Edqar Allan Po - Berenisa və digər hekayələr

Uzun müddət Edqar Allan Ponun məşhur hekayələri və irihəcmli əsərləri ilə tanış olmaq istəyirdim. Eləcə də həmişə elə bilmişəm ki, onun hekayələrini oxumaq üçün gərək oxucu nə isə xüsusi əhval-ruhiyyədə, onun əsərlərinin atmosferinə identik ruh halına malik olmalıdır. İstənilən an, istənilən yerdə və zamanda onun əsərlərini oxumaq olmaz. Bu bir növ yazılmamış qanundur. Qəribədir ki, son vaxtlar həyatımda baş verən dəyişikliklər məni məhz Ponun əsərləri üçün zəruri olan əhval-ruhiyyəni təmin etməkdə uğurlu nəticələr əldə etdilər. Ona görə başladım bala-bala onun hekayələrini oxumağa. Hekayələrdən qazandığım təəssüratları və öyrəndiklərimi aşağıda elə oxuduğum ardıcıllıqla sizlərlə də bölüşürəm. Bir şeyi də deyim ki, onun hekayələri haqqında nə isə yazmaq həqiqətən də o qədər də asan bir şey deyil. Təsvir olunanlar elə qəribə, bulanıq və sürreal aləmdə baş verir ki, təsvirlərin özünü başa düşmək belə böyük uğur hesab olunar, qaldı ki mənanı dərk edəsən. 

Berenisa - Berenice

Bu hekayə Berenisa adlı cavan qızın xəstəlik nəticəsində dəhşətli ölümünü və onun əmisi oğlunun, eləcədə həyat yoldaşının Berenisa haqqında qəribə və dəhşətli xülyalarını nəql edir. Hekayə yazıçının yazıçılıq yolunda qələmə aldığı ən birinci əsərlərindəndir. Bu hekayəni bəzi Po oxucuları "Əsl Po klassikası" da adlandırırlar.

Hekayəni oxuyub bitirəndən sonra Ponun dünyası haqqında azacıq məlumatlar

əldə edirik. Onun dünyasında hər şey çox tez və sürətlə baş verir. Sevgi, qəm-qüssə, kədər və ölüm bir-biri elə tez əvəz edir ki, oxucu çaşıb qala bilər. Ən əsası isə mənim bu hekayə vasitəsi ilə Podan başa düşdüyüm ən əsas şey ondan ibarət oldu ki, onun dünyasında çoxlu paralelliklər mövcuddur. Bu paralelliklər sayəsində obrazlar tez-tez öz şəxsiyyətlərini necəsə çoxaldaraq həmin paralel dünyalarda qorxulu, iyrənc və dəhşətli, bəzən də faciəvi əməllərə imza atırlar. Berenisa hekayəsində də məhz belə bir format var. Eqaus, Berenisasın əri, onun dişlərinə olan tutqusunun gücünə dözməyib, onun ölümündən sonra dişlərini çıxararaq özündə saxlayır. Deyilənə görə, vaxtaşırı olaraq evdə qadın çığırtıları eşidilir...

Morq küçəsindəki qətllər - The Murders in the Rue Morgue

1841-ci ildə "Qraham" jurnalında çap olunan bu qısa hekayə, tarixdə ilk dedektiv
hekayələrdən hesab olunur. Eləcə də tətbiq olunan sillogizmli əsaslandırma prinsipləri bədii ədəbiyyat üçün əməlli-başlı yenilik xarakteri daşıyıb.

Hekayədə iki qadın olduqca gizli və əsrarəngiz üsullarla qətlə yetirilirlər. Avqust Düpin isə bu qətl hadisələrini çözən Paris sakinidir. Düpin həm də "Oğurlanmış məktub" və "Mari Rojetin sirri" hekayələrində də peydə olur. Bu obrazın timsalında Şerlok Holms və Erkül Puaro kimi obrazların da formalaşdırıldığını demək heç də çətin deyil.

"Morq küçəsindəki qətllər" öz təhkiyə üsulu və yeni nəsil hekayə tərzi ilə inqilabi xarakter daşıyıb. Dördüncü mərtəbədə öldürülən qadının qatili necə olur ki, hətta pişik üçün dar olan tüstü bacasından qaçmağa müvəffəq olur? Bəlkə o, pəncərədə qaçıb? Halbuki, pəncərələr içəridən mismarlanıb. Ən əsası isə otaqda insana məxsus olmayan tük qalıqları tapılıb.

Po tez-tez çox gözlənilməz sonluqlar sahibi kimi tənqid olunur. Bu hekayə beyin gücünün əzələ gücü ilə olan mübarizəsi kimi də dəyərləndirilə bilər. Düpinin inanılmaz dərəcədə dərrakəli olması onu ən mürəkkəb şəraitdə, hərəsi bir tərəfə dağılmış olan verilənləri məntiqi olaraq birləşdirmək bacarığını formalaşdırıb. Po Düpin obrazını yaradaraq və onu ucaldaraq, sanki, intellektin hansı vəziyyət qarşısında olursa olsun, həmişə qalib gələ biləcəyini sübut etməyə çalışıb.

