Ərazi - Территория

''Ərazi'' elə bir yerdir ki, orada insanlar şəxsiyyətlərinə görə sınağa çəkilirlər. ''Ərazi'' şaxtalı tundra ilə Şimal Buzlu Okeanının qovuşduğu əsrarəngiz yerdir. Rəhmsiz Rusiya şimalına meydan oxumağa hamının cəsarəti çatmaz. Geoloq İlya Çinkov ''Ərazi''-də qızıl tapmaq ideyasını reallaşdırmaq üçün sahib olduğu bütün gücünü sərf etməyə hazırdır. 

Fraqmentlərindən belə yüksək təəssürat aldığım ''Ərazi'' filmi məndə alovlu marağı yaratmağa müvəffəq olmuşdu. Televizorda müəyyən epizodlarını izlədikdən sonra dərhal başa düşdüm ki, filmi təklikdə tapıb izləməliyəm. Çünki mən hiss etdim ki, film şəxsi imkanların, gücün və sərhədlərin təhkiyəsini çatdıran gözəl ekran əsəridir və heç də banal bir şey deyil. 

Çukotkanın gözəl mənzərələri ilə start götürən film, bizə sadəcə bir qrup qızılaxtaranın hekayəsini anlatmır. Biz müxtəlif dünyagörüşlərinin, ideologiyaların, şəxsiyyətlərin bir-biriləri ilə qarşılıqlı münasibətini müşahidə edirik. Eyni zamanda biz sadəcə hekayənin axın istiqamətini eşitmirik, biz onu həm də bütün canlılığı ilə görürük, şahidi oluruq, çünki filmin əsas fəxri onun parlaq və gur epizodlara sahib olmasındadır. Çox sevindiricidir ki, 1949-1950-ci illərdə real hadisələrə və obrazlara əsaslanan Oleq Kuvayevin eyniadlı əsəri belə gözəl üslubda ekranlaşdırılıb. 

İkinci Dünya Müharibəsindən sonra SSRİ-nın iqtisadiyyatı acınacaqlı vəziyyətdədir. Hökümət də ana təbiətin qoynunda xilas yolu axtarmağa cəhd edir. Qızıl onların xilas mənbəyi ola bilər. İlya Çinkov əmindir ki, ''Ərazidə'' qızıl var. Onun varlıq əlamətlərini tapmağa müvəffəq olan geoloq intuisiyasına güvənir və özünəinamı hədsizdir. İlya Çinkovun timsalında digər obrazlar da idealların və arzunun arxasınca qaçırlar. Baklukov, Monqolov və Qurin də bu qəbildən olan insanlardandırlar. Belə insanları müşahidə etdikcə ideallarına sadiq insanların necə olduğunu görür və başa düşürük. Onları mənfi 40 dərəcə Selsidə birlikdə işləməyə, çox işləməyə və daha çox işləməyə vadar edən də məhz onların sahib olduqları ideallara qarşı olan hörmətləri və bağlılıqlarıdır. Eqoizmin olmadığı, kollektiv şüurun möhtəşəmliyi heyranedicidir. Cəmiyyət üçün faydalı iş gördüyünü tam mənasıyla dərk etməyin gözəlliyini müasir dünyamızda belə möhtəşəm ekranlaşdırmaq təqdirəlayiqdir. 

Filmin rejissoru Aleksandr Melnik filmin təqdimatı zamanı belə deyib: Film əsnasında izləyicidə bu sual yaranmalıdır - Görəsən mən də dürüstcəsinə zəhmət çəkməyi bacara bilərəmmi? Müharibəsonrası illərdə insanların əziyyətləri birə-beş artmış və sahib olduqları eyni dərəcədə azalmışdı. Ağır şərait mənlikdən imtinanı labüd etmişdi. Bəs görəsən indi belə təmənnasız ağır əziyyətin altına girməyə cəsarəti çatan insanlar varmı?

Kimlərsə belə insanları izləyib deyəcək ki, bu utopiyadır, amma belə insanların varlığı həyatı mənalı edir. Belə insanlar aramızda var olduqca nəyəsə ümid etmək olar. ''Ərazi'' daxilimizdəki suallara nəzər salmağa və cavab tapmağa yardımçı olan nadir filmlərdəndir. Müxtəlif insanlar, lakin vahid hekayə. Bəyəm bu cümlə dünyamızı ideal xarakterizə edən ideya deyilmi?





















































Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi