Anton Çexov - Albalı bağı

Антон Павлович Чехов - Вишнёвый сад

Anton Chekhov - The Cherry Orchard

Bu pyesin cümlələri arasında özlərini gülərüz göstərən, lakin kədərli keçmişə və ümidsiz dərəcədə tənha olan obrazlarla tanış ola bilərsiniz. Borclarını ödəmək üçün başda möhtəşəm dərəcədə gözəl olan albalı bağlı malikənələrini satmaq məcburiyyətində olan Qayev ailəsi, düşdükləri bu qəribə vəziyyəti qəbul edə bilmirlər. Çexovun bu pyesi bu gün də dünyanın bir çox yerində, bir çox dilində səhənələşdirilir və teatr tamaşaları formasında izləyicilərlə görüşə gəlir. 


Bir xeyli müddət pyesin nə haqda olduğunu başa düşməkdə çətinlik çəkdim. Ümumiyyətlə mənə Rusiyanın transformasiya mərhələləri həmişə mürəkkəb gəlib. Rusiya bir cəmiyyət kimi hər şeyi həmişə süni olaraq mürəkkəbləşdirir. Ani olaraq zəifləyir, əvəzlənmə baş verir və hər şey yenidən başlayır. Başa düşdüyüm qədəri ilə, Rusiya həmişə mürəkkəb siyasi, ictimai, sosial və mədəni ab-havada olmağa məhkumdur. "Albalı bağı"nda da məhz belə bir ab-havanın, aristokrat, bir vaxtlar zəngin olmuş, lakin naməlum gələcəyə tam sürətlə irəliləyən Qayev ailəsi, başda möhtəşəm albalı bağı olmaqla, bütün malikanələrini və varidatlarını itirmək üzərədirlər. Ailə buna inana bilmir, inanmaq istəmir. Bütün ömürləri boyu ancaq xərcləməyi bacaran bu "gözəl" insanlar, indi bir qara qəpiksiz qalmağa hazırlarşır. Bu həqiqəti özlərindən bacardıqca kənara itələmək istəsələr də, reallıqdan uzaq belə hərəkətlər mənasılığını qısa müddət ərzində sübut edir. Ümidsizcə kömək üçün müraciət olunan nostalgiya, başda Ranevskaya olmaqla, onlara kömək edə bilmir. Təşkil olunan bahalı qonaqlıqlar, yalançı görüşlər və mənasız planlar reallığı qovmaq üçün istifadə olunan axmaq vasitələrdir. 

Pyes bir növ yeni Rusiya ilə köhnə Rusiyanın münaqişəsinin hansı fiziki ağrılara səbəb ola biləcəyini özünəməxsus tərzdə bizlərə çatdırır. Sənayeləşmə kəndliləri müxtəlif feodal malikanələrdən zavod və fabriklərə qovalayıb. Yerli zəngin ailələr də, özləri özlərinə heç bir şey edə bilmədiklərinə görə, yava-yavaş bundan təsirlənib çox şeyin başını buraxırlar. Bütün bunlara əlbəttə ki, sadəcə Rusiyanın özündə baş verən hadisələr səbəb olmur. Buna həm də ümumiyyətlə Avropa və İngiltərədə baş verənlər dalğası ciddi olaraq təsir göstərir, çünki Rusiya həmin ərəfədə ancaq və ancaq avropanın ətəyindən yapışmışdı. Elə bu səbəbdən də Çexov zənginlərə taledən qaçışın mümkünsüzlüyünü göstərib. 

Obrazların hərəsi özünəməxsus olsa da, onları qəribə irrasonallıq və xəyalpərəstlik birləşdirir. Tez-tez bir-biriləri ilə söhbət edərkən, ani olaraq başqa mövzulara keçir, dəxlisiz məsələlərdən dəm vurur və ya yersiz şərhlər verirlər. Onların hər birində zəngin, bəzənsə çox qıcıqlandırıcı pafos var. Bu məqam bir qədər məni narahat etsə də, təbii ki, yazıçı bunu məqsədli olaraq inşa edib ki, həmin dövrün atmosferini bütün xırdalıqları ilə, obrazların mental vəziyyəti ilə bizlərə çatdırsın. Eləcə də, diqqətimi çəkən bir başqa məqam malikanənin satışının əsasən yaşlı ailə üzvlərinə təsir etdiyini, gənclərə bir o qədər də təsir etmədiyidir. Gənclərin artıq məqsədləri var. Onlar müasir dövrün sürəti və qaydaları ilə ayaqlaşmaq niyyətindədirlər. 

Biz hardasa iki yüz il geri qalmışıq, demək olar ki, heç nəyimiz yoxdur, keçmişimizə doğru-düzgün yanaşmamız yoxdur, biz sadəcə fəlsəfə ilə məşğul oluruq, darıxmaqdan şikayət edirik, ya da araq içirik. Halbuki, gün kimi aydındır ki, indiki zamanda yaşamağa başlamaq üçün, gərək keçmişin günahlarını yuyaq. Günahlarımızı isə iztirablarla, qeyri-adi və fasiləsiz zəhmətlə yuya bilərik. Unutmayın bunu, Anya. - Bu cümlələr vasitəsi ilə yazıçı daha dərin məsələlərə toxunaraq, Rusiyanın sağlam cəmiyyətə malik olması üçün ciddi işarələr verir. Bir ailənin timsalında aristokratiyanın hansı mövqedən gəlib haraya getdiyini izləmək bizə sosial narahatlıqlar və problemlər haqqında yaxşı məlumat bazası rolunu oynayır. 

Bu pyes komediyadır yoxsa faciə? Yazıçı özü bunu komediya olaraq qiymətləndirsə də, bir çox rejissorlar faciə olaraq adlandırır. Elə mən də tam olaraq bilmədim ki, dövrünün burjua sinfinin pis günə qalmasına pis olum, yoxsa onlardan qisas alan adi bir işçinin qələbəsinə sevinim. Çünki bəzən qələbə heç də gözlənilən nəticəni vermir. Hətta bir çox halda ümumiyyətlə nəticə vermir.

Nəticədə qəhrəmanların daxili dünyalarını görmək, onların hiss etdiklərini hiss etmək və yaşamaqda bizə yazıçının ideal yazı üslubu yaxından köməkçi olur. Belə pyeslər bizə material və mənəvi dəyərlər arasında olan əlaqə haqqında düşünməyə bir daha dəvət edir. İnsan təbiətində olan əbədi çatışmazlıqlarla əlaqədar yaxşı dərslər pyesdən çıxarılmalı olan bir digər önəmli nəticələr arasındadır. 

Ən əsas nəticə: Məkan dəyişmir. Dəyişən zaman və insanlardır. Ona görə də zaman da, insanlar da məkana əsaslanıb özlərini tənzimləməlidirlər...

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi