Haruki Murakami - Əyləcsiz möcüzələr ölkəsi və dünyanın sonu - Харуки Мураками - Страна Чудес без Тормозов и Конец Света

Sevimli yazıçımın növbəti kitabı haqqında danışmağa başlamazdan öncə onu qeyd edim ki, kitabın ilk səhifələrindən bu kitabın Haruki Murakaminin əsəri olub olmaması barəsində şübhələrə qapılmışdım. Çünki 80-ci illərdə yazılmış olan bu roman dövrünü müasirlik baxımından çox qabaqlayır və Murakaminin indiyə qədər oxuduğum kitablarından fərqli süjetə və üsluba sahib idi. Zaman keçdikcə başa düşdüm ki, kitab elə məhz Murakaminin əsəridir. Özünü itirmiş, yalnız, arvadı tərəfindən tərk edilmiş, hardasa 40 yaşında olan baş qəhrəman, mistika və yalnızlıq. Bax bu elementlər Murakami dünyasının ayrılmaz parçalarıdırlar (digər əsərlərində isə sadaladıqlarıma əlavə olaraq yapon mətbəxi və amerikan cazz musiqisinin təmsilçilərinin əsərlərini də əlavə etməliyik).
 
İnsannın xarakteri 25 yaşına kimi formalaşıb başa çatır. Ondan sonra bir şey etmək olmur və geriyə qalan sadəcə ətraf dünyanın sənin xarakterinə uyğun gəlib gəlmədiyini müşahidə etmək olur. - H.Murakami – Əyləcsiz möcüzələr ölkəsi və dünyanın sonu

Əyləcsiz möcüzələr ölkəsi - inanılmaz bir yerdir. Şafflinqin incəlikləri haqqında ətraflı öyrənmək istərdinizmi? Krakerlər nə edirlər? Kimdirlər? Fabrik və Sistem arasında olan düşmənçilik nədəndir? Kitabı dayanmadan - əyləcə basmadan oxumaq lazımdır və hər oxunmayan fəsil gizli qalmış sirlərdir. Bu dünyada hər dəqiqə nə isə baş verir, nə isə sınır, dağılır, qurulur və mövcud olur. Dünyanın sonu – burada isə demək olar ki, heç nə baş vermir. Qışda güclü şaxtalar olur, zəif kölgələr və özlərindən sonra eyni nəsil qoyub gedən möcüzəvi təkbuynuzlar ölürlər. Hər şey çox sadədi. Sadəcə köhnə kitbxanada qədim yuxuları oxumaq lazımdır. Bu dünya hündür divarlarla əhatələnib. Bir dəfə buraya düşmək kifayət edir ki, həmişəlik burada qalasan. Bu dünya idealdır, utopiyadır. Bu aləmdə qəm-kədər, faciə, göz yaşları, həqqi sevgi, xoşbəxtlik yoxdur. Sakitlikdir. Bu dünyaya bilet: özünü və kölkəni itirməkdir. Çətindir ki, bu iki dünyadan hansı biri o birisindən əmələ gəlir və bir-birini tamamlayır. Bu iki dünya bir-birindən tamamilə fərqlənsə də, bir-birindən ayrılıqda mövcud ola bilmir. Məgər paradokslar ən vacib anlayışları yaratmırmı?

Düşüncələrə dalan insan ölümsüzdür. Tamamilə olmasa da, əbədiyyətə yaxındır. O, əbədiyaşardır. - H.Murakami – Əyləcsiz möcüzələr ölkəsi və dünyanın sonu

Həm hə, həm də yox – yox, çünki romana uzun-uzadı elmi-nəzəri izahatlar əlavə olunaraq çox ağırçəkili və sıxıcı olub. Bəzən gözlərim sadəcə hərflərin əmələ gətirdiyi sözləri və cümlələri oxuyurdu və sevimli yazıçımın digər əsərləri kimi romanlarının hər cümləsini beynimə həzm elətdirə bilmirdim. Yenə də yox, çünki bəzi anlarda romanın baş qəhrəmanı mənə çox banal və hamı kimi olan birisi təəssüratını bağışlayırdı. Hə - çünki kitab bizə orijinal ideya təqdim edir. Həmişə bildiyimiz, bilib, lakin aydınlaşdırmağı bacarmadığımız mövzuları bizə rəngarəng dillə təqdim edir, bizim bir hissəmizə çevirir. Hə - çünki roman maceradır. Macera isə bizə həmişə lazımdır.

Onda belə çıxır ki sevgizis heç nə mövcud ola bilməz. Sevgizis dünya – pəncərənin o tayında əsən külək kimidir. Nə toxuna bilirsən, nə də içinə çəkə bilirsən. Hətta pulla belə kiminlə isə yatsan da, bütün bunlar sünidir. Həqiqi olaraq heç kim səni qucaqlamır. H.Murakami – Əyləcsiz möcüzələr ölkəsi və dünyanın sonu

Bernar Verberin 5 dünyası – Verber 5 növ dünyanın olduğunu deyir:
1.     Real, yaşadığımız və dərk etdiyimiz dünya;
2.     Yuxuda olarkən daxil olduğumuz yuxuların dünyası;
3.     Bədii ədəbiyyatın dünyası;
4.     Filmlərin dünyası;
5.     Komyuterlərin virtual dünyası. – bütün bu beş dünya bu romanda var və bir-birilərinə paralel formadadırlar. 

Bizim hər birimizdə hər hansası sahədə yaxşı olmaq istedadı var. Problem sadəcə onu axtarıb tapmaqdır. İllərlə insanlar ora-bura qaçışaraq nə isə axtarıb tapmaq istəyirlər, amma əslindəsə özlərini daha da dərinə basdırırlar. Ona görə də hamı yaxşı ola bilmir. Çoxları özlərini hələ həyatda ola-ola basdırırlar və eləcə də qalırlar. H.Murakami – Əyləcsiz möcüzələr ölkəsi və dünyanın sonu

Nəticə - nəticə nə oldu? “Mən” və onun sərhədləri, obyekt və subyekt, şüur və şüuraltı haqqında az fikirləşməmişəm. “Nəticə nə oldu?” sualının cavabını vermək çətindir. Çünki Murakami nəticə əldə etmək üçün yazmır və mən də onu nəticələrin içində itib-batmağım üçün oxumuram. Bu romandan isə nəticə çıxarmaq olar: biz daxili dünyamızı özümüz qururuq. Biz onu qoruyub saxlaya da bilərik, itirə də bilərik. Bizlərdən hər birimiz öz daxili dünyasında yaşayır. Hər kəsdə bu dünya var və onun daxilindədir.

Özü qurub yaratdığı və elə orda da yaşayan insan necə də dahidir. H.Murakami – Əyləcsiz möcüzələr ölkəsi və dünyanın sonu



Comments

  1. Özüm də indi Murakaminin "1Q84" kitabını oxuyuram. Şərhinizdən sonra isə "möcüzələr ölkəsini" də oxumaq istədim. Elmi izahatlar isə mənim üçün mənfi bir amil deyil. Macəraları da sevirəm.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi