeir, dastan dili olmuşdur. Xarici filosofların əsərləri türk
dilinə çox çətin tərcümə olunur. Rus dilində fəlsəfə oxumaq mənə daha çox zövq
verir, nəinki türkcə. Şəhriyarla olan söhbət – hər cəhətdən
bu epizod olduqca maraqlı və yadda qalandır. Türk millətinin layiqli şairi
insanların içindən çıxıb elə insanların içində də olmalıdır və hər mövzuda
onlara dəstək olmalıdır. Ustadın xüsusiylə Səhəndlə və irfanla əlaqədar verdiyi
məlumatlar diqqətəlayiqdir. Gənclərin Muğana səyahəti – bu səyahət
vasitəsiylə milli kimlik keşikçiləri insanlar bir-biriləri ilə görüşdülər, sadə
insanların necə yaşadığını və necə düşündüyünü öyrəndilər və bu ən vacib məsələdir.
Final
epizodlar – final epizodlar olduqca təsirli və kədərlidir. Təsvrilər
canlıdır.
Kitabdan seçmələr:
1) Evrəni öyrənən hər bir insan Tanrıya yaxınlaşmaqdadır,
tanrılaşmaqdadır. Dini kitablarda keçən mələklər, cin kimi sözlər irfanda
yoxdur. Dinin özündə də bunlar yoxdur. Cəbrail peyqəmbəranə zəkanın adıdır,
onun varlığı yoxdur. İlahi şüur axışı bir fərdin, yəni peyqəmbərin varlığında
elə mərkəzləşmiş ki, onun adına cəbrail deyilir. Dini kitablarda anladılan mələklər,
cin, iblis bunların hamısı rəmzdir. Olayı adi insanların anlaya bilmələri üçün
istifadə edilən mifik üslubdur. Çünkü insanların olayları mif şəklində anlaya
bilmələri üçün uzun tarixi təcrübələri var.
2) İnsanları kütlə şəklində aldatmaq çox rahatdır. Ona görə də bunlar fərdiliyə
və fərdiyətçiliyə qarşıdırlar. Ancaq irfan hər bir fərdə təməl haq və özgürlükləri
tanımaqdadır. Nədən? Çünkü müstəqil bir insanı kütlələşdirmək, sürüləşdirmək
olmaz. Ancaq öz əqli istiqlalını əldə etməmiş fərdlər kütlələşmək zorunda
qalırlar. Kütləni də yalançı din anlayışı ilə, cihad hökmləri ilə aldatmaq çox
asandır. Bir sözlə irfan hər bir fərdə tanınan düşünmə azadlığıdır. Azadlıq isə
çox böyük bir məsuliyət duyğusudur.
3) Nazlı xanım, bizim şəhərlərimizdə
milli kimliyimizin yox olması üçün mərkəzi hökumətlər çox sərmayə yatırmışlar.
Bir az da müvəffəq olmuşlar. Ancaq kəndlərdə təbii kimliyimiz və folklor dəyərlərimiz
pozulmamışdır. Ancaq kənd həyatı ilə heç bir iş görmək olmaz. Çünkü heç bir hərəkətdə
kəndlər öncül ola bilməmişlər. Ona görə də fədakar bir nəsl yetişməli və şhərlərdə
milli kimliyimizin yüksəlişi yönündə hərəkət başlatmalıdırlar. Şəhərlərdə hərəkət
başlarsa, kəndlərdən də dəstək gələr. Ancaq mərkəzi hökumət ölkədə elə iqtisadi
plan gəlişdirmiş ki, Azərbaycan kəndliləri iş arxasınca daha çox fars şəhərlərinə
köçsünlər. Nəticədə iki-üç nəsldən sonra bu köçənlər əriyib gedirlər, yox
olurlar, farslaşırlar.
4) Ənvər: haqlısınız, ancaq burada yenə də bizim bir suçumuz var. Bizim
aydınlarımız millətin cavanlarını milli hədəflər yolunda düşünməyə, təşkilatlanmağa
sövq edə bilmədikləri üçün bizim milli enerjimiz farsların hədəfləri yolunda
qullanılmışdır. Bizim cavanlar niyə kommunist,, mücahid, hizbullah oldular?
Çünkü bu təşkilatlar saxta və xəyali ədalət
anlayışı gəlişdirdilər, bu saxta ədalət
və bərabərlik şüarları ilə bizim gənclərimizi
aldatdılar.
Comments
Post a Comment