Cek London - Oğurluq
Jack London - Theft
Джек Лондон - Кража
Marqaret Çalmers, 27 yaşlı, yetkin, gözəl bir qadın. Bu gözəl xanım lazım olanda intellektual və dünya görüşü zəngin və bəzən də xudbin birisinin, lazım olanda da qadınsı kimliyinin ehtivası olan emosional və incə şəxsiyyətin daşıyıcısına çevrilə bilir. O, Tomminin anası, Tomun arvadıdır. Atası kapitalistlərin şahıdır. Hovard Noks isə, bəlkə də başqa şərtlərin diktəsi altında gözəl bir şair ola bilərdi, lakin iş elə gətirib ki, gəlib siyasətçi olub. Özü də elə bir siyasətçi ki, adəti üzrə olmayaraq bütün insanlığı, cəmiyyəti və ən əsası Amerikanın sadə və zəhmətkeş xalqını sidq-ürəkdən sevir. Boş yerə o, dəfələrlə xəyalpərəst olararaq adlandırılmır. Ona görə o, amerikalıların ən əsas problemini - dolanışıq problemini həll etmək istəyir. Əks cəbhədə isə çirkli oyunları ilə Amerikanı uçuruma aparan siyasətçilər və kapitalistlər var. Onların arasında yaranan bu mübarizə sadə insanların yuxuda olarkən görmədikləri, eşidmədikləri elə çətin mübarizədir ki, neçə-neçə şərəfli insanın adı ləkələnir və neçə-neçə düz insanın arzuları məhv olur.
Cek Londondan az da olsa oxuyan birisi kimi, onun yaradıcıllığına həmişə marağım olub. O, Amerika ədəbiyyatının ən möhtəşəm nümayəndəsi olub bütün dünyada ən çox oxunan və sevilən yazıçılardandır. Onun əsərlərində sözün həqiqi mənasında nə isə sehrli bir ədəbi atmosfer olur. "Oğurluq" pyesi isə həcmcə kiçik əsər olsa da, ABŞ reallıqlarını həm köhnə dövr üçün, həm də müasir dövr üçün çox yaxşı əks etdirir. Görəsən, niyə görə indi belə güclü, deşici xarakterə malik pyeslər yazılmır? Görəsən niyə 100 il keçməyinə baxmayaraq dünya elə həmin dünyadır ki, daş kimi yerində qalıb? Niyə acı həqiqətlər yerini şirin gələcəyə vermir? Niyə həmişə kimlərsə kimlərisə istismar edir, özgələrinin zəhməti hesabına bütöv səltənət yaradır?
Hovard Noks sosialist cəbhənin nümayəndəsi olub, kapitalistlərə öldürücü zərbə vurmaq niyyəti ilə konqresdə çıxış etməyə hazırlaşır. Elə bu dəm kapitalistlərin paxırını ifşa edəcək sənədlər idarədən oğurlanır. Bu Noksun əlinə keçir. Kapitalistlər ölümünə qorxu işinə düşürlər və nəyin bahasına olursa olsun həmin sənədləri geri almaq barəsində düşünürlər. Bütün bu hadisələrin fonunda Marqaret Çalmers, kapitalist atasına dönüklük edərək sənədləri ələ keçirir və Noksa ötürür. Bunu niyə etdiyinə isə yoxsulların sayısının artmasını və uşaqların acından ölməsini əsas gətirir. Marqaret bütün ailəsinin qarşısında biabır edilir və namussuz olaraq damğalanır. Buna baxmayaraq, Noks tərəfindən konqresdə edilən çıxış, sübutlarla dəstəklənərək, kapitalistlərə öldürücü zərbə endirir.
Pyes Amerika kapitalistlərinin və yüksək vəzifəli məmurlarının necə ümumi milli gəlirdən oğurluq etdiklərini, siyasətçiləri, konqresmenləri öz şəxsi mənafeləri istiqamətlərində satın aldıqları və onlara bunu etməyə imkan verən sadə amerikalıları görməzdən gəldiklərini gözəl göstərir. Bütün bunların fonunda zərif zevgi hekayəsi və ailə dramı ideal dolğu rolunu oynayıb. Belə əsərlər bizi bir daha yaşadığımız cəmiyyətlərin mexanizmi və əsl mahiyyəti haqqnda düşünməyə dəvət edir.
Salam.Bu kitabin elektron versiyasi var bilirsiz?
ReplyDeleteSalam. Təəssüf ki, elektron versiyası haqqında bir məlumatım yoxdur.
Delete