Qabriel Qarsiya Markes - Yüz İlin Tənhalığı
Əsərin ilk səhifələrindən etibarən
maraqlı, rəngarəng əhvalatlar və insanlar bir – birini əvəz edir. Makondo
adlanan və əsərin təməlini əmələ gətirən əraziyə isə rəğbət bəsləməyə
başlamışdım. Romanda elə hadisələr təsvir olunmuşdur ki, həddindən artıq
heyrətləndim, təəssüfləndim və məyus oldum. Düzdü razılaşıram ki, Qarsia üslubu
özünün bu romanda kifayət qədər rəngarəng və əyləncəli formada öz əksini tapıb.
Romana dünya şöhrəti gətirən də məhz budur. Bir çox məşhur insanlar bu romanı
oxuduqları ən yaxşı roman belə adlandırmışlar. Obraz və hadisə zənginliyi bizə
imkan verir ki, hər kəs özündən nə isə tapsın bu romanda. Makondonun əsasını
qoyan nəsil Buendia nəslidir. Xose Buendia Makondonu səs – küylü dünya ilə
bağlamağa çalışan ailə başçısıdır. Arzusunu isə arvadı reallaşdırır. Məncə
Makondonun sehri, özünəməxsusluğu bu zaman qırılır. Qlobal dünyadan kənarda
qalsa da sülh içində mövcudluğunu davam etdirən Makondo sonradan təəssüf ki,
bunu itirir. Qaraçıların ora gəlməsinə qadağanın qoyulması ilə Makondo bir az
da bəsitləşir və adi bir məkana çevrilir. Əvvəlcə ticarət sonra isə din bu
məkanı dəyişdirir. Keşiş heç də yaxşı qarşılanmır burda. Sakinlərin ona verdiyi
cavab xoşuma gəlir: - Bilirsiz, biz bütün vicdan işlərimizi birbaşa Allahın
özüylə həll edirik! Sanki yazar ticarətin, dinin və siyasətin olmadığı məkanı
təsvir etməyə çalışıb. Romanda müxtəlif düşüncə sahiblərinin görüşüb, söhbət
etməsi olduqca maraqlı nəticələr doğurur. Romanda cinsi mövzular olduqca
qabardılıb. Əlbəttə Markez bu yönüylə məşhurdur. Onu da deyim ki, ilk vaxtlar
bu mənim xoşuma gəlmirdi amma sonra gördüm ki, romana təbiilik verən də məhz bu
motivlərdir. Cinsi münasibətlər insan həyatında çox vacib rol oynayır. Romanda
bunu adi həyatda necə əksini tapdığını görürük. Daha sonra siyasət
buralara yol tapır. Bununla da Arkadio və Aureliano qardaşları arasında ayrılıq
baş verir. Siyasət əslində son nöqtə olur. Makondo məhv olur. Saflığını,
təbiiliyini itirir. Aureliano liberalların tərəfəni tutaraq qiyamçılara qoşulur
və Makondonu qardaşına tapşırır. Arkadionun Makondoda törətdiyi özbaşınalıqlar
tük ürpədicidir. Çox keçmir ki, hökümət qüvvələri onu tutub güllələyir. Romanda
bəzən izahı olmayan, magik realizmə xas olan epizodlarla qarşılaşırsan: göydən
sarı çiçək yağışının yağması və Melkidiasın (Xose Buendianın yaxın qaraçı
dostu) ölüb amma darıxaraq geri qayıtması kimi. Romanda bünövrə çox vacibdir.
Yazar bunu yaxşı bacarıb. Sonra lazımi dizaynı heykəltəraş kimi vermişdir.
Qarsia üslubunu sevmədim. Romanın ən maraqlı hissələri elə əvvəlləridir.
Getdikcə maraqsızlaşır. Sadəcə bir inqilabçının həyatını əks
etdirir(maraqsızlaşmaq nisbi anlayışdır. Bəlkə də kimsə görə əksinədir. Roma
ortalara və sona doğru çox maraqlı olmağa başlayır). Kitabın arxasında yazıldığı
kimi: Romanda Buendia nəslinin yaranması, inkişafı və qürubu əks olunmuşdur”.
Yenə də Azərbaycanda son vaxtların məşhur və çox satılan kitabıdır və oxumağı
məsləhət görərdim. 100 ilin tənhalığı – adına gəldikdə isə şəxsən onu başa
düşürəm ki, 100 il ərzində Buendia nəsli artsa da məşhurlaşsa da əslində onun
hər bir üzvü tənhalığa qərq olmuşdur.
Comments
Post a Comment