Knut Hamsun - Aclıq

Kimsə nə vaxtsa bizi inandırıb ki, yemək yemək, su içmək lazımdır, biz də kor-koranə inanmışıq və nəticədə böyük və mürəkkəb mexanizmi - insan cəmiyyətini ayaqda saxlayaraq, gecə-gündüz həm özümüzü, həm də başqalarını doyurmaq haqqında düşünürük. Yaxşı bəs kimdi o əclaf ki, bizi belə qəddar zarafatı ilə aldadıb, özü də elə qaçıb gizlənib ki, məşğulluqdan başımız da açılmır ki axtarıb tapaq onu və ciblərindən bərk-bərk yapışaq, içindəki bol-bol yemək içməyi dartıb evimizə daşıyaq. Siz elə bilirsiz, mən yetimlərin həyatını başa düşə bilirəm, ona görə ki, Oliver Tvisti oxumuşam? "Aclıq"ı oxuyaraq da aclığı başa düşmək olmaz. Buna baxmayaraq "Aclıq" bizə insanı necə ram etməsini və onu necə məsxərəyə qoymasını gözəl nəql edir. Sanki, kustar üsulla hazırlanmış əldəqayırma və köhnəlmiş taxta səhnəcikdə balaca bir insancığaz adlanan kukla ora-bura vurnuxur ki, aciz və miskin beynində fiziki tələbatlarına məhəl qoymadan həqiqəti axtarsın. Çox çəkməyəcək ki, aclığın görünməz iplərini görəcəyik və rahatlaşacağıq ki, insan mütləq aclıq adlanan boşluğu doldurmalıdır, çünki insan aclığın elə özüdür. Beləliklə də bir daha özümüzün düzgün yolda olduğumuzu təkrarlayacağıq.

Elə romanlar olur ki, bir bədii ədəbiyyat nümunəsi kimi insanı reallıqdan alıb aparır, onu nə isə uyuşmuş aləmdə yaşamağa vadar edir. Nəticədə oxucu başa düşür ki, burdan qat-qat daha yaxşı bir dünya var. Düşünür ki, gəlsənə elə kitabı oxuyub bitirəndən sonra da həmin dünyada yaşamağa davam etsin? Bəli bu ola bilər, lakin "Aclıq" kimi romanlar insanın gözünü açır. Gizli qalmış minlərlə hadisəni, fikirləri və hisləri ortaya çıxarır. Nəticədə oxucunun gözü açılır. Əvvəllər görmədiklərini görməyə başlayır. Bu realizm və ya hiperrealizm adlanır. "Aclıq" birmənalı olaraq bəbii hiperrealizmdir. Reallıqda olanlar daha da gücləndirilib, daha da itiləşdirilib və müəyyən süjet halına salınıb. Sanki, yazıçı kənarda durub və əlində ucu şüş, iti nizələri bir-bir bizim beynimizə atır. Bu iti nizələr - cümlələr, sözlər, bizi daha da ayıq və oyaq olmağa dəvət edir. Bizi digərlərini başa düşməyə, onlara hörmət etməyə çağırır. Çünki belə romanlar həyatın içindəndir. Belə romanlar insan cəmiyyətində həyatın özüdür.

"Aclıq" işgəncə altında olan ruhun mənəvi dəyərlərinin diktaturasında öz-özü ilə olan dialoqlarıdır. Bəlkə də bu dialoq şüurla altşürün, eqo ilə supereqonun, tanrı ilə bəni-adəmin arasında olan dialoqudur. Romanın aclıq çəkən protaqonisti özü üçün həm obyektdir, həm də subyekt. O, öz-özü ilə danışır. Mütləq nəzərə almalı olduğumuz bir başaqa məqam da ondan ibarətdir ki, yazıçı elə-belə, səbəbsiz olaraq obrazı gənc yazıçı-filosof kimi tərtib etməyib. Yazıçı bu üsulla aclığın - qida çatışmazlığının, təhsilli və mədəni insanın şüuruna, ağlına nələr edə bilmək potensialına malik olduğunu göstərsin. Eləcə də, Hegelin həqiqətə olan yanaşmasını xatırlamaq burada lap yerinə düşür. Çünki Hegel həqiqətin heç vaxt abstrakt ola bilməyəcəyini deyirdi. Əgər həqiqət abstrakt ola bilməzsə, bu o deməkdir ki, həqiqət eyni zamanda subyektivizmə əyan ola bilməz. Başqa sözlə, o konkret, material və obyekt olmalıdır. Obyekyivlik həqiqətə gedən yolda ən əsas cığırdır. Bizim adsız və ac qəhrəmanımız öz aclığı - ağrıları vasitəsi ilə individuallığının birbəbir sıradan çıxarır və obyektivliyə can atır. Bəzən vicdan, bəzən qürur, bəzən şəfqət kimi hisləri keçirərək, öz daxili aləmində səyahət edir - Çəkdiyim əzablar getdikcə məni köntöy birinə çevirirdi.
"Aclıq" mənim bu norveçli yazıçı ilə olan ilk tanışlığım oldu. Avtobioqrafik çalarların olması romanı mənə daha da maraqlı etdi. Çünki romanın ərsəyə gəlməsində yazıçının ABŞ-dan Norveçə geridönüşünündən sonrakı düşdüyü ağır maddi vəziyyət və emosional fon səbəb olub. Hər nə qədər bir müddətdən sonra Knut Hamsun faşist almaniyasının tərəfdarı olmağa başlasa da və Hitleri dəstəkləsə də, onu postmodern ədəbiyyatın atası hesab etmək olar. Ondan sonra yoxsulluq və maddi problemlərlə əlaqədar yazılan bir çox romana ilham mənbəyi kimi baxan yazıçılar, Hamsundan, mən elə gəlir ki, çox şey öyrəniblər.

O, öz doğma ölkəsinin insanlarını və coğrafiyasını yaxşı tanıyırdı. Kəndlərdə, qəsəbələrdə və şəhərlərdə yaşayan ən müxtəlif peşə sahibi insanlar, müəllimlər, balıqçılar, odunçular, fəhlələr, dənizçilər, vəkillər, həkimlər, tacirlər, qulluqçular, müxtəlif sosial təbəqinin nümayəndələri, onun bədii fantaziyaları üçün natura idilər. Sadəcə onların varlığı ilə kifayətlənməyən yazıçı, cəmiyyət və içlərindəki hislərlə, fikirlərlə mübarizə aparan psixoloji münaqişələrə fokuslanaraq, praktiki olaraq sadəcə Dostoyevski ilə müqayisə olunacaq psixoloji realizmin əsasını qoymuş oldu. O, özü də bu haqda arvadı Mari Andersenə yazdığı məktubda qeyd edir: Dostoyevski yeganə rəssamdır ki, mən ondan nə isə öyrəndim. O, rus yazıçılarının nəhəngidir. Şəxsi dramların təsvirində, emosional və psixoloji proseslərin məntiqi təhlili üçün tərcümələrin gerçəkləşməsində yazıçı ən möhtəşəm və incə, estetik və bir o qədər də gözəgörünən nəticələr əldə edib. Daha sonra yaradıcıllığında konservatizmə və kapitalizmin tənqidinə yer verən yazıçı, öncədən də qeyd etdiyim kimi, 40-cı illərin sonunda faşizmə böyük maraq salır. Norveçin faşistlərdən azad edilməsindən sonra yazıçı həbs olunur və məhkəmədə onun ruhi xəstəliklərdən müalicə alınması üçün xəstəxanaya yerləşdirlməli olduğu qərarı verilir. Daha sonra isə o normal həyat tərzinə geri qayıdır.

Sadəcə mənəvi deyil, fiziki əzablar elə gözəl təsvir olunub ki, insan sadəcə cümlələr və sözlər oxuyaraq obrazın vəziyyətini açıq və aydın şəkildə başa düşə bilir. Unutmamalıyıq ki, bu vəziyyətlər çox güman ki, yazıçının bilavasitə özü tərəfindən yaşanan şəxsi təcrübəsinə əsaslanır. Görünür, belə təcrübələr yaşayaraq yazıçı cəmiyyətin buz biganəliyinin necə də dəhşətli bir şey olduğunu kəşf etmiş və bu kəşf ona "Aclıq"ı yazdırmışdır - Qaranlıq məni pusquya almışdı, hər tərəf sakit və hər yer sükutda idi.Yuxarıda əbədi musiqi, hava, əsla susmayan və uzaq uğultu davam edirdi. Bu ədəbi mırıltıya uzun müddət qulaq asdım və bir də gördüm ki, zehnim bulanıqlaşır. Şübhəsiz ki, üzərimə yuvarlanan, dünyaların simfoniyası idi, musiqiyə calanmış uludzlar idi...

Hətta sevgi belə miskin insani tələbatlara və ehtiyaclara qalib gələ bilmədi. Aclıq bir qadını sevməyə mane oldu. Qəhrəmanımızın kişiliyini əlindən aldı. Musiqili ada malik olan ecazkar xanım İlayali, adsız qəhrəmanımıza maraq göstərsə də, bu maraq sadəcə qadınlarda tez-tez və çox vaxt rastlanılan, spontan seçimlərə əsasən kişilərə olan axmaq və boş həvəsdən başqa bir şey olmadı. İlayali ilə olan son epizodda biz qadın merkantilliyinin əsl üzünü görür və bir daha bu xüsusiyyətin varlığına əmin oluruq. İlayali sadəcə toyuqbaş (chickenhead) və kişilərlə oynamağı sevən tipik qadın nümunəsidir. Bəlkə də yanılıram. Onların qovuşa bilməməsində sadəcə İlayalinin günahı yoxdur. Həm də insan individuallığının ram edilə bilməməsi və qəhrəmanımızın mənliyindən imtina edə bilməməsi də böyük rol oynadı. Şübhəsiz ki, yazıçı obrazın düşüncə axınını daha da yaxşı çatdırmaq üçün onun nələrdən ehtirasa gəldiyini də bizə göstərib - Səcdə ediləsi qadın idi. Bir övliyanı şeytana çevirəcək dərəcədə cəlbedici idi, yabani ipək rəngini xatırladan gözləri və incə qolları var idi. Baxışı qarşısındakını bir öpüş kimi ağlını başından ala bilərdi. Səsi qədəhə tökülən şərab kimi qəlbimə enirdi.
Axı mən niyə romanı belə yaxşı başa düşdüm? İndiyə qədər çox ac qalmışam ona görə? Əlbəttə belə düşünmək həm mənim üçün, həm də sizin üçün böyük səhv olardı. Mən indiyə qədər aclıq çəkməmişəm. Həmişə yeməyim vaxtı-vaxtında qarşımda məni gözləyib. Pis-yaxşı qarnım tox, qamətim dik olub. Romanı ona görə belə yaxşı başa düşdüm, ona görə protaqonistlə empatiya qurdum ki, əslində ruhumun dərinliyində mən introvertəm. Mən də tez-tez özümlə danışıram. Beynimdə çox şeyə şərh verirəm, öz-özümü harasa dəvət edirəm, öz-özümə bu yaxşıdı, o pisdi, bu ağdı, o qaradı deyirəm və s. İlk baxışda bu ruhi xəstəlik əlaməti olsa da, biz hamımız bunu gizlədə bilirik. Ac-yalavac qəhrəmanımız da belə birisidir. Özü ilə söhbət edir, nə isə axtarır, əzab çəkir. Cəmiyyət onun aclığını görmür. Toxun acdan nə xəbəri? Əslində cəmiyyətin bu məlumatı bilməsi də öz növbəsində nəyisə dəyişmir və dəyişə də bilməz. Cəmiyyət infomasiyasızlıqdan, ya da hər nə başqa səbəbdən aclara, yoxsullara, kasıblara və ehtiyac ünvanlarına yardım etmir, cəmiyyət xisləti gərəyi belə vəziyyəti labüd edir, elə deyilmi? Tez-tez toxunduğum cəmiyyətin ikili standartları və saxtakarlığı və sistemin istismarçılığı mövzuları, Hamsunun "Aclıq" əsərində güclü, lakin ötəri obrazlar vasitəsi ilə kifayət qədər görünən çalarlara malikdir.
Comments
Post a Comment