Andrey Leviskiy - Anomallar. Sirli Kitab - Андрей Левицкий - Аномалы. Тайная книга

Bəzi hadisələr var ki, kifayət qədər şübhəli görsənirlər. O hadisələr, hansısa şüurlu gücün beynimizə daxil olub davranışlarımıza təsir göstərdiyindən xəbər verir. Mən özüm həyatımda iki dəfə belə hadisələrin canlı şahidi olmuşam və ona görə də onları qəbul etməyə bilmərəm. – Konstantin Siolkovskiy.

         Hər şeydən öncə onu deyim ki, Andrey Leviskiy (Андрей Левицкий),  çox məşhur S.T.A.L.K.E.R oyunu və kitablarınının müəllifidir. Yazıçının uşaqlığı Ukraynada, Çernoblda keçib. Kiyev Dövlət Universitetində filologiya üzrə təhsil alsa da, heç vaxt ixtisası üzrə işləməyib. Yazıçının böyük həvəslə oxunan digər bir çox məşhur əsərləri də var.

Təsadüfən internetdə səsli kitablar axtararkən, bu kitaba rast gəldim və ilk cümlələri ilə tanış olduqdan sonra, oxumağa dəyərli olduğunu düşündüm. İlk cümlələrdən etibarən kitab oxucunu xəfif həyəcan və “sonra nə olacaq?” hissi altında saxlaya bilir ki, bu kifayət qədər böyük uğur sayılmalıdır. Kitabı iki böyük hissəyə bölüb dəyərləndirə bilərik. Belə ki, birinci hissə anomallar – xüsusi bacarıqları olan bir qrup yaxın dost, onların haqqında məlumatların verilməsi, bir-biriləri ilə münasibətləri, KAS və Psi-front adlı qurumların təqiblərindən qaçışları təsvir olunmuş və ikinci hissədə bəhs olunan mövzulara giriş verilmişdir. İkinci hissədə anomalların hansı məqsədlə istifadə edilə biləcəkləri aşkara çıxır: anomallar siyasi məqsədlərlə istifadə olunacaq. Belə ki, 6 anomal insan arasında birisi var ki, onun insan davranışlarına, insan beyninə təsir etmək bacarığı var. Rusiyada isə elə bir vəziyyət yaranıb ki, hazırki hakimiyyət seçkilərdə qalib gələcəyinə tam əmin deyil, insanlar seçkilərdə iştirak etmək istəmirlər. Ona görə də işlərini təminat altına almaq üçün, anomallardan istifadə edib insanları hazırki prezidentə səs verməyə məcbur etmək istəyirlər. Elə burda da yazıçının olduqca maraqlı proqnozları romanın dinamik janrına paralel olaraq axmağa başlayır. Romanda deyilir ki, əvvəlki dövrlərdən fərqli olaraq, gələcəyin dünyası psixi diktatura olacaq. Kəşf olunan yeni psixoloji üsul və təsir vasitələri ilə, iqtidarlar insanların beyinlərinə təsir göstərib onları qoyun sürüsünə çevirmək istəyir. Beləliklə də çox rahatlıqla onların üzərində manipulyasiya edə və istənilən məqsədlər isqitamətində onları yönləndirə bilərlər: (fraqment): Serqey, bu diktaturanın başlanğıcıdır. Bundan sonra ölkə üçün heç vaxt nə isə yaxşı bir şey baş verməyəcək. 30-cu  illərin Almaniyası və ya bu günkü Şimali Koreya burada yaranacaq diktatura ilə müqayisədə heç nə olacaq. Çünki onlarda anomallar yox idi və yoxdu. Bu hakimiyyətdə isə var.
         Fantastika və siyasəti birləşdirmək çox maraqlı alınıb. Adam Faver adlı yazıçının “Empati” adlı romanını az da olsa xatırladır. “Anomallar” romanında artıq-əskik bir şey tapa bilmədim. Əlbəttə, hər bir yazıçıya xarekterik olan söz oyunları vasitəsiylə həcm artırmaq cəhdləri bu romanda da var, amma bu heç də uğursuz və yorucu alınmayıb. Yenə də bütün romanın bir cümlə ilə ifadə edilə bilmək xüsusiyyətini ləğv etməyib. Əksər müasir yazıçılarda kitabın həcmini qalınlaşdırmaq cəhdləri iyrənc mənzərə ortya çıxarır. Bunun dəfələrlə şahidi olmuşam. Lakin, bu kitabda hansısa hissəsin buraxılması harmoniyanı pozur ki, bu da dolğunluqdan və sıx əlaqədən xəbər verir. İdeya əla, üslub yaxşı. Hadisələrarası əlaqə möhkəm və ardıcıl. Bir-birinə paralel  bir neçə obrazlar, bir neçə təşkilatlar və hadisələr baş verir. Belə motivlərlə işləmək çətindir. Janr baxımından macera-fantastika adlandırmaq olar. Elmi-fantastikanın çəkisini faizlə ifadə etsək, 25% olaraq müəyyənləşdirmək mümkündür.
   Kitabda bir çox elmi nəaliyyətlər, tarixi şəxsiyyətlər haqqında yaxşı məlumatlar verilir. Bu tarixi şəxsiyyətlərdən birisi də, Çarlz Fortdur. O, ufologiyanın banisidir. Kitabın əvvəlində də belə bir giriş kimi maraqlı bir şey var: 20-ci əsrin əvvəlində Çarlz Fort (ing. Charles Hoy Fort, 1874–1932, New York) əmisindən ailə biznesini miras aldıqdan sonra, bizneslə məşğul olmayaraq, onu pula çevirir. Beləliklə onun istənilən işlə məşğul olmaq üçün maliyyə vəsaiti meydana gəlir. Onun istədiyi iş isə, elmi nöqteyi-nəzərdən qeyri-adi hesab edilən faktların toplanması idi. 30 ildə Fort, qeyri-adi hadisələrlə əlaqədar faktları araşdıraraq onları sistemləşdirir və məşhur “Lənətlənmişlərin kitabı” da daxil olmaqla bir neçə roman yazır. Fortun izləyicilərindən və Amerika ədəbiyyatıənın klasiklərindən sayılan Teodor Drayzer qeyd edirdi ki, Fort sonunda Yer kürəsində baş verən bir çox anomal hadisələrin arxasında dayanan sirri kəşf edə bilmişdi. O, öz kəşfini “Sirli Kitab”-da qeyd etdi, amma onu nəşr etdirməzdən qabaq şüalanmaya məruz qalmış və nəticədə leykimiyadan dünyasını dəyişmiş, naməlum qüvvələr tərəfindən öldürülmüşdü. Bəlkə də tamam başqa bir şey oldu. Bəs əslində Fortla nə baş verdi?
         Yekun olaraq onu deyim ki, kitabdan kifayət qədər zövq aldım, bəyəndim. Andrey Leviskiy seriyalı, yəni çoxhissəli kitablar müəllifidir. Bu fakt bu kitabdan da yan keçməyib. Belə ki, kitabın sonuna gələndə gördüm ki, bir çox şeyə nöqtə qoyulmadı. Çox güman ki, əgər kitab populyarlıq qazansa, yazıçı davam edərək 2 və 3-cü hissələri də yazacaq.

Hamı kimi olmadığını başa düşəndə, sürünün ortasında olsan belə sürüdən ayrılırsan. Artıq sən kənardasan. Xarici görünüş baxımından     dəyişməsən də, sənin artıq tamam fərqli məqsəd, motivasiya, arzu və hisslərin var. Xaricdən fərqlənməsən də, digər insanlarla yanaşı addımlayanda hiss edirsən ki, əslində sən tamam yad birisisən. Səni maaş, yeni müqavilə, arvadın şüvənliyi, uşaqların kaprizləri, səs-küylü qonşular, axmaq müdir və işçilər, universitet imtahanı və sabah ola biləcək yoxlama yazı işi maraqlandırmır. Yeni moda və maşın, bağ almaq və mənzil satmaq, qanunsuz parkovka, ölkənin iqtisadiyyatı və siyasəti, prezidentin verdiyi sözlər, rüşvətxor məmurlar, yeni brendlər və hitlər, Avropada istirahət artıq sənin vecinə də deyil. Bütün bunlar sənin üçün uzaq, vacib rol oynamayan və ya tamamən itib gedən bir şeyə çevrilir. Artıq sənin tamam başqa həyat yolun var: qəribə, qaranlıq və keçilməz yollar. Sən anomalsan və sən, Matrisdəki Neo kimi qələbəlikdə addımlayırsan...

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi