Özünəqəsd Dükanı - Магазинчик самоубийств - Le magasin des suicides
Hər şeyin cansıxıcı və dözülməz olduğu
bir şəhərdə, artıq uzun illərdir ki insanların intihar etməsi üçün lazımi ləvazimatlar
satan Tuvanş ailəsinə məxsus dükan var. İntihar etmiş şəhərin həyatda olan və
ondan canını qurtarmağa çalışan sakinləri, müxtəlif üsullarla qaçıb getmək istəyirlər:
kimisi özünü maşının altına ataraq, kimisi evində özünü asaraq bunu edir. Bəzi
hörmətli və yenilik axtarışında olan insanlar isə daha kreativ intihar üsulları
üçün “Özünəqəsd dükanı”-na müraciət edirlər. Bu dükanda dərhal və ağrısız öldürən
zəhərdən tutmuş, seppuku (harakiri) üçün samuray qılınclarına qədər zəngin
seçimlər var. Ailədə Alan adlı həyatsevər və şən uşaq doğulana qədər hər şey əla
idi. Biznes çiçəklənirdi və həyatdan narazı sakinlərin yaşadığı şəhərdə həyatdan
razı dükan sahibləri var idi.
Alan anomal hadisədir. O, “həyat gözəldir!”
şüarı ilə yaşayır ki, bu da ətrafına tamamən ziddir. Böyüklər Alanın şən və həyatdan
razılığını axmaq və lazımsız bir şey kimi qəbul edirlər. Alan yeni dünyaya gələndə,
“Aman allah o, gülür!” deyə, Tuvanş ailəsinin üzvləri onun təbəssümünə reaksiya
verirdilər. Alan dostlarıyla birlikdə şəhərə yeni nəfəs qazandırmaq üçün işə
başlayır. O, bunu necə edəcək? Onun “xoşbəxtlik” adlanan kütləvi qırğın silahı
var. Həyatdan bezmiş və daha yaşamaq istəməyən insanlara necə kömək etmək olar?
Bəziləri kömək etmək istəyir, bəziləri isə belə bir ehtiyac hiss etmirlər.
Animasiya gözləntilərimi doğrultdu:
yaxşı ssenari, yaxşı musiqi, yaxşı təsvirlər və yaxşı hekayə. Rejissor Patris
Lekont (Патрис Леконт) obrazların daxili dünyalarını xarici görünüşlərində əla
ifadə edib. Sadəcə sonluq bir çox izləyicini məyus edə biləcək formatdadır
(köhnə hamam köhnə tas məsəlini xatırladım). Mənə elə gəlir ki, bunda da nə isə
bir məna var. Animasiya originallığa iddia etmir. Ehtimal ki, belə mövzularda
başqa filmlər və animasiyalar var. Bəzi səhnələr kifayət qədər mübahisəli və
azyaşlı izləyiciləri nəzərə alsaq etik baxımdan yaxşı deyil. Hətta cəsarətli
olub deyərdim ki, animasiya ailəlikcə izləmək üçün deyil. Uşaqlar pis vərdişlər
baxımından təsirlənə bilərlər. Maraqlı da odur ki, animasiyaya yaş məhdudiyyəti
qoyulmayıb, halbuki, qoyulsa daha yaxşı olardı. Bəzi səhnələr daha fərqli
formada olsaydı animasiya şedevr dərəcəsinə qədər qalxa bilərdi. Uşaqları nəzərə
almasaq, kifayət qədər realistik və semiotik əsərlə qarşı-qarşıyayıq. İnsanları
susdurmaq üçün pis vərdişlərin istifadəsi, insanların məhvinə səbəb olsa da
gözü doymayan, sadəcə miqyasa görə artan gəliri izləyən biznes subyektləri,
empatiya çatışmazlığı, isti ailə mühitinin itirilməsi və başqa bir çox aktual
mövzulara toxunulur.
Bu rəngsiz şəhərdə intihar və ölüm
tamamilə normal bir anlayışa çevrilmiş, sabun köpükləri və kağız təyyarələrdən
zövq alan balaca uşağın sevinci isə anormallaşmışdır. İzləyici istər-istəməz
özünə sual verməyə bilmir ki, yəni nə vaxtsa belə bir vəziyyət həqiqətənmi baş
verə bilər? Belə acınacaqlı vəziyyətin yaranmasında kim təxsirkardır? Axı hər
şey bizdən asılı deyil. Ola da bilər ki, bəzi insanlar animasiyanı izləyib, nə
vaxtsa yarana biləcək belə bir vəziyyətə qarşı padzəhər əldə etsinlər. Animasiyaya
vaxt ayırıb izləməyə, onun haqqında düşünməyə dəyər.
Comments
Post a Comment