Pandorum


1969-cu il - İnsan ilk dəfə Aya ayaq basır. Dünya əhalisi: 3.6 milyard
2009-cu il - Kosmosun dərinliklərində Yerə bənzər planetləri araşdırmaq üçün Kepler teleskopu istifadəyə verilir. Dünya əhalisi: 6.76 milyard
2153-cü il - Paleo adlı zond Tanis planetinə enir. Dünya əhalisi: 24.34 milyard. Su və ərzaq qıtlığı adi bir şeyə çevrilib. 
2174-cü il - Yerin məhdud ərzaq və su resursları üstündə olan mübarizə öz pik həddinə çatır. Elizium kosmik gəmisi yola düşür. 


Bir qrup kosmik gəmi heyəti qəfil olaraq hiper-yuxudan oyanaraq, harada olduqları, kimlikləri və missiyalarının məqsədi haqqında heç bir şey bilmirlər. Bundan əlavə onlar dəhşətli bir faktın - inanılmaz dərəcədə nəhəng olan bu kosmik gəmidən yalnız olmadıqlarını öyrənirlər. Qəribə və qorxulu məxluqların sayəsində, yaşamaq uğrunda əsl kosmik mübarizə başlayır...

Ümumiyyətlə mən filmlərdə dəhşət janrının həvəskarı deyiləm, lakin son vaxtlar nədənsə kosmik dəhşət janrına çox böyük həvəsim yaranıb. Bu həvəsimə uyğun olaraq da müəyyən filmləri izləməyə çalışıram. "Pandorum" isə son vaxtlar kosmik dəhşətlər arasında izlədiyim ən maraqlı və özünəməxsus filmlərdən oldu. Məsələ sadəcə təsvir olunan mutasiyaya uğramış məxluqlarda deyil. Təsviri itiləşdirən aktyor və aktrisa performansı və ümumi konsept filmi izlənilməli edən ən əsas xüsusiyyətlərdən sayılsa da, ən əsası filmdə olan möhtəşəm enerji və dinamikadır. Praktiki olaraq film ilk dəqiqələrdən macəra və həyəcan qaynayır. 

Pandorum dərin yuxulardan sonra astronavtlarda yaranan Orbital Disfunksiya Sindromudur. Pandorum titrətmələr və burundan qanın açılması kimi əlamətlərlə başlayır və pranoyayadək inkişaf edir. Əslində həqiqətən də real həyatda belə xəstəlik mövcuddur. Buna dilimizdə təxmini olaraq "Yüksək təzyiqdə sinir sindromu" deyilir. Bu hal əsasən okeanın dərinliklərinə üzərkən helium və oksigenin kombinasiyasının çox tənəffüs edilməsi səbəbi ilə yarana bilir. Filmdə isə bu psixoz formasında təsvir olunub və güclü bədiilklə dəstəklənib. Belə ki, daha öncəki kosmik ekspediasiyanın Pandorum sayəsində faciə ilə nəticələnməsi, bu dəfə təkrarlana bilər. Çünki Pandorum normal düşüncə tərzini blok edir və paranoya ilə nəticələnən qəribə təcrübələr yaşadır. 

Filmin ən xoşuma gələn cəhəti o oldu ki, həm xronologiyada yer alan keçmiş hadisələr, başqa sözlə, kosmik gəminin təyinatı və obrazların keçmişləri haqqında qısa, lakin tam məlumatlar var, həm də filmin sonunda konkret olaraq müəyyən nəticə, müəyyən nailiyyət, müəyyən sonluq var. Adətən kosmik və eləcədə digər dəhşət janrında belə hal mövcud olmur. Ya hamı ölür, ya da tək bir nəfər sağ qalaraq qəhrəmana çevrilir. "Pandorum" bu məsələdə digərlərindən daha yaxşı nəticələr nümayiş etdirir. 

Filmin klaustrofobik mühiti və yaxşı dekorasiyaları maraqlı vizual təsvirlərə səbəb olub. Bunu da özünə görə filmin bir digər uğuru hesab etmək lazımdır. Belə bir fon izləyiciyə kömək edir ki, o, obrazların əqli sağlamlığına şübhə edərək, özü də müəyyən bir axtarışa başlasın. Bu axtarış onu əsas obrazın hiss etdiklərini daha yaxşı başa düşməsinə səbəb olur. Nəticə isə kifayət qədər əyləndiricidir. 

Filmin sonluğu son dövrlərin elmi və kosmik fantastikası üçün güclü qidalandırıcı xarakter alan motivlərlə zəngindir. Başqa sözlə, resurs qıtlığı səbəbi ilə insanlar yeni Yerəbənzər planetlərdə məskunlaşmaqda uğur qazanırlar. Hər nə qədər bu gələcək dövrün antiutopiyalarını ayaqda saxlayan əsas motivlər olsa da, hal-hazırda ümumilikdə bu problem gündəmdə deyil. Ona görə də kitablar və filmlər bu proqnozun yükünü öz çiyinlərinə götürürlər. 











Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi