Herman Hesse - Yalquzaq

Son vaxtlar çalışıram ki, fəlsəfə və
ezoterika vasitəsiylə əsas mövzusu özünü, “mən”-i tapmaq olan kitablar oxuyum. Niyə?
Belə hesab edərdim ki, mən gözəl, firavan ailə qurub uşaq dünyaya gətirmək istəməyən,
gözəl karyera qurmaq istəməyən, səs-küylü qələbəlikdən uzaq durub qürub edən
günəşə baxıb, yanımda olan kağıza cızma-qara etmək istəyən birisiyəm. Mən tək
qalmaq və sərhədləri aşmaq istəyirəm. Halbuki, tam olaraq belə deyiləm. Əgər təsvir
etdiyim kimi olsaydım, mənə Budda demək olardı. “Yalquzaq” isə yuxarıdakı cümlələrdə
öz əksini tapan mövzular arasında ən möhtəşəmi, ən fövqəli və dəyərlisi çıxdı.
Elə ilk cümlələrdən romanın mövzusunun əbədi mövzu olduğu bilinir. Meşşan və
burjua cəmiyyətinə yad olan bir insanın daxili üsyanına səs verməsi. Roman
tamamilə fərqli yollar və dərmanlar təqdim edir.
Yalquzaq, kütləvi-ictimai dəyərsizliyi anlamaq, ruhun təmizlənməsi,
qorxu və ehtirasların axtarışı, köhnə dəyər və bütlərin darma-dağın edilməsi,
ruhi əlkimyanın oyanışı, ən əsası isə, əbədi baş verən oyunların ifşası ilə əlaqədar
metamorfik, sanki gözəl klassik musiqi kimi səslənən və bu musiqidən sonra
yaranan səssizliyi ilə insana həqiqətləri başa salan, dünya ədəbiyyatının zirvəsindən
bizləri səsləyən, yeni zirvələri axtaran bir əsərdir.

.jpg)
Dostlar, gəlin roman haqqında lazım
olduğundan çox danışmayaq. Filan obraz belədir, filan obrazın psixoloji
portreti elədir.Hadisələr və obrazlar filan şeyi simvolizə edir, etmir və s.
Belə cümlələr hər birimizi yorar və bu roman üçün uyğun gəlmir. Sadəcə oxumaq,
özündən nə isə axtarıb tapmaq, düşüncələrə dalmaq və zövq almaq düşər bizim
üstümüzə. Bunda tərcümənin də rolu az deyil. Azərbaycan türkcəsində hələ belə tərcümə
oxumamışdım. Tərcüməçi Vilayət Hacıyev elə tərcümə edib ki, elə bil roman öz
dilimizdə yazılıb. Vilayət müəllimə öz təşəkkürümü bildirirəm ki, bizi belə gözəl
əsərlə gözəl tərcümə ilə qovuşdurub.
Kitabdan
seçmələr:
- Fikrim-düşüncəm şan-şöhrət həvəsindəydi, böyük sənətkar olmaq arzusu ilə yaşayırdım. Ancaq qəlbimi sarmış bu alovların ən güclüsü, ən odlusu, ən dəhşətlisi məhəbbət alovu, qadın həsrəti, əvvəlcədən duyduğum üzüntülü nəşə həvəsiydi. Hermann Hesse – Yalquzaq
- Ehey, oğul bala, bəlkə, qarnın ağrıyır, için doğranır? Yoxsa öz oxucuların, ölü canların, o zavallı qarınquluların, ya da kitabyığanların, lənətə gəlmiş aravuranların, qılıncoynadanların yadına düşdü? Yaman əjdahasan, adam lap gülər, gülməkdən ölər, qarnı cırılar, şalvarı doldurar! Ay səfeh bəndə, de nə görmüsən kitab-dəftərdə, sonsuz kədərdə? Sən gəl incimə – bir şam da məndə! Çərənlədin, pərənlədin, düzənlədin, quyruğunu düyünlədin, axırda da peyinlədin! Allahdan buyruq, şeytandan qulluq: dartıb aparacaq, canını alacaq! Cavab ver indi: niyə yazıbsan, kimdən oğurlayıbsan? Burada lap ağ elədi. Qəzəb məni boğdu, kədərlənməyə macal vermədi. Əl atıb hörüyündən yapışdım. Uçmağa başladı və uçduqca da hörük uzandı. Sanki, quyruqlu ulduz idi, mən də ucundan yapışıb dünyanın başı üzərində fırlanırdım. H.Hesse – Yalquzaq
- Elədir, həyat həmişə dəhşət olub. Heç nədə günahımız yoxdur, lakin hər şeyə cavabdehik. İnsan elə yaranan gündən günaha batır. Əgər bunu bilmirsinizsə, deməli, çox müəmmalı ilahiyyat dərsi almısınız. H.Hesse – Yalquzaq
- Sən haqlısan, ay Yalquzaq! Lap yüz dəfə, min dəfə haqlısan, ancaq bununla belə, məhv olmalısan! Sən bu günün sadə, rahat, az şeyə qane olan dünyası üçün həddən artıq iddialısan, acsan. Ona görə də dünya səni özündən kənar edəcək, çünki sənin ölçü daşın o istədiyindən bir az ağırdır. Kim bu gün yaşamaq, aşadığı həyatdan da zövq almaq istəyirsə, gərək sənin kimi, mənim kimi adam olmasın. Bu özəl dünya dınqıltı əvəzinə musiqi, əyləncə əvəzinə sevinc, pul əvəzinə mənəvi dünya, hay-küy əvəzinə əsl iş, yalançı inilti-sızıltı əvəzinə əsl iztirab istəyən adamlar üçün heç vaxt vətən ola bilməz! H.Hesse – Yalquzaq
- Elə müqəddəslər var ki, onlar da əvvəlcə dəhşətli günahlar içində boğulublar, ancaq günahın özü də müqəddəsliyə aparan yol ola bilər. Günah da, əxlaqsızlıq da... Yəqin, güləcəksən, lakin mənə çox vaxt elə gəlir ki, bəlkə, dostum Pablo da kəşf olunmamış müqəddəsdir. Eh, Harri, öz evimizə çatmaq üçün biz nə qədər dəhşətli, mənasız yollar keçməliyik! Heç kəsimiz də yoxdur ki, bizi bu yolla aparsın. Yeganə bələdçimiz həsrətdir! H.Hesse – Yalquzaq
- – Necə də pis səslənir! «Vəhşi!» «Yırtıcı heyvan!» – heyvanlar haqqında belə danışmaq olmaz! Düzdür, çox vaxt dəhşətli olurlar, ancaq insanlara nisbətən daha təbiidirlər.
– «Təbii» nədir? Bununla nə demək istəyirsən?
– Məsələn, götür o heyvanlardan birini: ya pişiyi, ya iti, ya
quşları, ya da lap elə heyvanxanadakı iri, gözəl pumanı, zürafəni! Görəcəksən
ki, hamısı təbiidir, heç biri heç nədən çəkinəcəkli deyil, nə edəcəklərini, necə
edəcəklərini də yaxşı bilirlər. Heç biri sənin xoşuna gəlmək üçün artistlik eləməz.
Daşlar, çiçəklər, göydəki ulduzlar kimi necə varsa, elə də qalacaqlar. Başa
düşürsən? H.Hesse - Yalquzaq
Comments
Post a Comment