Bahalaşan mütaliə: mövcud vəziyyət və alternativlər

Gündəlik həyatımızda Bakı küçələri ilə gəzərkən özümü daha çox Tibetin Şaolin kahinlərinin arasında gəzdiyimin hissinə qapılıram. Hamının ağzında mantra kimi sadəcə və sadəcə "dollar" sözü var. Hamı dollar alıb satmaqdan, "qabağa düşmək"-dən və bütün bu mövzulara oxşar mövzulardan söhbət edirlər. Hal-hazırda Azərbaycan Resbuplikası kainatı dollar impulsunu ötürən coğrafi məkan kimi qeydə alınır. Hər şey dayanmadan bahalaşır, oturduğumuz yerdə halal zəhmətlə qazandığımız maaşımız dəyər itirir. Faciədir, əlavə nə demək olar?!

Hər şeyin bahalaşdığı bu dövrdə bəs görəsən mütaliə necə, özünü yeni şəraitə adaptasiya edir? Görəsən kitabların qiyməti qalxır, yoxsa sabit qalır? Mütaliənin qiyməti haqda ümumiyyətlə nə demək olar? Kitablara, oxumağa, öyrənməyə fövqəl həvəsi olan cəmiyyətimiz yəqin ki bu böhran vaxtında mütaliəsini də qənaət proqramına daxil edib, bir qədər "azaldar". 

Bu yaxınlarda "Əli və Nino" kitab mağazasında etdiyim kəşfiyyatda görürdüm ki, xarici nəşrlərin - rus, türk və ingilis dillərində olan kitabların bir çoxunda qiymət dəyişikliyindən açıq-aşkar xəbər verən yeni qiymət yapışqanları ya təmiz dəyişdirilib, ya da köhnələrin üzərindən yapışdırılıb. Kitabların birisində hətta riskə gedib altdakı köhnə qiymtələ yeni qiyməti qarşılaşdırdım və təəccüblənmədim. Qiymət dolların devalivasiya nisbəti ilə harmonik olaraq artmışdı. Bir-bir hansı kitabların nə qədər bahalaşdığı haqda məlumat verməkdə məna görmürəm, lakin Azərbaycan oxucusu üçün xarici nəşrlərin əldə olunması artıq uzun müddətdir ki, bir xeyli müşkülə çevrilib. Hələ bakalavr təhsili illərimdə tutulduğum mütaliə maniasını tam ödəyə bilmədiyim üçün, qənaət etməli olurdum. Sadəcə ən vacib hesab etdiyim kitabları alırdım və bədbəxtlikdən hamısı xarici dillərdə olurdu. Artıq uzun illərdir ki, türk, rus və ingilis dillərində olan kitabların qiymətləri əlimizi dişləyirdi və sonuncu devalivasiyadan sonra ümumiyyələ yaxın durulası olmayacaq. Yuxarıda adı çəkilən kitab mağazası bütün kitabların qiymətini dəyişməsə də, zamanla edəcəyinə şübhə etmirəm. Üstəlik bu yaxınlarda "Kitablarımızı köhnə qiymətlərlə əldə edin" yazılarını da facebook sosial şəbəkəsində gördüm. Bəlkə də bəzilərinin qiymətini artırmayıblar, amma idxal məhsulu olduğuna görə böyük ehtimal ki, qiymət artımı müşahidə olunacaq. 

Bəs yerli nəşrlər? Yerli nəşrlərin də nəşr vasitələrində müşahidə olunan qiymət artımına əsasən kitabların qiymət artmına gedəcəkləri haqda fikir söyləmək çətin deyil. Ola bilsin, bu artım xarici nəşrlərə nisbətdə bir qədər az olacaq, amma nəticə etibari ilə yenə də qiymət artımı qaçılmazdır.

Nə edək? Kitabların qiyməti artırsa kimlərin mütaliəsi azalacaq? Getdikcə rəqabət üstünlüyü qazanan elektron və səsli kitablar artıq uzun müddətdir ki, ənənəvi kağız kitabları bazardan sıxışdırıb çıxarır. 3 il bundan öncə 60 AZN-ə aldığım elektron kitab oxutdurucusu Kindle 5 ilə saysız-hesabsız kitablar və materiallar oxumuşam. Oxuduqlarım kitabların bazar qiymətləri ilə də tez-tez maraqlanıram və təxmini bir rəqəm kimi onu deyim ki, indiyə 1000 AZN-ə yaxın qənaət etmişəm. Əlbəttə səsli kitabları da bu sıraya daxil etsək rəqəm böyüyəcək. Bu o demək deyil ki, kağız kitablardan uzaqlaşmışam, ayıra bildiyim pul məbləğini isə əsasən fəlsəfə kitablarına sərf etmişəm. 

Həm yerli mağazalardan, həm də xaricdən əldə etmək şansısa malik olduğumuz elektron kitab oxutdurucuları (e-book readers) istədiyiniz kitabların elektron versiyasını, gözə zərərsiz formatda mütaliə etmənizə yardımçı olacaq. Müxtəlif saytlarda pulsuz və ya az ödənişlə tapa biləcəyiniz kitablarla da mütaliə tələbatınızı ödəyəcəksiniz. Bu məqsədlə bazarda artıq uzun illərdir ki, öz brend pozisiyasını möhkəmlədən Amazon Kindle, Pocket Book, İriver və s. markalar vardır. 

Səsli kitablar da öz növbəsində bu böhran vəziyyətində yaxşı qənaət vasitəsidir. Rus, türk və ingilis dillərində çox olan səsli kitabları müxtəlif saytlardan onlayn dinləyə, yaxud da kompüterinizə yükləyərək daha sonra telefonda dinləyə bilərsiniz. Yolla gedərkən, ictimai nəqliyyatda, yaxud da ev şəraitində istifadəsi olduqca praktikidir. 

İctimai kitabxanalar haqqında çox söz deməyəcəm. Əgər evimin yanındakı Nizami rayonu Mərkəzi Kitabxanasını bağlayıb yerinə rəqs məktəbi açırlarsa, deməli həqiqətən də kitabxanalarda qurtarmışıq artıq. 

Böhran və qeyri-böhran vaxtı həqiqi mənada mütaliə etmək istəyənlər mütləq bir yolunu tapırlar. Alternativlərdən heç biri kağız kitabın yerini verməsə də, bəzən başqa optimal çıxış yolumuz olmur. 

Bütün qiraətçilərə xoş mütaliələr! 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi