Velosipedli oğlan - The kid with a bike - Le gamin au vélo
![]() |
Siril |
Bu hekayə, atası tərəfindənm uşaq evinə
atılmış, amma atası ilə mənəvi əlaqəni itirməyən 12 yaşlı oğlanın hekayəsidir.
Tamamilə təsadüfən Siril (oğlanın adı) Samanta ilə tanış olur. Samanta gözəllik
salonunun sahibəsidir və Sirilə icazə verir ki, bazar günləri onunla birlikdə
qalsın. Siril böyük daxili xaos, yaşıyla tərs mütənasib hadisələrə yaşayır. Sığınacaq
təklif edən iki cəbhə arasından seçim etməlidir. Hətta, sığınacaq tapmaq məsələsində
də xeyir və şər mübarizə aparır. Lakin, Siril çox çətin günlər yaşasa da, həqiqi
sevgi qalib gəlir. Filmdə sakit və tipik fransız şəhərciyində həyat,
azyaşlıların kriminallıq tələsinə düşməsi, fransız insanlarının bir-birinə olan
münasibətləri, çətin xasiyyətli uşağın tərbiyəsi, sosial problemlər, pozulan
uşaq psixologiyası, düşünülməmiş addımlar və onların yaratdığı nəticələr kimi məsələlər
təsvir olunub. Film bizə çox şey haqqında düşünməyə imkan yaradır.
Filmin adı niyə “Velosipedli
oğlan”-dır? Çünki, Siril kimsəsizlər evinə qoyulandan velosipedini və ona
paralel olaraq da atsını axtarır. Velosiped həm simvolik mənada, həm də real
olaraq Siril üçün böyük əhəmiyyət ərz edir. Çox çətin günlər yaşayan Siril üçün
velosipedlə gəzintiyə çıxmaq rahatladıcı təsir göstərir. Eyni zamanda
velosipdin axtarışı ilə atasının axtarışını bir-birinə paralel edir. O, kimsəsizlər
evinə düşəndən özünə sual verir: “Atam haradadır?”. Bu nəhəng dünyada onun üçün
bir nəfər doğma insan var və onu axtarıb tapmalıdır. Filmin təxminən 2/3-də
Siril qaçır. Əvvəlcə uşaq evindən, sonra onu qəbul edən Samantadan, təhlükəli
uşaqlardan və velosipedini oğurlamaq istəyənlərdən.
Darden qardaşlarının bu filmi olduqca tragikdir. Bu sadəcə bir nəfərin
tragediyası deyil. Bu məsuliyyətsizliyin və eqoizmin öz pikini yaşadığı cəmiyyətin
tragediyasıdır. Bununla mübarizə aparmaq güclü şəxsiyyətlərin işidir (onları Supermen
adlandırmaq olar). Filmdə belə güclü şəxsiyyət var və Samantanın timsalında əsl
valideynin necə olduğunu görürük: həm analıq şəfqəti, həm dost, həm köməkçi, həm
də ata. Samanta obrazına heyran qalmamaq olmur. Samanta obrazı təhlil üçün çox
da yaramır, çünki ilkin məlumatlar azdır. Belə insanların çox olması cəmiyyətin
sağlam olmasını göstərər. Sirilin atası küncə sıxışdırılmış və var gücüylə bu
küncdən çıxmağa çalışan vəhşi heyvanı xatırlatdı. Filmdə də rejissorlar bu
obrazı problem içində itib-batan, eqoistik və apatiyaya düşmüş kimi təsvir ediblər.
Əvvəllər oğlunu çox sevirdi, çox qəribədir ki, indi bunun əlamətləri heç
yoxdur. Yəni valideyn öz övladını belə rahatlıqla atıb, hər şeyi yenidən
başlamaq adı altında məsuliyyətindən imtina edə bilər? Heç vicdan əzabı çəkmədi?
İnsan buna qadirdi? Mən inanıram ki, bu yazını oxuyan hər bir insanın həm
maddi, həm də mənəvi baxımdan çətin günləri olub. Lakin bu çətinliklərlə
mübarizə aparmaq elə bizi insan edən ən əsas kriteriyadır. Səbrli olmalı və
mübarizə aparmalıyıq. Yalnız rahatlıq istəyən insanlar həyata qarşı çıxmış
hesab olunur ki, həyat da onları cəzalandırır.
Filmdəki hadisələr 12 yaşlı kürən saçlı Srilin ətrafında cərəyan
edir. Siril elə bir obrazdır ki, izləyici filmin müxtəlif yerlərində ona həm anlayış və məhəbbət, həm də nifrət bəsləyir.
Sirilin tünd xasiyyəti bilavasitə onun günahı deyil. Axı bu necə onun günahı
ola bilər? Siril sadəcə şəxsiyyət kimi formalaşmaq istəyir, amma bunun üçün
münbit şərait yoxdur. Münbit şərait ailədir. Ailə isə yoxdur. Bu çatışmazlığa
Siril daxilində üsyan edir. O, üsyanın çox az hissəsi xaricə çıxır. Ona görə də
əslində izləyici çox şey haqqında özü düşünməli olur. Filmin apafeozları da elə
Sirillə bağlıdır. Sirilin həyatının sarsıldığı iki çox vacib epizod oldu:
atasının ondan imtina etməsini ona bildirməsi və Sirilin ani ölüm yaşaması.
Siril heç kimi köməyi olmadan yeni həyata qədəm qoydu. O, həyata ki, orada onu
isti ailə mühitinin və şəfqətin, sevginin timsalında ülvi hisslər əhatələdi.
Bütün bunları Siril atasından gözləsə də, nə qəribədir ki, tanımadığı bir mələk
tərəfindən aldı. Beləliklə, atasının qəddarlığı nəticəsində, Sirilin uşaqlıq
adlanan həyat mərhələsi sona çatdı.
![]() |
Samanta və Siril |
Filmi birnəfəsə və geniş hisslər
qammasında izlədim. Özündə ehtiva etdiyi kəskin sosial problemləri və şəxslərarası
böhran epizodları çox əla təsvir olunmuş və psixoloji baxımdan lazımi hisslər
aktyorlar tərəfindən yüksək səviyyədə ifadə edilmişdir. Filmin psixologiya və
sosial münasibətlər baxımından yüksək dəyərə malik olduğunu düşünürəm. Texniki
baxımdan, film yay fəslində təbii işıqlandırmada çəkilmişdir. Belə təbii filmlərin
çox olmasını istərdim. Sadə və təbii. Yolun səs-küyü və Sirilin nəfəs
alış-verişləri, məqsədə gedən yolu bizə təsvir edir və istənilən fon musiqisindən
dəyərlidir (filmdə fon musiqisi demək olar ki yoxdur. Olanlar da çox qısadır.).
Film çox sadə olsa da, 12 yaşlı uşağın əsrarəngiz daxili dünyasını gözlər önünə
sərir. Fransız kinematoqrafiyası bir çox mövzuya həssas yanaşması ilə seçilir.
Bravo Darden qardaşları. Bravo!
Comments
Post a Comment