Günəş işığı - Sunshine - Пекло
Kosmik gəminin heyəti 2057-ci ci ildə sönməkdə olan Günəşi "təmir" etmək üçün onun yaxınlığına gedərək, xüsusi atom bombası vasitəsi ilə, xəstəlikli zonanı aradan qaldırmağa çalışır. Günəşimiz ölür. Ölümcül xəstədir. Onu sağaltmaq üçün birinci cəhd uğursuz alındı və ikinci cəhd bu heyəti onunla qovuşdurmaqda bütün potensialını istifadə etməlidir. Görəsən, onlar bu missiyanın öhdəsindən gələ biləcəklər? Hansı çətinliklər qədim dövrlərdən bu yana insanın ibadət obyekti olan Günəşə getməyə mane olur? Görəsən, həqiqətənmi bu dəfə Günəş bizi yox, biz Günəşi isidəcəyik? Bütün bu maraqlı suallara kosmik macəra və kosmik dəhşət janrında cavab verməyə çalışan "Günəş işığı" filmi kifayət qədər diqqətəlayiqdir.
Nə qədər inanılmaz olsa da, uşaq vaxtı mən hansısa səbəbdən Günəşin yaxınlığına getməyi xəyal etmişəm. Ümumiyyətlə kosmik macəralar, səyahətlər, dəhşətlər məni həmişə cəlb edib və uşaq xəyallarımda öz layiqli yerini tutub, lakin məhz Günəşin özü mənim üçün həmişə xüsusi yerə sahib olub. Gənclik illərimdə kosmos yenə də məni cəlb edir. Bu aclığımı maraqlı filmlər və kitablar ilə doyurmağa çalışıram, çünki kosmonavt ola bilməyəcəyimi başa düşəcək dərəcədə böyümüşəm. Günəşimiz isə bütün bu maraqlarımız arasında mənə xüsusi olub həmişə. Məncə, Günəşi hamı belə sevməlidir. Axı o bizim istilik və həyat mənbəyimizdir. Qədimlərdə onun tanrı olaraq adlandırılması da nahaqdan deyil. Sonradan insan fantaziyasının inkişafı bizi Günəşin də yaradanı olduğu iddiasına qapdırır ki, bu da öz növbəsində müasir teoloji təcrübələrimizin formalaşıb bizi bu günkü praktikamıza gətirib çıxarmasına səbəb olub. Günəşdən birbaşa ucsuz-bucaqsız kosmik ənginliklərə keçid alaraq tanrı axtarışına çıxmağımız bizi özümüzdən də uzaqlaşdırıb. Yaxşı, teologiya ilə kosmos arasında olan bu əlaqəni bir kənara buraxaraq, gəlin "Günəş işığı" filminin bilavasitə özünə diqqətimizi cəm edək.
Filmdə Solyaris, Event Horizon, Alien kimi öz sözünü demiş məşhur filmlərin əməlli-başlı izlərinə rast gəlmək olar. Bütün bu sadalanan filmlərin fonunda "Günəş işığı"nın ən əsas özünəməxsusluğu onun Günəşə yönələn 8 nəfərlik heyətin gərilən əsəbləri və emosiyalarını yaxşı əks etdirməsi, bu yolun bütün klaustrofobiyası və çətinliklərini izləyiciyə canlı və dinamik tərzdə çatdırmasıdır. Filmi möhtəşəm dərəcədə elmi-fantastika etalonu adlandırmaq da düzgün deyil. Burada nə ideal supertexnologiyalar, nə yadplanetlilər, nə də ulduz döyüşləri var. Rejissor bu filmlə daha fəlsəfi toxunan vasitəsi ilə izləyicilərin qəlbinə yol tapmağa çalışır. Bütün bəşəriyyətin taleyi, tək bir insan həyatının mənası və qlobal, ciddi problem qarşısında insanların necə dəyişdiyini göstərmək, deyərdim ki, rejissoru əməlli-başlı tərlədən məsələlərdir.
Filmin aktyor heyəti idealdır. Heyətin dramını və psixoloji səfərini ifadə etməkdə olduqca uğurlu nəticə əldə edən aktyorlar həm janra, həm də mövzuya yüksəksəviyyəli uyğunluq nümayiş etdirirlər. Aktyorlar arasında baş rolda Silian Mörfinin (Cillian Murphy) olması məni çox sevindirdi. Başqa Hiroyuki Sanada, Benedikt Vonq (Benedict Wong), Kris Evans (Chris Evans) və Mark Stronqun iştirakı filmə o ki var rəng qatıb. Kapa rolunun ifasında Mörfi ideal performans sərgiləyib. Sanki, bu aktyor elə öncədən də astronaft olub və sadəcə həyatının müəyyən günlərini kamera ilə bölüşüb. Bu tanış və xoş simaları bir daha görmək zövqvericidir.
"Günəş işığı"nı ümumilikdə hər bir izləyici üçün ruhi təcrübə yaşadacaq film hesab etmək olar. Hər bir izləyici ən müxtəlif elementlərlə zəngin olan bu filmi izləyib özünə nəticə çıxara bilər. Kim isə özü üçün macəra hissəciklərini, kim isə də ümumi konteksti əsas ala bilər. Ən əsası, "Günəş işığı" ekstravaqant kosmik elmi-fantastika deyil. Onun gücü analoji filmlərdəki innovasiyalarda yox, insanlarda gizlidir.
Comments
Post a Comment