Frans Kafka - Atama məktub və digər hekayələr
Atama məktub
Frans Kafkanın atası Herman Kafka tamamilə normal insandır. Heç bir anormal davranışları və ciddi psixi natarazlıqları yoxdur. Sadəcə olaraq müəyyən məqamlarda özünü tərbiyəsiz aparan bir kəsdir və Fransla olan münasibətləri də standart ata-oğul münasibətlərindən çox da ciddi kənara çıxmır əslində. Çünki Kafkanın yazıçılıq qabiliyyəti bu münasibətləri verbal olaraq təsvir edib.
Bu hekayədə mən çox səthi üsyan və etiraz əlamətləri gördüm. Halbuki, dünyada elə atalar var ki, onların qəlbində bir qram insan sevgisi olmur, onlar ən şərəfsiz hərəkətlərə yol verir və öz xudbinlikləri ilə ev oğrusuna çevrilirlər. Bəs belə ataların oğulları atalarına qarşı necə məktub yazsınlar? Onlar nəyə qarşı üsyan etsinlər? Qadınını döyən, övladlarını heç sayan və onlara sadəcə əşya kimi münasibət bəsləyən atalar necə olsun? Onlar niyə bədii ədəbiyyatda belə gözəl yazı üslubu ilə işıqlandırılmasınlar? Zərrə qədər də insanlığı olmayanlar ağızlarının seliyini silə-silə azadlıqda gəzəndə, niyə görəsən Frana Kafka öz atasına qarşı belə yumşaq tənqidi yazı yazıb?
Mən bu məktubu ikinci dəfədir oxuyuram. İlk dəfə oxuyanda hekayə qanımı qaynatmışdı. Özümdən də gördüyüm bəzi şeylər məni əməlli-başlı cuşa gətirmişdi, lakin bu çoxdan olub. İndi bir daha oxudum və şəxsən mənim artan təcrübəmin yanında bu hekayə nəsə sönük və teatral bir şey kimi göründü. Məni düz başa düşün, mən heç də əsərin bədiiliyinə və ədəbi hadisə olmağına qarşı iddia irəli sürmürəm, sadəcə reallıqla müqayisə edirəm və görürəm ki, burada sözü gedən ATA tərbiyəsizliyin, biganəliyin, əclaflılığın normasında olan tipik kişi nümunəsidir və Kafka da öz yazıçılıq bacarığından istifadə edərək öz istedadını nümayiş etdirib.
Bu məktubu Kafkanın həyatı ilə, onun psixologiyası ilə maraqlanan istənilən oxucuya məsləhət görürəm. Məktub ailədaxili şəxsi diktaturanı, fərdin yadlaşma mərhələlərini, individin qorxularını və məhdudiyyətlərə qarşı olan üsyanını çox gözəl əks etdirir. Eləcə də, görünür valideynlərin övladlarını mənəvi olaraq əzmələri hər cəmiyyətdə rast gəlinin hadisədir. Bu ən anormal şeylərin başında gəlir və sağlam, gələcəyinə inamlı və müsbət enerjili insanların yetişməsinin qarşısını birmənalı olaraq alır. Səbəb kimi, empatiya defisiti və sadəcə köntöylükdür ki, bu xüsusiyyətlər yalnızca elm və mədəniyyətlə ram edilə bilər.
Yuva
"Yuva" hekayəsi ilə biz insanın dərketməsi ilə təchiz olnunan, torpağın altında yuva quraraq yaşayan bir canlının həyatına ekskursiya etmiş oluruq. Bələdçimiz Frans Kafka, öz möhtəşəm bacarığı sayəsində şüurumuza elə lövbər atır ki, lövbərdənsonrakı həyatımız tamam başqa şüur tezliklərində var olmağa davam edir. Bu yuva canlıya lazımi təhlükəsizliyi, sükutu və rahatlığı təmin etməli olduğu halda, canlıda çoxlu qorxular, yadlaşma və narahatlıqlar yaradır. Bu suallara cavab verəcək yeganə canlı da özü olduğunudan bu tədirginlik azalmır, əksinə artır.
