Skip to main content

Çak Palanik - Döyüşçü Klubu

Kitabın ingilis dilində adı: Chuck Palahniuk - Fight Club


Kitabın rus dilində adı: Чак Паланик - Бойцовский клуб


Təqdimat


Çak Palanikin "Döyüşçü Klubu" əsəri 1996-cı ildə nəşr olunub. Romanın mərkəzində istehlak cəmiyyətinin aktiv nümayəndəsi lakin, yuxusuzluqdan əziyyət çəkən şəxsdir. Həkiminin məsləhəti ilə müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən insanların dəstək qruplarında iştirak etməyə başlayır və orada meditativ proseduraların iştirakçısı olur. Praktiki olaraq ölümə məhkum olan və sadəcə onu gözləyən insanlarla özünü müqayisə edən qəhrəmanımızın müəyyən qədər yuxusuzluq problemi həll olunsa da (müqayisədən yaranan xoşbəxtlik və rahatlıq), bir müddət sonra bu kifayət etmir. Şəxsiyyət ikiləşməsi yaşayan qəhrəmanımız Tayler Darden vasitəsiylə özünəməxsus "psixoterapiya" forması olan "Döyüşçü klubu"nu yaradır. 

Yaradılış tarixçəsi 


Yazıçı qeyd edir ki, "Döyüşçü klubu"nu yazmaq ideyası onda yay düşərgəsi zamanı iştirak etdiyi bir əlbəyaxa döyüşdən sonra yaranıb. Dostları ondan sifətindəki yaraların səbəblərini soruşmayıblar. Vaxt keçdikcə yazıçının arzusu daha da möhkəmlənib, amma birinci dəfə "Görünməzlər" romanını nəşr etdirmək istəyir. Nəşriyyat isə romana "biabırçı" statusu verərək nəşrindən imtina edir. "Xoşbəxtlik sorağında" adlı hekayələr toplusunda kiçik hekayə kimi ilk dəfə işıq üzü görən "Döyüşçü klunu" haqqında sonradan yazıçının planları daha da böyüyür və üzərində işləyərək çap etdirməyə müvəffəq olur. Bir neçə dəfə təkrar və təkrar nəş olunan kitab, yazıçının dediyinə görə kişilər üçün müəyyən sosial model təqdim edir. Həqiqətən də həmin dövrə qadınlar üçün sosial model və təsəlli təklif edən bir çox kitab (Xoşbəxtlik və uğur klubu, Mən-mən bacılarının ilahi sirləri və s.) var idi, lakin kişilər diqqətdən kənar qalmışdılar. 

Palanik vətənində əsasən satirik nihilist kimi tanınır və onun mahir psixoloji triller yaratması kifayət qədər şərtidir. Yazıçının "Döyüşçü klubu" ilə sosiumun təzyiqlərinin yaratdığı mövzulara yeni nəfəs gətirdiyini demək olar. Belə mövzularda yazıçılar qəhrəmanlarının psixoloji tarazlıqları üzərində manipulyasiya edərək ortaya ədəbi məhsul qoymaq istəyirlər. 


Motivlər


Qəhrəmanın xaos və dağıntılara olan meyili romanın ən əsas motiv və məğzini əmələ gətirir. Hamı tərəfindən gözəl və əhəmiyyətli hesab edilən elementlərin məhvi yenilənmə kimi qəbul olunur. Romanın müxtəlif hissələrində bir neçə dəfə buna işarələr verilir. Pol Kennet, Kalhari Universitetinin ədəbiyyatşünası, qəhrəmanların - hekayəçinin, Tayler Dardenin və Mexanikin xaosa olan bu fövqəl həvəslərini Edip kompleksinin nəticəsi olduğunu tezisini müdafiə edir. Bu ideyadan hərəkət edib bəzi hissələrə diqqət edək: 1) Mexanik deyir: əgər sən kişi cinsindən olan amerikalı və xirstian dinindənsənsə, onda sənin atan sənin allahının modelidir. Əgər sən atanı tanımırsansa, əgər o, ölübsə, səni atıbsa və yaxud da o, heç vaxt evdə olmursa, sən allah haqqında nə bilə bilərsən? 2) Taylerin fikrincə pis əməllər edib allahın diqqətini cəlb edirsənsə, bu onun sənə heç diqqət etməməsindən dəfələrlə yaxşıdır. Ola bilər ilahi qəzəb ilahi laqeydlikdən daha yaxşıdır. Əgər sənin allahın düşəməni olmaq yaxud da heç kim olmaq kimi seçimin olsaydı, hansın seçərdin? Tayler Derdenin fikrincə biz allahın istənməyən övladlarıyıq. Tarixdə bizim üçün yer qoyulmayıb. Əgər biz allahın diqqətini cəlb edə bilməsək, nə əbədi lənətə, nə də günahlarımızın yuyulmasına ümidimiz olmayacaq. Hansı daha pisdi: cəhənnəm, yoxsa heçlik. Biz o vaxt xilas olacağıq ki, bizi tutacaqlar və cəzalandıracaqlar. "Luvru yandır-deyir mexanik, - və Mona Liza ilə silin, ən azı allah sənin adını bilmiş olacaq.". Bu iki sitatda atalarını itirmiş insaların onların yerini doldurmaq cəhdləri əks okunub ki, çox həssas psixoloji məqamdır. Qəhrəmanların keçmişi onların cari ruhi gərginliklərinin kökündə dayanan ən əsas motivdir.

Psixoloji travmalara əsaslanan psixologizm və tendensiyalı psixoloji fəsadlar baxımında romanın zənginliyinə söz ola bilməz: Mən fiziki hakimiyyət və xüsusi instinktlərinə son qoydum - Tayler pıçıldayır, - ona görə ki, sadəcə özünüməhv sayəsində mən ruhumun üzərində hakimiyyəti əldə edə bilərəm. Burada biz material izolasiya və "mən" axtarışı ilə qarşı-qarşıyayıq. Bu prosesin hansı qurbanlar tələb etdiyini də rahatlıqla görə bilərik. Bir sözlə ekzistensializm.

Bütün bu motivlər postmodernizmin ayrılmaz elementi olan şizofreniya çalarını aktivləşdirir ki, son dövrlərin ən əsas tikinti materialıdır. Bir çox populyar ədəbiyyatın və kinematoqrafiyanın süjetində duran şizofreniya elementi geniş oxucu və izləyici kütləsi üçün çox maraqlıdır. 

American dream + F**k The System + X nəsli


ABŞ-ın əsasını qoyan insanlar eyni zamanda "American dream" adlı imkanlar və azadlıqlar ideallığını simvolizə edən termini də yaratmış oldular. Çox maraqlı termindi. Belə deyilir ki, ABŞ-ın sistemi onun skeletidirsə, "Amerika Arsuzu" onun ruhudur, millətin mənəvi dəstəyidir. Uilyam Sefayerin öz "Siyasi lüğət"ində və Böyük Depressiya illərində Ceyms Adams da bu termini intensiv istifadə edirlər. Kifayət qədər utopik anlayış olan "Amerika arzusu" ABŞ-da yaşayan hər bir insanın istəyinə nail olmağını ifadə edən vacib anlayışdır. 

ABŞ-ın əsasını qoyanlar əgər "Amerika arzusu" terminini yaratdılarsa, yəhudi əsilli Ebbi Hoffman da "F**k the system" terminin yazdığı kitab vasitəsiylə yaratmış oldu. Bir termin istəniləni ifadə edirsə, digəri əldə olunanlardan narazılığı ifadə edir və müəyyən ideologiya xarakteri daşıyır. 

Döyüşçü klubunda əslində bu iki terminin toqquşmasından yaranan düşüncə tərzinin - inqilab formasına rast gəlmək olar. Bu başlıq altında xüsusiylə romandakı inqilab anlayışına aydınlıq gətirmək lazımdır. Çünki roman öz ideyasını dünyanı məhv edərək onu daha yaxşı formaya salmaq istəyi ətrafında formalaşdırır. 

Əslində burada çox maraqlı məqam ortaya çıxır. Şərq və Qərb arasındakı inqilab anlayışındakı fərq. Muasir Qərb cəmiyyətinin yetişdirdiyi düşüncə tərzləri əsasən anarxiya və radaikal cərrahiyyə əməliyyatına əsaslanan inqilab anlayışı var. İlk növbədə biz inqilab anlayışıı mümkünsüz və çətin bir şey olduğunu unutmalıyıq. Romanın dediyinə və eyni zamanda bəzi obyektiv nəticələrə əsaslanaraq demək olar ki, həqiqətən də, təkcə bir insan belə inqilab edə bilər. İnqilab anlayışının qəribə xüsusiyyəti ondadır ki, onda nə qədər az insan iştirak edirsə bir o qədər ağrılı, qanlı (terrorizm), nə qədər çox adam iştirak edirsə bir o qədər ağrısız, qansız keçir. Çünki inqilab beyinlərdə baş verən proses olduğundan yayılma arealı böyüdükcə fəsadları azalır, lakin bir-iki beyinlə kifayətlənəndə ağırlığını xaotik olaraq ora-bura səpələyir. Bu özünü qərbsayağı terrorizm kimi göstərə bilər. İnqilab üçün nələrin motiv təşkil edə biləcəyi isə kifayət qədər geniş mövzudur və "Döyüşçü klubu"nda bu özünü lazımi qədər biruzə verdirib. 

Nəzərə almaq lazımdır ki, romanın qəhrəmanları "X nəsli"nin nümayəndələridir. "X nəsli" də romanı başa düşmək üçün vacib terminologiyalardandır. Ceyn Deverson 1964-cü ildə bu termini yaradanda qeyd edirdi ki, bu nəsil elə bir nəsldir ki, bir-biriləri ilə toya qədər yatır, allaha inanmır, kraliçanı sevmir və valideynlərinə hörmət etmirlər. Bu nəslin xüsusiyyətləri çox vacibdir. Bir çox elm sahələrində "X nəsli" kifayət qədər araşdırıldı və öyrənildi. Romandakı "X nəsli" sadəcə bunlarla kifayətlənmir. Onlar artıq daha aqressivdirlər. "Bizi daha da əsəbi etməyin" deyirlər. 

Bu üç terminin dərindən öyrənilməsi romanı başa düşməkdə açar rolunu oynayır. Çünki romanın bizlərə təqdim etdiyi dünya bəziləri üçün qaranlıq qala bilər, bəziləri üçünsə əksinə çox tanış gələ bilər. Tanışlıq isə əsasən keçirilən psxiloji təcrübələr müstəvisində ola bilər. İstənilən halda romanın ideyasına gedən yolda bir çox maneələr var. Bunlardan ilki terminologiyadırsa, ikincisi paradiqmadır. 

Paradiqma


Bu məsələ bir o qədər də əhəmiyyətli olmaya da bilər, lakin zənnimcə, əhəmiyyətlidir. Hər bir insan hər hansısa kitabı oxumağa başlayanda kitabın təqdim etdiyi dünya ilə oxuyucunun ortaya qoyduğu şəxsi dünyası - paradiqması olur. "Döyüşçü klubu"nun dünyası heç də hamıya uyğun deyil. Deməzdim ki, hər əlinə bu kitabı götürən kitabı tam başa düşə biləcək. Paradiqmal baxımdan seçilmiş müəyyən qruplar üçündür. Odur ki, romanın dərk edilməsində ikinci mərhələ, kitabla sizin paradiqmanızın - düşüncə tərzinizin nə dərəcədə bir-biri ilə razılaşmasından asılı olacaqdır. 


Bəzi təhlillər


Araşdırmalarım məni bəzi suallarla üzləşdirdi: "Döyüşçü klubu" hansı ideologiyanı təmsil edir? Motivlərdə solçuluq varmı? Yoxsa bu nə isə yeni tendensiyadır?

Tayleri terrorist kimi dəyərləndirə bilərik, amma bu ənənəvi terror anlayışından fərqli terrorizmdir. Belə ki, Tayler özü də qeyd edirdi ki, onların törətdiyi əməllərdən insanlar əziyyət çəkməyəcək. Bu artıq "xeyirxah terrorizm"dir. Kifayət qədər vandalizm nişanələri də var. Süjetin motiv qarışıqlığı və əlaqəsizliyi əsərin partlama dərəcəsini və miqyasını böyüdür. 

Bu terrorizmin hədəf nöqtəsində kapitalizmin məhv edilməsidir. Bəs necə oldu ki belə bir məqsəd və məqsədə uyğun hərəkat başladı? Bütün bu proseslərin içində yazıçı haradadı? Bu məqamın təhlilində yazıçının bilavasitə öz şəxsi motivləri ilə romanın motivləri kəsişir. Çünki Çak Palanik özü avtomexanik işləyirdi və əsərləri dəfələrlə nəşriyyatlar tərəfindən rədd edilən yazıçı bütün qəzəbini kağızın üzünə çırparaq "Döyüşçü klubu" əsərini yaradır. Yazıçı olduqca yoxsul həyat tərzi keçirib. Bunu konkret haradansa oxumağa ehtiyac yoxdur. O, istehlaka qarşı etiraz edirdi, çünki özünün istehlak etmək imkanı yox idi. Odur ki, belə səmimi və əsəbi etirazlar yaxşı satılır. 

"Dağıntı" hərəkatının üzvləri əsasən yazıçının özü ilə birlikdə orta sinifin tox və xoşbəxt nümayəndələrinə nifrət edən bədbəxt uğursuzlar, sistem tərəfindən aldadılan və ümidləri doğrulmayan insanlar olurdu. Bu məqam bəziləri üçün ortaya solçuluq məsələlərini sintez etməyə imkan yaratsa da, bunun solçuluqdan fərqli olduğunu düşünürəm. Təbəqə baxımından isə bu hərəkata qoşulanlar əsasən mavi yaxalıqlılardan, başqa sözlə, xidmət edənlərdəm - mühafizəçilər, emiqrantlar, kuryerlər və s. kimi iş sahibləri olurdular. 

Niyə də yox? Təsəvvür edin səhər yuxudan oyanırsınız və sizin banka olan kredit borcunuz artıq yoxdur. Sizin heç bir maliyyə öhdəçiliyiniz yoxdur. Tayler istehlak cəmiyyətini məhv etməklə nail olmaq istədiyi məqsədlərdən birisi də məhz bu idi. 

Bütün bu terrorizm hərəkatının məqsədi kapitalizmin üəriyini əmələ gətirən bankalar, maliyyə qurumları və iri şirkətlərin binalarının məhv edilməsi idi, amma düşünürəm ki, sadəcə bina alt-üst edərək kapitalizmi məhv etmək olmaz. Çünki kapital anlayışı universal və hərtərəflidir. O sadəcə material anlayış deyil. Kapitalizm və istehlak sadəcə bina və avadanlıqların timsalında deyil, bizim gündəlik özünüdərkimizdə, rəqabətimizdə, istehlak proseslərində və hətta qorxularımızda özünə yer edib. Tayler bunları yaxşı bilirdi, lakin mübarizə üçün başqa alternativ təklif edə bilmirdi. Çünki o, uşaqcasına düşünürdü: əgər nəyisə dəyişə bilmirsənsə, o zaman onu məhv etməlisən, dağıtmalısan. Bu dağıntı ideyasında bəziləri sistemə vurulan dəhşətli zərbələri və sistem üzərində qazanılan qələbələri görürdü. Elə buna görə də Tayler kişilərdən ibarət primitiv kütlənin peyğəmbərinə çevrilməyi bacardı. Erix Frommun bu nüansla əlaqədar yaxşı fikirləri çoxdur: "Qan axıdılması özünü canlı, güclü, təkrarsı və digərlərindən üstün hiss etməyə şərait yaradır. Öldürmək anarxik bünövrədə nəhəng həzz və möhtəşəm özünüsübutdur." - İnsanın ruhu kitabından

Erix Frommun nekrofiliya haqqında fikirlərindən hərəkət edərək, "Döyüşçü klubu"nda da onun izlərinə rast gəlmək olar: "Nekrofiliya həyat üçün heç bir dəyəri olmayan əşyalar və əmlaklar, ölülərə olan maraqdır." Məsələn vacib obrazlardan olan Marla Zingeri nə dərəcədə canlı hesab etmək olar? O, intihar etmişdi. Tayler isə onu dartıb öz evinə gətirmişdi. Tayler şizofrenik məhsul idisə, bunu necə edə bilərdi? Odur ki, Mala meyid idi, ya da ikinci şizofrein elemnt. Odur ki, nekrofelik elementlərə şübhə qalmır. Sadəcə nekrofiliya deyil, sadizm, mazoxizm, vandalizm nöqteyi-nəzərdən də əsəri kifayət qədər geniş təhlil etmək mümkündür.

İstehlak cəmiyyətinə olan nekrofil münasibətlər "Döyüşçü klubu"nu yaratdı. 

Və yaxu da "Dağıntı" hərəkatının əsas qaydası olan sualların verilməməsi. Yoxsa sektası deməliydim? Yalnız sektalarda fərdi düşüncələr boğulur və kütləvi ideyalara tabe olmaq tələb olunur. Klub üzvləri heç vaxt düşünməməlidirlər. Bu onların daxilinlə əbədiyaşar insani mübarizələri, təzadları və canlılığı oyada bilər. 

Kişi cinsi orqanının əsərdə bu dərəcədə tez-tez təkrar olunması və istifadəsi də müəyyən məqamlara işarədir. Bunu həzzi ifadə edən istehlak cəmiyyətinin simvolu kimi baxa bilərik. "Dağıntı" hərəkatına maneə olanlar həmin orqanın kəsilməsi ilə təhdidlənirdilər. Bəzi obrazlar kişi cinsindən olsalar da, onlarda bu orqan yox idi. Bir çox dialoqlarda da məhz həmin orqanı kəsməkdən söhbət gedirdi. Sonradan aydın olur ki, əsas məsələ onu kəsməkdə deyil, yerini tapmaqdadır. Əsərin sonluğu isə göstərdi ki, Tayler onu tapa bilmədi. Kobud psixoanaliz isə deyir ki, bu üsyan mövcud olmayana, anonim diktaturaya qarşı üsyandır. Taylerin olmayan atasına qarşı olan üsyanıdır. Əgər atan yoxdursa və onun yerini heç nə ilə doldura bilmirsənsə, sən özün ata olmalısan.

Eləcə də insan piyindən sabunun hazırlanması kifayət qədər mənalar ifadə edən güclü simvolikadır. Nəzərə alsaq ki, müasir kapitalizmin əsas fəlsəfəsi puldan pul qazanmaq və ya insanları istehlak edərək zibilxanaya atdıqlarını onlara yenidən sırımaqdır, onda məsələ aydınlığa qovuşur. 


Film


Əsərin əsasında çəkilən film çox uğurlu alınıb. Filmin sonluğu ilə romanın sonluğu arasında fərqin olmağına baxmayaraq yenə də bu dərəcədə uyğunluq və bəzi məqamlarda üstünlük məndə əsərlər əsasında çəkilən filmlərə qarşı sərt münasibəti yumşaltdı. Finçer istedadlı rejissordur və ortaya dəyərli əsərlər qoymağa müvəffəq olmuşdur. Aktyorların performansı çox əla və yaddaqalandır. 










Marksın yadlaşma konsepsiyasını təhlilə sintez etməmək mümkün deyil. Beləliklə insan yadlaşır - öz işinə, cəmiyyətinə, təbiətə və nəticədə özü özünə. Əsas obraz yadlaşdı və öz "mən"indən imtina etdi. Həmin "mən"i isə Tayler öz üzərinə götürdü. 

Bizim postmodernizm eramızda çox şeyi başa düşmək və rahatlanmaq üçün istifadə etdiyimiz açar şizofreniyadır. Əsas məsələ bu şizofreniyanı digərləri ilə də paylaşmaq və geniş şəbəkə yaratmaqdır. Şizofreniya fantazmının ruhunu daşıyan "Döyüşçü klubu"nu müasir cəmiyyətin problemlərinə qarşı təklif edilən həllər kimi başa düşmək olar. Bəziləri bu fikri kifayət qədər hərarətlə müdafiə edirlər. Əlbəttə ki bu "həll"lər ilə tam razılaşmaq olmur və heç düzgün də deyil. Çünki bu "həll"lərdə uşaqlıq var. Lakin nəticəsizliyin aqibəti məhz "Döyüşçü klubu"nun təsvir etdiyi dünya ola bilər. İnsan iradəsi və düşüncəsi daha yaxşı alternativdir, çətin də olsa. 

P.S. Təhlillər zamanı oxuduğum bir çox maraqlı materiallarda əsas obrazın "Cek" olaraq adlandırırdılar. Buna onun zirzəmidə oxuduğu məqalələrdən sonra tez-tez məqalələrin təsiri nəticəsində öz-özünə onlardan oxşatmalar etməyi səbəb olub. Bu böyük və kobud səhvdir. 

P.S.S. Erix Frommun neyrofreydizm müstəvisində əsərin daha geniş təhlilləri mövcuddur və mümkündür. 

İstifadə olunan qaynaqlar:
  • totall.me
  • wikipedia
  • nevzdrasmion.livejournal.com

Comments

Popular posts from this blog

Herbert George "H.G." Wells - İnvisible Man - Görünməz Adam

Herbert George Wellsi yaxşı tanıyıram. Bir əsərini oxumuş, bir digər əsəri əsasında çəkilmiş bir filmə baxmışam. Özünəməxsus üslubu olan bu yazıçı Sci Fi janrında, yəni elmi fantastika janrında yazıb yaratmışdır. Yazdığı əsərlər çox maraqlı, həyəcanverici, düşündürücü və yadda qalandır. 
Kitabın arxa üzündən: Soğuk bir kış günü,kimselerin uğramadığı Iping Kasabasına karlar arasından,sargılar içinde en ufak yeri bile görünmeyen tuhaf bir yabancı çıkagelir.Kimdir bu yabancı?Kendi halinde deneyleriyle uğraşan bir bilimadamı mı,polisten kaçmaya çalışan bir kanun kaçağı mı,yoksa bütün o giysilerin altında bombalar taşıyan bir şüpheli mi?...Hem bilim kugu hem de Wells'in başyapıtlarından biri...
Fikirlərim: Məncə klassik olan bu əsəri elmi-fantastik ədəbiyyatla maraqlanan, ona yüksək dəyər verən hamı oxumalıdır. Yazıçının uğuru insanın gizlətməyi bacardığı hisslərin və psixologiyanın oxuyuculara böyük ustalıqla çatdırmasıdır. Ona görə də onun əsərlərini psixolojik də hesab etmək olar. İns…

Aleksandr Puşkin - Kapitan qızı

RUS: Александр Пушкин - Капитанская дочкаDünyagörüşü normal səviyyədə olan hər bir insana Aleksandr Serqeyiviç Puşkinin kimliyi və yaradıcıllığı hələ orta məktəb illərindən bəlli olmalıdır. Hər bir insan onun dəst-xəttində ona yaxın olan şeyləri görməyi bacarır: kimlərsə macəra, kimlərsə estetik dil bacarıqlarını, kimlərsə də sadə və səmimi bədii ədəbiyyat parçası görür. Hər bir halda Puşkinin oxucuları mənən elə zənginləşirlər ki, bir daha əvvəlki insan olmurlar. Bu onun bir şair və yaradıcı insan kimi böyüklüyünü və təkrarsızlığını sübut edir.

Aleksandr Belyayev - Amfibiya adam

Александром Беляев - Человек-амфибия
"Amfibiya adam" Aleksandr Romanoviç Belyayevin ən tanınmış əsəridir. Bu möhtəşəm əsərdə həm quruda, həm də suda yaşamağı bacaran və bu bacarığına görə "Dəniz İblisi" adlandırılan  İxtiandr adlı gəncin həyatından bəhs olunur. İstedadlı cərrah Salvator, İxtiandra köpək balığının qəlsəmələrini köçürmüşdür. Hadisələrm Argentinada, Atlantik Okeanının sahillərində cərəyan edir. 
...Artıq xeyli müddətdir ki, şayiə yayılıb ki, dənizdə "Dəniz İblisi" var. O bir çox şeyə zərər vurub - torları kəsir və balıqları qayıqlardan suya qaytarırdı. Eyni zamanda belə bir şayiə də var idi ki, o kimisə köpək balığının cəngindən xilas etmişdi. "Dəniz İblisi"-ndən qəzetlər yazırdı və varlığını təkzib edən elmi ekspedisiya da təşkil edilmişdi, lakin mövhumatçı ispanları və hindliləri inandırmaq mümkün olmamışdı. İnsanlar xeyli müddət dənizdən kənar gəzməyə çalışdılar. Balıq, ən əsası isə mirvari ovu azaldı. Bu da "Meduza"-nın…