Quyu və kəfgir - The Pit and the Pendulum

Qotik üslubda yazılan "Quyu və kəfgir" inkvizisiyanı hədəf alan əla qorxu hekayəsidir. Digər hekayələrə nisbətdə bu hekayə qanımda adrenalini əməllicə qaldırdı. Sözlərin və cümlələrin forması beyinə ucu iti nizə tək batır. Əlbəttə ki, yenə də gözlənilməz Po sonluğu hekayəyə yağlı nöqtə qoyur. 

Bu hekayədən "Raven" filminin çəkilişi zamanı da istifadə olunub. Doğrudur, bəzi yerləri dəyişdirilib, lakin məhz bu hekayə klassik Amerika dəhşət janrının formalaşmağında öz tövhələrini verən ən əsas hekayələrdən sayılır. 

Ligeya - Ligeia

Bu hekayədə də yazıçı bir növ sevginin qəribə təzahür formalarından yazıb. Öyrəndiyim qədəri ilə hekayə dünyada ən çox oxunan və bəyənilənlər

sırasındadır. Ən əsas ideya, arvadına qarşı duyduğu məhəbbəti başqa bir qadına tətbiq edən və bu üsulla da dünyasını dəyişmiş arvadını dirildən bir kəsdən bəhs etməsidir. Başqa bir maraqlı xüsusiyyət də ondan ibarətdir ki, protaqonist bütün hekayə boyunca tiryəkin təsiri altında olur və bu məqam da hekayəyə nə isə qeyri-real ab-hava bəxş edir.

Tipik Po hekayəsi adlandıra biləcəyimiz Ligeya, sonluq baxımından da Po dəst-xəttindən kənara çıxmır. Konkret ismarıc baxımından isə müəyyənlik yoxdur. Bunu sevginin gücünü qorxulu üslubda çatdırmaq da adlandırmaq olar, mistik hadisələrdən bəhs edən qısa hekayə kimi də başa düşmək olar.

Qara Pişik - The Black Cat

Bu hekayəni isə mən bir dəfə uşaq vaxtı da oxumuşdum. O vaxtlar xoşuma gəlib gəlməməyi yadımda qalmasa da, bu dəfə bu hekayəni çox bəyəndim. Digər hekayələr nisbətdə bu hekayə məni daha çox qorxutdu və eləcə də hekayədə qəribə rasionallıq var. Əsas obrazda olan qəribə psixoloji problemlər və ətraf-aləmlə olan münasibətlər bir obraz kimi onu bizə maraqlı edən ən əsas xüsusiyyətlərdəndir.


Kölgə

Çox qısa olan "Kölgə" hekayəsi də oxucunu qorxuda bilər. Sadəcə müasir oxucuları artıq belə şeylərlə qorxutmaq olmur. Ona görə də Ponun hekayələri öz aktuallığını itirib, lakin yenə də ədəbi duyumu güclü olan insanlar onun əsərlərinin incəliyini və zərifliyini dərhal başa düşürlər.


Edqar Allan Po haqqında qısaca

Edqar Allan Po Amerika ədəbiyyatında Romantik hərəkatının liderlərindən biridir. Qısa oçerklər, detektiv və kriminoloji-fantastik janrlarda hekayələr yazan ilk Amerika yazıçılarından biri kimi qəbul olunur. O həmçinin elmi-fantastik janra da töhfələr vermişdir. Belə zəngin ədəbi irsə malik olan yazıçı bu nailiyətlərə qırx illik qısa ömrü çərçivəsində nail olmuşdur. Ölümünün səbəbi hələ də sirr olaraq qalır. Alkoqol və narkotik maddələrdən ifrat istifadədən başlayaraq, vəba xəstəliyi, quduzluğa yoluxma, intihar, vərəm, ürək çatışmazlığı və s. ölümünə mümkün səbəblər kimi göstərilmişdir.

Edqar Allan Po 1809-cu ilin 19 yanvar tarixində Boston şəhərində aktyor ailəsində anadan olmuşdur. Valideynlərini çox erkən yaşlarında itirən Edqar Con Allan adlı varlı tacir tərəfindən oğulluğa götürülmüşdü. Əvvəlcə İngiltərədə tərbiyə alan Edqar 1826-cı ildə Virginiya universitetinə xarici dilləri öyrənmək istəyilə qəbul olunmuşdur.. 1830-cu ildə hərbi akademiyada təhsilini davam etdirir, lakin tezliklə burdan uzaqlaşır və bu hadisə ögey atası ilə münasibətlərinə son qoyur. Gənc Edqar bütün maliyyə imkanlarından məhrum olaraq yoxsulluğa düçar olur, lakin tezliklə özünü peşəkar ədəbiyyatçı və jurnalist kimi göstərən Edqar Po çox ağır və sonu faciə ilə yekunlaşacaq həyata başlayır. Edqar Allan Po 1849-cu ilin 7 oktyabrda Baltimorda vəfat etmişdir. Həkimlər onun quduzluğa yoluxma səbəbindən öldüyünü iddia edirlər. (Mənbə: Vikipediya)

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi