Adaptasiya - Адаптация - Adaptation

Syuzan Orlean adlı jurnalistin "Orxideya oğrusu" adlı kitabını film üçün ssenari formasına adaptasiya etməyə qalxışan ssenarist Çarli Kaufman mənəvi və yaradıcıllıq böhranına düçar olur. Onu əhatələyən qəribə hisslər işləməyə imkan vermir. Daha sonra Çarli qərara gəlir ki, ssenariyə onunla reallıqda baş verən hadisələri də əlavə etməlidir. Reallıqla uydurma bir-biri ilə çox qəribə və özünəməxsus tərzdə qarışmağa başlayır. 

İlk öncə onu deyim ki, adaptasiya filmi izlədiyim ən mürəkkəb strukturlu filmlərdən biri oldu. Əslində hər şey çox sadədir: həyata adaptasiya olmaq istəyən psixoloji cəhətdən kifayət qədər zəif baş obraz bizə əsl adaptasiya nümunəsi göstərir. O, real dünyada özünə yer tapa bilmir. Hər bir hərəkətində özümə şübhə ilə yanaşır. İlk öncə elə düşündüm ki belə obraza real həyatda rast gəlmək çox çətindir, lakin sonradan mən şəxsən özümdə olan bəzi oxşarlıqlar gördükdə bunun mümkün olduğu qənaətinə gəldim. Ən əsası onun real dünyaya təqdim etdiyi dəyərlər dostları və ətrafı tərəfindən dahilik nümunəsi kimi qəbul olunur. Sadəcə baş obraz deyil digər obrazlar da əslində adaptasiya nümunəsindən başqa bir şey deyil. Bütün bunları nəzərə alaraq adaptasiya filmi eyniadlı terminin fəlsəfi mahiyyətini göstərən bir ekran əsəri olduğunu rahatlıqla başa düşə bilərik.

Adaptasiya vasitəsilə bitkilər və canlılar təbiətin onlara təqdim etdiyi dəyişən şərtlərdə sağ qalmaq və güclənmək proseslərini gerçəkləşdirilər. Başqa sözlə ya adaptasiyaya məruz qalıb həyatına davam etməlisən, ya da məhv olmalısan. İnsan cəmiyyəti də vəhşi təbiət kimidir. Belə ki, insanların əsrlərlə qurub quraşdırdığı sosiumlarda da daim dəyişən şərtlərə uyğunlaşmalı, sağ qalmalı ya da məhv olmalısan, ən azından psixoloji olaraq məhv olmalısan. Adaptasiya olmamağın özünü itirmək, ətrafına daha sonra özünə yadlaşmaq kimi dəhşətli şəxsiyyət dağıdıcı fəsadları var. Filmdə göstərildiyi kimi əgər siz insan cəmiyyətinin şərtlərinə adaptasiya olmasanız, qısa müddət ərzində çoxlu uğursuzluqlar yaşaya biləcəksiniz. Bir çox insanın rahatlıqla əldə edə bildiyi yaxşı dostlar, özünəuyğun həyat yoldaşı və daimi bir iş kimi məsələləri bəzən çox çox uzaqlarda ola bilər. Əslində bizim insan olduğumuzu nəzərə alaraq, bu məsələdə fərdləri ayrı ayrılıqda günahlandırmaq obyektiv deyil. Çünki bizi həyatımızın ilk illərindən etibarən formalaşdırmağa başlayan sosial və ictimai siyasi formasiyalardan həddindən artıq çox şey asılıdır. Vaxtiykən bu məsələlərin fərqinə varan və bu problemlərə  nəzəriyyələr həsr eləyən filosoflar var olmuşdur. Hər halda yaşadığımız bütün çətinliklər bizi bir insan kimi güclü yeridir, əlbəttə, əgər onlar bizi öldürmürsə. 

Film izləyici ilə sadə dialoq kimidir. Buna baxmayaraq film heç də hamıya müraciət etmir. İzləyici qısa müddət ərzində hissələrin birləşdirməyi bacarmasa, filmin dinamikası içində özünü itirə bilər. Yox əgər filmi anlamağa müvəffəq olsa, o zaman düşüncə üçün yaxşı material əldə etmiş olur. Ən əsası isə əla aktyor ifalarını unutmaq mümkün deyil. Ən çox bəyəndiyim və filmin ən əsas xüsusiyyətlərindən birisi də odur ki, onun bəzi hissələrinə freydsayağı yanaşma ilə yanaşmağın mümkünlüyüdür. Diqqətəlayiqdir ki film cəmiyyətdə uğur qazanmağın açarını göstərir. İnsan cəmiyyətində uğur qazanmaq üçün zəruri olan əsas adaptasiya növü əslində, cəmiyyətin, onu əmələ gətirən fərdlərin ümumi tələblərinə, istəklərinə və arzularına özünü uyğunlaşdırmaqdır. Onların dediyi kimi, onların istədiyi kimi dəyəri ortaya qoya bilirsənsə, həmin cəmiyyətin status nərdivanlarını qalxmağa bilet əldə etmiş olursan. Maraqlı orasıdır ki, təbiətdə bitkilər və heyvanlar adaptasiya olaraq və ya olmayaraq sağ qalmaq yaxud da məhv olmaq kimi nəticələri əldə edirlər. İnsanlar isə bir çox hallarda həm adaptasiya olaraq, həm də olmayaraq özlərini həmin cəmiyyətin xaosunda itirmiş olurlar. Bəzən nəticələr müxtəlif olsa da, ünvan bir olur. Atdığınız hər addımda, bu addımın sizin həqiqi "mən"-liyinzilə ahəngdə olub olmamağını ölçüb biçin. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi