Ted Çanq - Sənin həyatının hekayələri
Ted Chiang - Stories of Your Life
Ted Çanq amerikalı elmi-fantastika yazıçısıdır. İxtisasca informatika mütəxəssisi olan Ted, hal-hazırda Bellvyuda, qız dostu ilə birlikdə yaşayır. Yazıçı "Babil qülləsi" əsəri ilə debüt edib və əsər ona Nebula və Hüqo mükafatları başda olmaqla bir çox nominasiyada mükafat qazandırıb. Onun "Cəhənnəm Allahın olmadığı yerdir" və "72 hərf" kimi əsərləri də ona bir çox mükafatları və məşhurluğu qazandırıb. Onun əsərlərində yaradılışla əlaqədar bəşəriyyəti narahat edən əbədi suallar, dini məsələlər və bir çox digər maraqlı fəlsəfi məqamlar elmi yanaşmalarla dəstəklənərək bədii formada oxuculara çatdırılır. "Sənin həyatının hekayələri" Yer planetinə qonaq gəlmiş yadplanetlilərlə ünsiyyət qurmağa çalışan alimlər və hökümətdən bəhs edən kiçik və maraqlı hekayədir (?).
![]() |
Ted Çanq |
Hər şeydən öncə mən hekayə haqqında nə isə yazmazdan öncə onun haqqında mütləq oxumaq qərarını verdim. Çünki digər insanların da hekayə haqda olan fikirləri çox maraqlıdır. Ola bilər mən lazım olanları hələ də görə bilmirəm, ola da bilər mən düzgün olaraq hekayə haqqında yüksək təəssüratlara malik deyiləm. Hər bir halda əlavə və ətraflı məlumat toplamaq və fikirləri bir daha nəzərdən keçirərək yazmaq daha məqsədəuyğundur.
Belə ki, Yerə qonaq gəlmiş yadplanetlilər çox qəribə formaya malikdirlər. Onlar radial simmetriyaya, 7 gözə və 7 çıxıntıya malik, bədənin ön və arxa hissəsindən məhrum varlıqlardır. Bilinmir onlar bura niyə görə və haradan gəliblər. Gələr-gəlməz ABŞ hərbiçiləri vəziyyəti ələ alaraq məsələyə linqvistika sahəsinin öncül alimlərini cəlb edirlər ki, bu yerdənkənar, lakin şüurlu varlıqlarla sövdələşə bilsinlər (elə bu məqamda çox üfunətli müasir elmi-fantastika banallığı ilə qarşılaşırıq. Yadplanetlilər. ABŞ hərbiçiləri. Qlobal təhlükə qorxusu və s.). Alimlərlə onlara heptapod adı veriblər. İki heptabod xüsusi güzgülər vasitəsi ilə insanlarla müəyyən kommunikasiya yaratmağa çalışırlar. Heptapod A-nın dediyi heptapod B-nin dediyi ilə üst-üstə düşmür və onların ünsiyyəti doktor Luiza Bankın şüuruna təsir edərək xatirələrini oyadır və zaman paradoksu çərçivəsində qızı ilə əlaqədar xatirələrini oyadır. Sonrada aydın olur ki, onlar fərqli dildə danışırlar.


Təhkiyədə problemlər çoxdur. Hiss olunur ki, bədiiliyin əldə edilməsi üçün yazıçı spekulyasiya edir, söz oyunlarına, termin bombardımanına yol verir və süni səs-küy ilə cılız reallığın ətrafında toz dumanı yaradır. Filip Dik, Ayzek Azimov, Aleksandr Belyayev, Robert Haynlayn, Herbert Uells, Karel Çapek və Struqatski qardaşlarından topladığım təcrübə mənə deməyə əsas verir ki, "Sənin həyatının hekayələri" yarıfantastika və yarıfəlsəfə üslubunda yazılmış kasıb və banal elmi-fantastika nümunəsidir.
P.S. Goodreads sosial şəbəkəsində kitaba ilk öncə 5 üzərindən 4 versəm də, sonradan bu qiymətləndirməni düzəldərək 2 etdim. Yazıda da qeyd etdiyim kimi, xüsusilə də sonluq məni belə nəticəyə gəlməyə vadar etdi. Bəlkə də yazıçının digər əsərləri maraqlıdır. Nə də olsa bu kifayət qədər kiçik həcmli əsərdir və onun yaradıcıllığı ilə əlaqədar yekun söz deməyə əsas vermir. Bəlkə də bir gün onun digər əsərlərindən 1-2-sini planıma daxil edərək mütaliə edəcəm.
Comments
Post a Comment