"Sağ qalmış", yoxsa hiperrealizm iyrəncliyi?

Beləliklə 2015-ci ilin sonlarına yaxın ilin ən səs-küylü filmini də izlədik. Hər tərəfdə ürək dolusu danışılan film haqda təəssüratlarım birmənalı deyil.
Onunla başlamaq istərdim ki, mən heç vaxt hiperrealizmi bəyənməmişəm, sevməmişəm. Hansı janra analıq etmsəindən asılı olmadan hiperrealizm izləyicilərin psixologiyasına birbaşa təsir edir və əksər hallarda bu təsir müsbət kontekstdə olmur. Stiven Spilberqin "Əsgər Raynı xilas etmək" filmini yarımçıq qoymağım məhz bu səbəbdən olmuşdu. Filmi bəyənməməyimə səbəb olan ikinci nüans Qlassın həqiqi hekayəsinin izləyiciyə çatdırılmaması oldu. Çoxlu suallar yaranır və bu suallara cavab bulanıq formada ortaya çıxır. Başqa sözlə, keçmiş real hekayə çox az işıqlandırılıb. Banal və köhnə üsullarla - sevdiklərini çətin anlarda görərək mübarizə ruhunu artıran qəhrəman - kinemaqotrafiyada keçmişlə indini əlaqələndirmək artıq bir o qədər də effektiv sayılmır. Yaraların və travmaların yüksək reallıq dərəcəsi ilə izləyiciyə təsir etməyə çalışan rejissor ifrat dərəcədə "uğurlu" nəticələr əldə edib. Filmi izləyərkən dəfələrlə nəzərlərimi sağa, sola, yuxarı və aşağı istiqamətləndirməli oldum. Bir neçə dəfə WTF? emosiyasını bütün təbiiliyi ilə ekrana yolladım, amma bir xeyri olmadı. Yaralardan, kəsiklərdən, travmalardan fışqıran qan, dərinin, əzələnin, ətin soyulmasından sonra görsənən ağappaq sümük məni gərginləşdirmişdi. Hətta belə bir nəticəyə gəldim ki, bütün bu epizodlardan çox xudbin utilitarizm qoxusu gəlir.
Digər tərəfdə də qızı Povakanı axtaran yerli aborigen qəbilə başçısı var. Avropalıların üzərinə qəfil hücum edib onları qovmaq istəyən Arilər çox qəddardırlar. Yerlilərlə olan mübarizədə iki iç-içə süjet var: şəxsi və umummilli. Povakanın axtarışı süjetin şəxsi tərəfini, filmin başlanğıc səhnəsini yaradan döyüş epizodları da süjetin ümumi sejetini əmələ gətirir.
Yekun - Di Kaprio və Vestern (klassik elementlər: Şimali Amerikanın aborigenləri və onlarla döyüşən avropalı istismarçılar) janrının azarkeşləri filmdə daha çox müsbət və cəlbedici məqamları axtarıb tapa bilərlər nəinki mən. Filmi hərarətlə şedevr adlandıranlar az deyil. Şəxsən mənim üçün isə film çox xoşagəlməz oldu. Filmi izləmədən ondan yan keçənlər çox şey itirmiş sayılmazlar. Parçalanan bədən, kəsilən barmaq, yırtılan boğaz və digər hiperrealistik elementlər filmi, yoxsa iyrəncliyi yaradır? Suala cavab vermək bir o qədər də çətin deyil.

o zaman filmə baxmağa getməməyimlə düz etmişəm))
ReplyDeleteHə Xanım, düz eləmisən. Şəxsən mən kollektivlə getmişdim, yoxsa filmin ilk 15 dəqiqəsində zaldan çıxıb getmək istəyirdim.
Delete