Bu hekayə çox maraqlı hekayədir. Bu canlının nə olduğunu biz konkret olaraq başa düşə bilməsək də, ən əsası onun yuva sahibi olduğunu və bu yuva vasitəsi ilə özünü təhlil etdiyini görürük. Onun qorxuları, arzuları, istəkləri, xəyalları bizə elə özümüzü kənardan göstərir. Bir müddətlik özünütəhlildən sonra həmin bu canlı öz fikirlərində, hansı ki biz də həmin fikirlərdəyik, əsasən öz qorxusuna diqqətini toplayır, ancaq həmin qorxunun səbəb və nəticələri haqqında danışır. Bu qorxu paranoyaya və paranoya normal və stabil həyat axarının dəyişməsinə səbəb olur. Qorxu, narahatlıq, yadlaşma kimi elementlər Kafka üslubunun ayrılmaz xüsusiyyətidir.
"Yuva" hekayəsinin "Atama məktub"la müəyyən əlaqəsinin var olduğunu deyə bilərik, çünki Kafka özü həmin məktubda atasının nüfuzu qarşısında otağında, kitablarının arasında ilişib qaldığını və özünə qarşı bir böcək kimi yanaşılması haqqında qeyd edir. Göründüyü kimi, "Çevrilmə" və "Yuva" kimi əsərlər heç də tamamilə yazıçının təxəyyülündə, fantaziyasında formalaşan və ya uydurulan əsərlər olmayıb, onun reallıqdakı ağrı və iztirablarını əks etdirir. Kafkanın möhtəşəm təfəkkür süzgəcindən keçən reallıq, sonradan bu gün oxuduğumuz möhtəşəm ədəbi əsərlərə çevrilib. Eləcə də, müxtəlif mədəniyyətlərin bənzər ədəbi əsərlərini müqayisə edərək, həmin əsərlər vasitəsi ilə universal dəyərləri ortaya çıxarmağı hədəfləyən müqayisəli ədəbiyyat bizə Kafka ilə Oğuz Atayın "Qorxunu gözləyərkən" əsərləri arasında olan bənzərliklər haqqında da fikir yürütməyə əsas verir. Belə ki, Atayın da obrazları Kafkanın obrazları kimi gücsüz və zəif obrazlardır. Oğuz Atay özü Kafkanı oxumuş və zənnimcə, ondan təsirlənmiş birisidir. Onların yaşadığı dövrlər cəmiyyətlərinin içində olduqları vacib və çox ciddi hadisələri sayəsində onları müəyyən ağrıları hiss etdirməyə məcbur edib. Kafkanı İkinci dünya müharibəsi, Atayı isə Türkiyənin modernləşmə böhranı stimulyasiya edib.
"Qorxuyu gözlərkən" 1973-cü ildə nəşr olunub. Onun da qəhrəmanı adsızdır, çünki özünü isbat edə bilməyib, o, hər kimdir, bəlkə də hamıdır. Türkiyə cəmiyyətinin həmin ərəfədə sağ-sol məsələlərində çox əziyyət çəkdiyini yaxşı bilirik, əsas obraz da Kafka obrazları kimi gücsüz və acizanə formada bütün cəmiyyətdən qaçıb gizlənmək istəyir. Haradan gəldiyi bilinməyən və yad dildə yazılmış məktubun fərqinə varan qəhrəmanımız, bu andan etibarən eynilə Kafkanı adsız yeraltı canlısı kimi qorxunun ağuşuna və tələsinə düşür, bütün həyat düzəni pozulub gedir. Daha geniş yazmadan onu qeyd edim ki, belə oxşarlıq məni çox təəccübləndirdi və bir digər tərəfdən də yazıçıların cəmiyyətləri üçün necə də əvəzsiz rol oynadıqlarını sübut etdi. Məhz yazıçılar, cəmiyyətin bütün üzvlərini, bütövlükdə cəmiyyəti, ən əsası isə özlərini əsərlərə sığışdırmaq qabiliyyətinə malikdirlər.
Ümumiyyətlə Kafkanın əsərlərində gücsüz və zəif obrazlarla qarşılaşırıq ki, bu da onun daxili dünyasının simvollarla və obrazlarla ifadə olunmuş əksləşməsi olduğunu deməyə əsas verir. Onun həmişə qeybdən, ani olaraq təhlükə gözləntisində olması, həyat tərzinin bir xüsusiyyəti olmuş və əsərlərinə də təzahür etmişdir. Onun əsərlərindəki qəribə məntiq alt-üstlüyü bizə qeyri-adi hadisələri adi kimi qəbul etdirməyə məcbur edir və nəticədə biz tamamilə başqa bir dünyaya düşürük, o dünyaya ki orada cinayət cəzaya deyil, cəza cinayətə səbəb olur.
Yuvadakı canlının adsız və növsüz olaraq saxlanılması da səbəbsiz deyil. Qeyri-müəyyənlik, adsızlıq bizə onu istədiyimizlə əvəz edə bilmək imkanını təqdim edir. İstəsək onu özümüzlə, istəsək onu bir tanışımızla və ya elə yazıçının özü ilə əvəz edə bilər və tam fərqli ədəbi təcrübə əldə edə bilərik.
Yuva içimizdəki qorxularla əlaqədar hekayədir. Hekayə həmin dövrdə bir çox insanın içində olduğu atmosferi təsvir edir. Eləcə də, bizə bir daha sübut edir ki, insanın beynindəki qorxular və paranoya çıxıb getmədikcə, tikdiyimiz möhkəm və möhtəşəm binalar bizi həmin qorxulardan və narahatlıqlardan müdafiə edə bilməkdə aciz olacaq.
Ocaqçı
Bu hekayə yazıçının məşhur "Amerika" əsərinin ilk fəslini əmələ gətirməli idisə də, dostu və sonradan naşiri Maks Brod onun bu hekayəsini bitkin bir hekayə kimi yazıçının çapdan çıxan hekayələr toplusunua daxil etdirir və bu elə o vaxtdan belə də davam edir.
Hekayə olduqca özünəməxsus hadisələrin cərəyan etməsindən və eləcə də Amerikaya təzə-təzə ayaq qoyan almandan bəhs edir. Burada mənim ilkin olaraq aldığım təəssüratlar mənə düşünməyə əsas verir ki, yazıçı Amerikanın digər ölkələrdən fərqli olaraq daha ədalətli və azad olduğunu göstərmək üçün yazdığı müəyyən özünəhesabat xarakteri daşıyır.
Nyu-Yorka səyahət edən gənc Karl, səyahət etdiyi gəminin daxilində baş verən hadisələrə biganə qalmır və ocaqçının başına gələn hadisələrə şərh vermək məqsədi ilə onunla birlikdə gəmi kapitanının yanına gedir. Burada həm də kiçik ailə dramı yaşanır və bir hadisə, özündən sonrakını içində əridib sıradan çıxarır. Nəticədə biz bəlkə də Amerikanın hansı dəyərləri özündə ehtiva etdiyini və ya yeni torpaqların insanları necə dəyişdirdiyinin şahidi oluruq.
Yaşı ötmüş Blumfeld
Bu hekayə haqqında çox söz demək olmasa da, ümumilikdə yalnız, zəif və öz dünyası olan birisinin ilk öncə evdəki, daha sonra isə iş yerindəki sərgüzəştlərindən bəhs edir. Blumfeld ailəsi olmayan, tək-tənha birisidir. Hekayə ümumi olaraq iki böyük hissədən ibarətdir. İlk hissədə biz Blumfeldin evində peydə olan, fasiləsiz olaraq atılıb-düşən iki top haqqında oxuyuruq. Bu toplar onun bütün nizam-intizamını pozur və əsl cəhənnəm yaşadır. Bu qeyri-adi hadisəyə normal məntiqlə baxmaq mümkün olmadığından, fərqli yanaşma ilə yanaşmalı oluruq. Belə ki, hekayənin əvvəlində Blumfeld öz yalnızlığı haqqında məlumat verir və sevimli ev heyvanı saxlamaq ilə əlaqədar olara çək-çevir edir, lakin nəticədə onların ona və evində yaradacağı problemləri təsəvvür edib saxlamamaq qərarını verir. Biz dərhal bu insanın yalnızlığının səbəbi kimi onun qəribə və iyrənc eqoizmini, ifrat təhlil qabiliyyətini başa düşürük. O, canlılarla yol gedə bilmir və hətta cansız əşyalarla belə dostlaşmağı bacarmır. Əslində o, yalnız deyil, sadəcə bədbəxt birisidir. Bu səbəbdən də evində yalnızlığıa məhkumdur və axmaq tip həyat yaşayır.
Hekayənin ikinci hissəsi isə onun iş yerini nəql edərək, himayədarlıq etdiyi iki təcrübəçilərə qarşı bəslədiyi fikirləri ifşa edir. Birinci hissədə əgər biz qeyri-adi, lakin əsl Kafka sayağı şeylər oxuyuruqsa, ikinci hissədə elə də ciddi təəssüratlar almırıq, sadəcə Blumfeldi evdə və işdə necə olduğu haqda fərqlərin mövcudluğunu görürük. Bundan əlavə deməkdə fayda var ki, iş yerində Blumfeld kifayət qədər normal işçidir, rəhbərdir. Müəyyən analogiya qursaq görərik ki, evdə iki topun olmağı, iş yerində iki təcrübəçinin varlığı, müəyyən qanunauyğunluq haqda məlumat verir və Blumfeldin daxili və xarici dünyası arasında əlaqə yaradır.
Eləcə də kitabda digər müxtəlif kiçikhəcmli hekayələr yer alıb. Bu hekayələr yuxarıdakılar qədər ciddi nəticəyə malik olmasalar da, Kafka üslubunu sevən və ya onunla daha da yaxından tanış olmaq istəyənlər üçün yaxşı təcrübə yaşatmaqda kifayət qədər əhəmiyyətə malikdirlər. Bundan əlavə kitabın mənim üçün ən əsas bir digər özəlliyi də o oldu ki, bu hekayələr Azərbaycan dilinin mahir bilicisi və çox savadlı insan - Vilayət Hacıyev tərəfindən dilimizə tərcümə edilib. İlk dəfə Hermann Hessenin "Yalquzaq" əsərini onun tərcüməsində oxuyanda yaşadığı ədəbi təcrübə az qala ağlımı başımdan çıxartmışdı. Çox təəccüblənmişdim ki, necə olur xarici dildə yazılan əsərlər dilimizə belə möhtəşəm dərəcədə ideal tərcümə edilir. Vilayət müəllimin tərcümələri idealdır. Odur ki, kitabın onun tərcüməsi altında hazırlandığını görəndə dərhal başa düşdüm ki, bu mütaliə həmişəki kimi olmayacaq, daha yaxşı və daha qaneedici olacaq.
Kafkanın hekayələri məni bir daha bədii ədəbiyyatın mahiyyəti və reallığı haqqında düşünməyə vadar edir. Bir daha öz-özümə deyirəm ki, güclü, möhtəşəm və hər şeyə qadir obrazlar, anlayışlar və simvollar yalnız miflərdə, əfsanələrdə və rəvayətlərdə ola bilər, çünki onlar bir yox bir neçə təfəkkürün süzgəcindən keçib ki, eynilə bir neçə nəfəri öz təsir altına sala bilsin. Lakin Kafka kimi tək bir FƏRDin ağrılarını acılarını elə onun özü kimi tək-tənha digər insanlar başa düşə bilər. Bu bizim üçün çox vacib siqnaldır ki, Kafkasevərlərin sayının artımını getdikcə bir-birinə yadlaşan insaların çoxalması kimi başa düşək.
Comments
Post a Comment