Pola İks - Pola X - Пола Х

Anonim olaraq yazdığı roman hitə çevrilən, zəngin və qayğısız həyat yaşayan Pyer, gözəl, sarışın xalası qızı ilə evlənməyə hazırlaşır. Yeni roman yazmağa hazırlaşan Pyer, qəflətən qəribə hadisələrin mərkəzinə düşür. Tanımadığı qız onu izləyir. Sanki, onunla əlaqə yaratmaq istəyir. Bu qəribə qızla görüşəndən sonra Pyerin bütün həyatı və taleyi dəyişir. Çünki, İzabel adlı bu qız əslində Pyerin uzun müddət bundan öncə atılan bacısıdır. Pyer bu həqiqəti öyrənəndən sonra dünya haqqında olan bütün dərketməsi alt-üst olur. Mümkünsüz kimi bilinən hərəkəti edir: anasını və zəngin və qayğısız həyatını tərk edərək, İzabellə birlikdə Parisə yola düşür. Yaşadığı cəmiyyətin əclaflıqları. saxtakarlığı və xudbinliyi haqda kitab yazmaq fikrinə düşən Pyer, inanılmaz əzablara düçar olur. Daha sonra gizli cəmiyyətdə sığınacaq tapan Pyer və İzabelin arasında olan münasibətlər getdikcə dəyişir...

Leo Karaks. "Tokio" filminin heyətində yer alan rejissorla kifayət qədər tanışam. Filmlərindən olduqca fərqli obrazlar yaradaraq xüsusi incəsənət amorfluğuna, triumfuna və incəliyinə malik obrazlar yaradan rejissorun, "Pola İks" adlı filmi ilə olan tanışlığım məndə birmənalı təəssüratlar yaratmadı. Düşünürəm ki, məhz rejissor dəst-xətti üzərimdə böyük təsirə malik oldu. İlk dəqiqələrdə darıxsam da, filmin sonlarına yaxın rebuslar içində özümü itirmişdim (başqa sözlə filmi bir qədər gec həzm edə bildim). Yaxşı ki bəzi insanlar bu dünyada bacardıqları və sevdikləri işlə məşğul olurlar. Çünki onların bəşəriyyətə deməyə sözləri var və yaxşı ki, istəklərindən çox uzaqda boğulmurlar. Halbuki, kifayət qədər çox sayda insan təbiətlərinə tamamilə yad yerdə sözlərini eşitdirmək şansından məhrumdurlar. 

Filmin üz qabığında təsvir olunan çılpaq qadın şəkli filmin erotik-pornoqrafik çalarlarına işarə etsə də, belə üz qabığının və reputasiyanın filmə qəti sürətdə uyğun olmadığını deməyi özümə borc bilirəm. Film bədbəxt sevgi və gizlədilmiş həqiqətlər haqqında kədərli hekayədir və onda olan bəzi səhnələr filmin aid olduğu janrı və kateqoriyanı dəyişmir. Çünki həmin səhnələr kifayət qədər azdır (daha da dəqiq olsaq, sadəcə 1 səhnə açıq-saçıqlığı ilə özünü göstərir).

Filmin ilk dəqiqələrində biz inanılmaz dərəcədə gözəl malikanə və təbiət görürük. Daha sonra bir-birilərinə olduqca incə münasibətlər bəsləyən qohumları müşahidə edirik. Bu məqam bizi narahat etməyə başlayır, nə isə baş verəcək xüsusi hadisələrdən xəbər verir. Fırtınadan öncəki səssizliyə bənzəyən vəziyyət. Müqayisə edəsi olsaq, filmin ilk dəqiqələrində hava bolluğu, sonlarına yaxın isə hava çatışmazlığı var. 

Yuqoslaviya qaçqını, Pyerin atılmış bacısı İzabel bütünlüklə hər şeyi dəyişdirir. O, eşidilmək və sevgi istəyir. Həqiqətlərin ünvanına çatmağı üçün çalışır, filmdə səfalətin, yoxsulluğun və bədbəxtliyin simvoludur. 

Ümumiyyətlə Pyerin şəxsiyyəti çox maraqlıdır. Yaraşıqlı və özünəinamlı gənc, cinsi orientasiya cəhətən biseksualdır. Həm qohumu Lüsi, həm də dostu Tibot ilə olan münasibətləri var. Doğrudur, filmin müəyyən epizodunda Pyerin artıq dostu ilə olan münasibətinin söndüyünü və sadəcə cılız qalıqların mövcudluğunu görürük. O, artıq daha çox Lüsiyə maraq göstərir və onunla olmağa çalışır. Dəyişən cinsi orientasiya eyni zamanda dəyişən özünüdərkin və gələcəyə baxışın göstəricisidir. İzabelin onun həyatına girməsi ilə isə Pyerin cinsi münasibətlər müstəvisində olan paradiqması bir qədər də dəyişikliyə məruz qalır. Bacısı ilə olan sevişmə səhnəsində biz Pyerin xüsusi tip cinsi meyli ilə əlaqədar faktın fərqinə vara bilərik. Bu məqamı bir çox nəzər nöqtəsindən yanaşaraq təhlil edib yoza bilsək də, Pyerin cəmiyyətə qarşı olan ani və radikal yanaşma dəyişikliyi daha maraqlıdır. Özü də dəfələrlə qeyd edir ki, içimdə formalaşan qəzəbi saxta və ikiüzlü cəmiyyətin üzərinə qusmalıyam. Bunu yazmağı planlaşdırdığı yeni kitabı vasitəsi ilə etmək istəyirdi. 

Sinələrdən ürəyi qoparıb çıxaran bir digər epizod da var - məqsədyönlü, aqressiv və güclü incəsənətlə məşğul olan gizli cəmiyyət, yaxud da sekta. Bu səhnələrdə müəmmalar çoxdur. Düşünürəm ki, yaraşıqlı, intellektual sarışın bir ingilis gəncin başçılıq etdiyi bu sekta rejissor tərəfindən insan şüuraltısının simvolu kimi istifadə olunub - gizli, naməlum, güclü və müəmmalı. Pyer dəfələrlə bu cəmiyyətin işlərinə sadəcə kənardan baxıb. Cəmiyyət öz gündəlik işlərini görməkdə davam edib: silahlı təlim-məşqlər, musiqi ifaları və zavod istehsalını xatırladan müəyyən proseslər. Nadir hallarda Pyerlə onların lideri arasında müəyyən ünisyyət olurdu və filmdə ünsiyyətin sadəcə bitmə anı təsvir olunub. Bunu şüurla şüuraltının əlaqəsi kimi də dəyərləndirmək olar. Biz gündəlik həyatımızla dünyanı müəyyən tərzdə dərk edirik, lakin şüuraltımız tamamilə başqa cür dərk edir və sadəcə dərk etməklə yetinmir, eyni zamanda nə isə planlayır, təşkil edir, cəzb edir, bir sözlə həyatımızı, taleyimizi yaradır. Bu baxımdan "Pola İks" Pyerin həm şüuraltısına, həm də şüuruna olan baxışdır. 

"Pola İks" yalanlar və həqiqət haqqında filmdir. Biz bir daha insanların acı və qəddar həqiqətdənsə, ümidləndirən yalanlara üstünlük verdiyinin şahidi oluruq. Bu düyada azan, özünü itirən obrazlar bizə xoşbəxtlik və bədbəxtlik nümunəsini göstərirlər. Onlar özləri də bilmədən nəyinsə axtarışındadırlar. Axtardıqları isə itirilmiş yaxud unudulmuş xoşbəxtlikdir. Bu labirintdən sağ çıxamaq mümkün deyil. 

Aktyorlar isə olduqca sanballı rol ifa ediblər. Olduqca razı qaldım. Jerard Depardyenin oğlu Qiy Depardye rola tam uyğun gəlib. Yekaterina Qolubevanı isə "29 Palma" filmindən tanıyırdım.

Fransız ədəbiyyatı və kinematoqrafiyası eqzistensialistik əzabları estetik incəliklə işıqlandırmaq qabiliyyətinə malikdir. Fransız ədəbiyyatına və yaxud da kinematoqrafiyasına müraciət edəndə bu məqamı xüsusilə nəzərə almaq lazımdır. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi