Somnus

Başına kədərli hadisələr gələn kosmik gəmi kapitanı köhnəlmiş kosmik gəmidə son missiyasını uğurla yerinə yetirmək üçün əlindən gələni edir. Gəminin kiçik heyəti uğurlu nəticələr əldə etmək istərkən bəlli olur ki, daha demə gəminin planları ayrıdır. Nəticədə bir "hadisə" sayəsində heyət Somnus adlanan astoroidə eniş etməli olur. Günəş sisteminin bu gözdən uzaq guşəsində isə qaranlıq keçmişli və qorxulu planları olan insanlar var. 

Bu yaxınlarda "Somnus" adlanan bu qəribə filmin varlığından xəbər tutar-tutmaz qərara gəldim ki, öz kosmik fantastika janrına olan aclığımı bir qədər də doyurum. Bundan zərər gəlməz desəm də, filmin heç də yuxarıda yazdığım yazı qədər yaxşı olmadığını görəndən sonra qaldım biçarə vəziyyətdə. Nəyi bəyənmədim? Hər şeyi. Nəyi bəyəndim? Süjetində az da olsa fərqlilik nişanələrini. 

Aktyorların süni performansı, dekorasiyaların çox ucuz və zəifliyi, animasiyalı epizodların cizgi filmini xatırlatması, filmin girişi, bəyənilməmək üçün rekord qıra biləcək dərəcədə qane etməyən formatdadır. Bəzi şərhlərdə filmin "zibil" olaraq da adlandırıldığını da oxudum. Deyim ki, belə adlandırma bəzi məqamlara görə kifayət qədər ədalətli qiymətləndirmə ola bilər. Əgər belə film haqqında yazmaq qərarına gəlmişəmsə, mütləq bilin ki, 2-3 məqam olsa da, onu bəyənmişəm və az da olsa özümə nə isə qazandırmışam. İndi də gəlin məhz bəyəndiyim hissələr haqqında olduqca qısa olaraq şərhimi verim. Bunların başında süjetin bəzi hissələri dayanır. Belə ki, spoyler xarakteri daşısa da, qeyd etməliyəm ki, Yeri təmizləmək üçün yadplanetli sivilizasiya Yerdə sanitar fəaliyyətlərlə məşğul olub. Bu ərəfədə Somnusda bir qrup alim gizlənib və onlar da belə plan qurublar ki, Yerə qayıdıb insanlığı çoxlatsınlar və yeni bəşər tarixini formalaşdırsınlar. Bu insanların ruhi xəstə olduğunu görən kapitan isə bu fikrin böyük fəlakət ola biləcəyini yaxşı başa düşür. Bu məsələnin bir tərəfi. Pis deyil, amma əlbəttə ki, yenilik də deyil. Digər bir məsələ bütün kosmik-fantastikaların ayrılmaz hissəsi olan gəmi kompüteridir. Bu dəfə gəmi kömpüteri özünüdərk kimi mərhələyə qədəm qoyub və özü müstəqil qərarlar törədir, hətta cinayət əməlini edir. Təbii ki, burada da qəhrəman var və o, verdiyi qərarla öz həqiqi mənliyini axtarıb tapır. Kompüterin sitetik səsi hətta emosiya qazanır. Beləcə də tale və qismət kimi anlayışlar öz həqiqiliyini və doğruluğunu sübut edir. 

Bütün bu yazılanar çərçivəsində filmi əsasən maraqsız və zəif dəyərləndirmək olar. Buna baxmayaraq nədənsə film məndə bir o qədər də ikrah hissi oyatmadı. Sonadək izlədim və yüksəksəviyyəli olmasa da, müəyyən "kosmik" təəssüratlar əldə etdim. Müəyyən qədər fəlsəfi söhbətlər və zəif təşkil olunmuş ani döngələr filmə az da olsa maraq oyada bilər. 

P.S. Somnus sözü öyrəndiyim qədəri ilə ölüm və yuxu, bəzən də huşsuzluq kimi tərcümə oluna bilər ki, bu da adın filmin sonluğu ilə identikləşən termin kimi maraq doğurur. Təəssüf ki, hər nə qədər olsa da, ad kifayət qədər futurustik səslənir, filmin özü bir şey deyil. 






Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi