Məni düşündürənlərdən - Harry Escott - Unravelling


Bu musiqi sanki məndən hesabat alır. Düşün. Fikirləş. Nələr etdin? Etdiklərinlə razısan? Etdiklərin kimlərə ziyan vurdu? Bəlkə bu vəziyyətdən çıxasan? Bir dəfə də cəhd elə. Digər tərəfdən də musiqi mənə sona çatan maceranı xatırladır. Son notlar, son ahənglər, son səslənmələr, son seçimlər. Musiqi mənə vicdan əzabını, təəssüf, məyusluq hissini xatırladır. Yalanlar haqqında düşünürəm. Bizə uşaqlıqdan bəri söylənilən yalanlar haqqında. Böyüdükcə formasını dəyişir, müxtəlif qılıqlarda qarşımıza çıxır. Təkcə belə olsaydı dərd yarı. Musiqi mənim özümü necə aldatdığım haqqında düşünməyə vadar edir. Necə özümü uyuşdurduğumu və ümid adlanan böyük güc və illuziya qaynağından imtina etdiyimi. Musiqi məni niyə iddialı olmadığım, niyə tez təslim olduğum və yorulduğum haqqında düşünməyə vadar edir. Sigmound Freud sevdiyimə görə tez-tez onun fikirlərini xatırlayıram (əlbəttə bütün fikirlərinə qatılmıram). “Hər şeyin bir səbəbi var” deyir Freud əmi. Yuxarıdakıların səbəbi nədir görəsən?

Bu musiqini dinləyəndə həyatın, xüsusiylə şəhər həyatının çox qəddar və rəhmsiz olduğunu düşünürəm. Shame – Utanc filmində eşitdiyimdən məndə olan bu təəsüratlar bundan olsa gərək. Musiqidə saat tik-taklarına bənzər səslər var. Hərdən bu səslər səngiyir, əvəzinə başqa ahənglər gəlir. Maraqlıdır. Bəzən həyatımızın tələsgənliyinə ara verib tik-taka qulaq asmalıyıq. Məncə bu gün buna çox ehtiyac var. Başqa sözlə buna həyatın ritmləri də deyə bilərik. Dediyim kimi Shame filminin soundtracki olduğunu görə mahnını dinləyəndə gözümün qarşısında utandığından hönkür – hönkür ağlayan insan tipi canlanır. Paradoksda yan keçmədi məndən hər zamanki kimi. İnanılmaz qüvvə hiss edirəm musiqidə. İnsanı qəflət yuxusundan oyadan, ona ikinci nəfəs verən və silkələyən bir qüvvə. Bu ikinci şans ola bilər?

Musiqi bitdikə isə hər şey yerinə qayıdır. İbrahim “real” adlandırdığı həyatsa qayıdır və dörd divar arasında ora - bura vurnuxur. Bax beləcə mənim Hary Escotun – Unravelling musiqisi ilə olan maceram bitir. Demək istədiyim mən heç də həmişə yuxarıdakı kimi düşünmürəm. Sadəcə musiqi məni yuxarıda sadaladıqlarım kimi bəzi fikirləri beynimdə canlandırmağa vadar edir. Bəlkə sizdə də belə musiqi var? Sizi düşündürən, göylərə qaldıran, sevindirən, ağladan və s.

                                                                                 İbrahim Niftiyev         Bakı 30.04.12



Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi