Müdafiəçi - Concussion - Защитник

Amerika məşhur futbolçuların növbə ilə ölümündən sarsılır. Müəmmalı ölüm dalğası heç kimə güzəştə getmir. Sirri açmaq isə gənc və istedadlı neyrocərrah, əslən nigeriyalı, amma ruhən amerikalı olan Bennet Omalunun üzərində düşüb. Sonradan aydın olur ki, heç də hamı acı həqiqətin üzə çıxmasında maraqlı deyil. Vaxtından tez sönən ömürlər, taptanan hüquqlar və inanılmaz sınaqlar...
Sən indi Amerikadasan. Özünü göstərməlisən. Əgər necə etməyi bacarmırsansa, kimisə seç və onun kimi olmağa çalış. 

Yazıya Uill Smit haqqında bəzi məqamlara toxunaraq başlamaq istərdim. Filmin ilk dəqiqələrindən biz tamamən fərqli Uillə qarşılaşırıq. Bir tərəfdən rolun tələbləri, digər tərəfdən öz sözünü deyən yaş, artıq qarşımızda tam fərqli, uşaq yaşlarımızda gördüyümüz aktyordan başqa aktyoru göstərirdi. Rolun ruhunu izləyiciyə çatdırmaqda heç vaxt heç bir problemi olmayan Uill Smiti bu dəfə də bizi öz ənənələrindən kənarda qoymur. Diqqətlə fikir verəndə Uill Smit həmişə emosional fonu kifayət qədər mürəkkəb olan rolların öhdəsindən gəlməli olduğunu görürük. 
İnsan əsgər olanda nə ilə risk etdiyini bilir. Onu yaralaya bilərlər, hətta öldürə bilərlər. İnsan futbol oynayanda bilir ki, onun qolunu və ayağını sındıra bilərlər, amma bilmir ki, ağlını, ailəsini, pulunu və həyatını itirə bilər. İnsanların bilməyə haqqı var. 
Film mahiyyəti, həm də süjeti etibari ilə "Amerika arzusu" və "Amerika ruhu" ilə sıx əlaqədədir. Olduqca maraqlıdır ki, filmdə əsl amerikaçılıq və saxtakarlıq arasında olan dissonansın şahidi oluruq. Yəni bir tərəfdən həkim Bennet Omalu timsalında Amerikanın ona pənah gətirənlərə necə imkanlar təqdim etyini və onu öz övladına çevirdiyini görürük, digər tərəfdən də kommersiya maraqlarının haqq və hüquqları və insaniyyəti necə məhv etdiyini görürük. Bu proseslər dünyanın hər tərəfindən baş verir və ABŞ da istisna deyil. Xüsusilə xoşuma gələn məqam o oldu ki, həkim Omalu, insanların bixəbərliyindən istifadə edərək pul qazanan futbol liqasına qarşı tək başına mübarizə apardı. O,  qorxsa da, peşman olsa da, sona qədər addımladı və ictimaiyyəti məlumatlandıra bildi. Üzərinə düşən missiyanı uğurla icra etmək heç də hamıya qismət olan xoşbəxtlik deyil. 
Mən uşaq olanda Nigeriyada yaşayırdım. Amerika mənim üçün cənnətdən sonra ikinci yer idi. Ora mənim üçün Allahın sevimli bəndələrini göndərdiyi yer idi. Kim istəsən ola bilərsən, nə istəsən onunla məşğul ola bilərsən. Amerikalılar Allahın bizi necə görmək istədiyinin təzahürü idilər. Mən həyatımda Amerika vətəndaşı olmaqdan çox heç nəyi həyatda belə çox istəməmişəm. Birdən-birə Mayk Vebster dəli oldu və heç kim səbəbini soruşmadı. Onlar onu ələ saldılar və təhqir etdilər. Onlar onun xəstəliyinin olmadığını deyirlər və məni basdırmaq istəyirlər. Bu təhqiraməzdir. Mən təhqir olunmuşam! 
Amerikanın həqiqi üzünü göstərən bir çox filmlər var. Amerika haqqında çox yuxarı fikirdə olan insanların bilməli olduğu bir həqiqət var: bəli, Amerika hamıya şans verir. Bəli, Amerika hamının qayğısına qalır. Bəli, Amerika sizi müdafiə edəcək, amma əgər siz onun yazılmamış qanunlarına əməl etdiyiniz sürətdə. Siz çox istedadlı həkim, iqtisadçı, müəllim, yaxud da tibb bacısı ola bilərsiniz və bizim kimi ölkələrdən fərqli olaraq yuxarıların deyil, çox çox yuxarıların maraqlarına zidd hərəkətlər edəsi olsanız, Amerika sizi cəzalandıracaq, verdiklərini əlinizdən alacaq. Həkim Bennet Omalunun vəziyyəti də məhz belədir. 

Ümumilikdə heç bir yeni süjet və ideya təqdim etməyən "Müdafiəçi" filminin mahiyyəti olduqca güclüdür. Nədənsə Nikolas Keycin "The Runner" filmnini xatırlatdı. Son dövrlər oxşar motivli filmlər çox çəkilir. Maraqlıdır, belə filmlər görəsən hansı maraqlara xidmət edir?


Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi