Jül Vern - Yaşıl şüa
Зеленый Луч - Жюль Верн
Morninq Post qəzetinin yaşıl şüa haqqında olan yazısını oxuyandan sonra, gənc və cazibədar şotland xanımı Yelena Kempbell, onun üçün əmiləri tərəfindən nəzərdə tutulan toyu təxirə salıb, yaşıl şüa ovuna çıxır. Məqalədə bu şüanın insanın ağlına və ruhuna olan möhtəşəm dərəcədə müsbət təsirindən bəhs olunur və onu görənlərin uzunmüddətli xoşbəxtliyə nail olduqları qeyd edilir. Bu macərada Yelenanı əmiləri Sem və Sib Melvil, geoloq tanışları və təsadüfən tanış olacaqları rəssam müşayət edir. Onlar bu yolda müxtəlif fırtınaları və maneələri aşaraq, iradələrini əsl sınağa çəkəcəklər və həqiqi mənliklərini, xoşbəxtliklərini tapanadək təslim olmayacaqlar.
Ümumiləşdirmə aparanda romanın coğrafi romantikadan başqa bir şey olmadığını görərik. Niyə məhz coğrafi? Çünki, əsərdə çox gözəl təbiət təsvirləri var. Adalar, dənizlər və müxtəlif məkanlar elə gözəl üslubla təsvir olunub ki, oxucu, həqiqətən də, bu təsivrlər sayəsində təxəyyülünü işə salıb səyahət edə bilir. Hadisələr Şotlandiya sahillərində cərəyan edir. Bu möhtəşəmdir, lakin Jül Verni biz daha çox qeyri-adi yeniliklər, qurğular, cihazlar, dəlisov alimlər və ya ən azından tutqulu macəralarına görə çox sevirik, elə deyilmi? Uşaqlığımızın macəra atmosferinin banisi olan Jül Vern, "Yaşıl şüa" əsərində sadalananlara aid ciddi təkliflər irəli sürmür. O, sadəcə yaşıl şüa konsepsiyasını ortaya ataraq onu qəribə mövhumat formasına salıb və onun ətrafında müxtəlif parlaq obrazlar vasitəsi ilə nə isə macəra xarakterli romantik üslublu əsər yazıb. Şübhəsiz ki, Vern dəst-xətti burada da özünü bariz olaraq göstərir - müxtəlif səyahətlər, ideal təsvirlər, adlar və dünya görüşü üçün oksigen sayılacaq müxtəlif maraqlı məlumatlar, amma çəki baxımından tərəzidə "Yaşıl şüa"nın bir o qədər də arzuolunan nəticəni vermədiyini də deməyə haqqımız var.

Yazıçı maraqlı təbiət hadisəsinə həs elədiyi bu roman yenə də diqqətəlayiqdir. Xüsusilə, bədii ədəbiyyatın arsenalında olan ən ağır odlu silahlardan olan ada, mağara və özünlə olan hesablaşma anlayışlarının yerli-yerində istifadəsinə fikir vermək vacibdir.

Comments
Post a Comment